İlham Əliyev: Azərbaycanda “Maydan hərəkatı” yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər (yenilənib)

“Biz bunu uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”

Source:


16.36. “Azərbaycanın maliyyə vəziyyəti sabitdir, kifayət qədər valyuta ehtiyatımız var. Biz düşünülmüş siyasət apararaq ildən ilə valyuta ehtiyatlarımızı artırırdıq, bu il də Dövlət Neft Fondunun vəsaitini qoruyuruq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.

Dövlət başçısının sözlərinə görə, vaxtilə alınmış bəzi əmlakların qiyməti düşdüyünə, xüsusilə avro, dollar məzənnələri arasında baş verən bəzi dəyişmələr elə fikir yarada bilər ki, Dövlət Neft Fondunun ehtiyatları azalıb: “Ancaq reallıqda baxanda görərik ki, Dövlət Neft Fondunun ehtiyatları azalmayıb. Çünki qiymətləndirmə və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusi ilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq. Biz bu səpgidə işləri görürük”.

Prezident İlham Əliyev bildirib ki,  Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmür: “2016-cı ildə də biz uğurla inkişaf edəcəyik. Ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməli, yeni təkliflər verilməlidir. Ən əsası odur ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazım olmayan xərclərə yol verməyən büdcə olmalıdır”.


16.05. “Biz xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir, gələn ay biz 9 ayın yekunları ilə bağlı hökumətin iclasında bunu müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, ilin sonuna qədər çox yüksək nəticələrlə ili başa vuracağıq”.


APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinə həsr edilmiş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu ilin ötən müddəti ərzində Ümumi Daxili Məhsul təxminən 6 faiz, qeyri-neft iqtisadiyyatı isə 9 faizdən çox artıb, inflyasiya çox aşağı səviyyədədir, kənd təsərrüfatı məhsullarının istehsalı 7,3 faiz, qeyri-neft sənayesi 14 faiz artıb: “Bu, böhranlı illərdə əldə edilən nailiyyətdir. Dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Çünki ilk növbədə bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, bu, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlarla bağlıdır. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir”.

Prezident xatırladıb ki, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib: “Azərbaycanın 3B səviyyəsində reytinqi var və bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir. Bu, mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdi. Halbuki çox böyük hadisədir. İndi başqa ölkələrin də kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir. Nə üçün? Əvvəllər bədxahlar, paxıllar bizim uğurlarımızı neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasilatı var, ona görə də inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür, neftin də qiyməti iki dəfədən çox düşüb, amma biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Anti-Azərbaycan, islamofob qüvvələr, müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, bizim işimizə kölgə salsınlar. Avropa Oyunları ərəfəsində, Avropa Oyunları zamanı və indi, bu gün də bizə qarşı çirkin kampaniya davam edir.  Nə üçün? Çünki biz ölkəmizi qoruyuruq, imkan vermirik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan oxusunlar. İmkan verməyəcəyik də! Bugünkü iqtisadi və siyasi mənzərə bundan ibarətdir”.


“Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı: “2011-ci ildə və 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaşanmasından söhbət açırdı. Deyirdilər ki, bu, qaçılmazdır. Azərbaycanda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üzərini açıb. Azərbaycanda “Maydan hərəkatı” yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər.  Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyon dollarlarla vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli “Beşinci kalon” vasitəsi ilə QHT adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada da bəzi dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər ”- Əliyev belə deyib.

Dövlət başçısı bildirib ki, hökumətin bir neçə gün əvvəl keçirilən iclasında gələn ilin büdcə layihəsi müzakirə edilib: “Artıq bununla bağlı mənə məruzə edildi. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir.



Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. İsrafçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək. İndi bütün ölkələr bu siyasəti aparır, biz də bu siyasəti daha ciddi şəkildə aparmalıyıq. Əvvəlki illərdə biz çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək. Məhz ona görə bəzi hallarda o qədər də prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, daha da sürətli inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi.

Bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Lakin burada köklü şəkildə dönüş yaranıb. Sosial-infrastruktur layihələrinin bir çoxunu icra etmişik. Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaranıb. İnfrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti qeyd olunmalıdır. Ona görə də gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Ən əsas məsələlər büdcədə həllini tapacaq, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, bu sahədə heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək”.



“Biz bunu uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”

“Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha ciddi forma alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu iqtisadi tənəzzülün müxtəlif obyektiv və subyektiv səbəbləri var, bu səbəbləri ekspertlər araşdırır və araşdıracaqlar: “Bizim vəzifəmiz isə ondan ibarətdir ki, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”.

Prezident İlham Əliyev bildirib ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəblərinin təhlilini aparmaq üçün kifayət qədər informasiya var: “Biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır. Yaxın Şərqdə son illər yüz minlərlə insan həlak olub. Onlar xarici müdaxilənin, qanlı toqquşmaların qurbanı olublar və bu müharibənin sonu görünmür, əksinə, yeni müharibə ocaqları yaranır, günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir, iqtisadi və siyasi böhranlar hökm sürür, qarşıdurma meylləri güclənir. Postsovet məkanı bizim qonşuluğumuzdadır. Biz bunu görürük və ictimaiyyət də yaxşı bilir ki, xarici müdaxilə öz rolunu oynayır. Bundan əziyyət çəkən də yenə günahsız insanlardır”.

Ana səhifəXəbərlərİlham Əliyev: Azərbaycanda “Maydan hərəkatı” yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər (yenilənib)