İlham Əliyev: Bizim əsas silahlarımız Rusiyadan gəlir

“Əgər onlar tərəf tuturlarsa, bu, onların işidir, lakin onda vasitəçilikdən çıxmalıdırlar”

Source: Specify Source


"Türkiyədən Azərbaycana heç bir hərbi dəstək yoxdur"

“Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq”.

Bu açıqlamanı Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində

səsləndirib

.

Dövlət başçısı bildirib ki, Türkiyədən Azərbaycana heç bir hərbi dəstək yoxdur: “Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır. Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələr göstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir. Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız Türkiyə. Çünki Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu, tamamilə qəbuledilməzdir. Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq”.

Dövlət başçısı İlham Rusiya Xarici işlər Sergey Lavrovun “Dağlıq Qarabağda təqribən iki min muzdlu döyüşür” açıqlamasına təəssüfləndiyini bildirib: “Təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib?"

"Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı var. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı, postsovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bəli, onlar o ölkələrdə yaşayan ermənilərdir, lakin bu, heç bir fərq etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olması qanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nə deyilməmişdir, amma bizim sübutlarımız var. Bizim əlimizdə pasportlar var. Bizim sübutumuz var, video var. Bunun haqqında heç nə deyilməyib. Bu, bizim tərəfimizdən qəbul edilə bilməyən selektiv bir yanaşmadır, bu, vasitəçilərin mandatına uyğun deyil. Mən dəfələrlə demişəm, vasitəçilər bitərəf olmalıdırlar. Əgər onlar tərəf tuturlarsa, bu, onların işidir, lakin onda vasitəçilikdən çıxmalıdırlar”, – ölkə başçısı bildirib.

Ana səhifəSiyasətİlham Əliyev: Bizim əsas silahlarımız Rusiyadan gəlir