İlham Əliyev: ”Azərbaycan nümunəsi dünya üçün əhəmiyyətlidir”

“Azərbaycanda iqtisadi və demokratik islahatlar paralel aparılır”

Source:


“Azərbaycanda iqtisadi və demokratik islahatlar paralel aparılır”

“Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olub. Gördüyümüz işlərin mahiyyəti odur ki, daha güclü dövlət yaradaq ki, xalqımız rifah içində, təhlükəsiz şəraitdə yaşasın”.

APA-nın məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.



“Dünyadakı böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf edəcək”

Dövlət başçısı bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması təbii haldır: “Xalqımızın vahid amal ətrafınla birləşməsi, uğurlarımız bunu təmin edir. Baxmayaraq ki, ətraf ölkələrdə qarşıdurmalar baş verir. Belə olan halda Azərbaycan nümunəsi dünya üçün əhəmiyyətlidir və bir çox yerdə Azərbaycan təcrübəsi öyrənilir. Azərbaycan demokratiya yolu ilə sürətlə irəliləyir. Bu, bizim şüurlu seçimimizdir. İqtisadi inkişaf demokratik prosesdən kənar təmin oluna bilməz. Ona görə də Azərbaycanda iqtisadi və demokratik islahatlar paralel aparılır. Parlament seçkiləri də bunu sübut etdi, seçkilər şəffaf keçdi, Azərbaycan xalqının arzuları tam təmin edildi. Seçkinin nəticələri apardığımız siyasətə xalqımızın böyük dəstəyini ortaya qoydu. Ona görə də xalqımıza minnətdaram. Xalqımızı əmin etmək istəyirəm ki, dünyadakı böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf edəcək”.

Prezident bildirib ki, ölkə iqtisadiyyatının əsas göstəricisi qeyri-neft sənayesinin 8,4 faiz artmasıdır: “Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, bu sahədə 6,4 faiz artım olub. Çalışmalıyıq ki, böhranlı şəraitdə də iqtisadiyyatımız inkişaf etsin, 2016-cı ildə yeni iş yerləri, müəssisələr yaradılsın”




“Maaşlar, pensiyalar artırılıb, bu, sosial siyasətimizin nəticəsidir”

Dövlət başçısı qeyd edib ki, manatın məzənnəsinin sona qədər sabit saxlanılmasına çalışılıb: “Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin mili valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”.

Onun sözlərinə görə, son 12 ildə ölkədə 25 elektrik stansiyası tikilib: “2004-cü ildə demək olar ki, rayonlarda qaz yox idi. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycan üzrə qazlaşma 90 faizə çatıb, sovet dövründə qaz üzü görməyən ucqar yerlərə də qaz çəkdik. Bölgələrdə qazlaşma səviyyəsi 80 faiz təşkil edir. Son illərdə 12 min km yol çəkilib. Bizi başqa ölkələrlə birləşdirən magistral yollar qurulub. Eyni zamanda kənd yolları çəkilir, bu il də bu məqsədlə əlavə vəsait ayrılacaq. Digər tərəfdən, əhaliyə 24 saat ərzində təmiz su verilməlidir, bu istiqamətdə də işlər görülür”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda 5 minə qədər məktəb var, son 12 ildə 3 min məktəb tikilib: “Son 12 ildə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb. 89 köçkun qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Hesab edin ki, böyük bir şəhər yaratmışıq. Digər tərəfdən, ötən müddət ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib. 12 il ərzində Azərbaycana 200 milyard dollar xarici sərmayə qoyulub. Sabitlik olmasa, bu qədər xarici sərmayə Azərbaycana qoyulardımı?”

İlham Əliyev vurğulayıb ki, əgər iqtisadi müstəqillik əldə olunmasaydı, Azərbaycan asılı vəziyyətə düşəcəkdi: “Düzdür, keçən il çətin olub. Ancaq biz çətinliklə də üzləşməliyik, 1990-cı illərdən çətin vəziyyət deyil. Dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərdən tənəzzül yaşanır, biz də dünya iqtisadiyyatının bir hissəsiyik. Bizə də təsir edir, amma biz inamla inkişaf edəcəyik. Son 12 il ərzində böyük, şərəfli yol keçmişik.Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib, kosmik dövlətə çevrilmişik”.

Azərbaycanın tolerant dövlət olduğunu söyləyən prezident qeyd edib ki, Bakıda bu il BMT-nin himayəsi altında Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək: “Bizim iqtisadiyyat da sürətlə inkişaf etməyə davam edəcək”.




Özəlləşdirmə həyata keçirilməlidir

“Azərbaycanda genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir. Çünki elə müəssisələr var, 20 ildir, işləmir, ancaq nədənsə özəlləşdirməyə çıxarılmır”. Bunu da İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes-plan təqdim edilməlidir: “Biznes-plan, məsuliyyət, öhdəlik nəzərə alınmalıdır. Yoxsa elə çıxmasın ki, kimsə müəssisəni alacaq, yenə işləməyəcək. Bizə aparıcı xarici məsləhətçi şirkətlər lazımdır, çünki aparılan özəlləşdirmə şəffaf olmalı, dövlətin maraqları təmin edilməlidir”.



“Bank sektoru iqtisadiyyatın real sektorunu kreditlərlə təmin etməlidir”

“Tələbələrə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu proses təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik” – İlham Əliyev vurğulayıb.

Dövlət başçısı deyib ki, bank sektoru iqtisadiyyatın real sektorunu daha çox kreditlərlə təmin etməlidir: “Mən göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonası yaradılsın, amma bu proses zəif gedir. Bu gün konfransın davamında bu məsələ geniş müzakirə olunmalıdır. Bölgələrə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdilər. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək”.



“Bu il bütün sosial proqramlar icra olunacaq”

Dövlət başçısı bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı uğurla inkişaf edir, ancaq islahatlar aparılan zaman sosial məsələlər yaddan çıxmamalıdır: “Biz Azərbaycan xalqı üçün çalışırıq və iqtisadi inkişaf da bu məqsədə xidmət etməlidir. Azərbaycanda güclü sosial siyasət aparılır və aparılacaq”.

Prezident deyib ki, bu il regionlarda nəzərdə tutulan infrastruktur layihələr davam etdirilməlidir: “Xüsusən kənd yollarının çəkilişi diqqət mərkəzində olmalıdır”.



“Yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda 1 nəfər də olsun toxunulmaz adam yoxdur”

İlham Əliyev içməli su təminatı ilə bağlı görülən işlərdə də daxili istehsal materiallarından istifadə edildiyini vurğulayıb: “Biz bu işləri görməsəydik, idxaldan daha da asılı olacaqdıq. Biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha böyük dinamizm verə bilərik. “Biz sement istehsalı sahəsində özümüzü 92 faiz təmin edirik, qatqı və qablaşdırma ilə bağlı istehsalda 10 faiz asılılıq var. O asılılığı da aradan qaldırmalı və sementi ixrac etməliyik. Polietilen borulara tələbin 60 faizini özümüz təmin edirik. Əhənglə özümüzü tam təmin etmirik, 50 faiz təmin edirik. Yerli istehsalda 13 faiz xaricdən asılılıq var. Yerli istehsalla bağlı xarici faktorlardan asılılıqda qablaşdırma var, deməli, qablaşdırma müəssisələri tikilməlidir. Elektrotexniki avadanlıqlarla 62 faiz, kərpic istehsalında 99 faiz özümüzü təmin edirik. Beton konstruksiyalarla özümüzü tam təmin edirik. İlk növbədə özümüzü təmin etməli, ixracı artırmalıyıq. Belə olan halda istehsal qiymətlərində neftin qiymətinin düşüb-qalxmasının heç bir təsiri olmayacaq”.

Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. “ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”.

Prezident İlham Əliyev bildirib ki, yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır: “Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.



Məmurlara tövsiyə

Azərbaycan prezidenti deyib ki, Naxçıvanda avtomobil zavodu var: “Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.

İlham Əliyev sahibkarlara qarşı süni maneələrin yaradılmasını yolverilməz hesab edir: “Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər. Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur. Biz indi post-neft dövründə yaşayırıq. Ona görə də qeyri-neft sektorunun inkişafı, ixracdan asılılığın azaldılması dayanıqlı inkişafımızı təmin edəcək”.



“Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritetdir”

Dövlət başçısı bildirib ki, keçən il Kənd Təsərrüfatı ili olub: “Əslində isə hər il kənd təsərrüfatı ili kimi qəbul olunmalıdır. İlk növbədə, torpaq uçotu dəqiq aparılmalıdır. Sənəddə bir sahədir, fermer başqa ölçüdə sahədə işləyir. Düzgün uçot və sənədləşmə aparılmalıdır. Bu il bu istiqamətdə ciddi işlər görülməlidir”.

Prezident deyib ki, kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya layihələri görülüb, Taxtakörpü, Şəmkir su anbarları tikilib, Ceyranbatanda müasir təmizləmə qurğusu yaradılıb: “Beləliklə, Azərbaycanda on minlərlə hektar suvarılacaq, suvarılmalıdır. Şimal rayonlarında və Şəmkirdə tezliklə fermer təsərrüfatları yaradılmalıdır. Heyvandarlığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi təkliflər təqdim edib. Biz əvvəllər cins mallar alırdıq, yenə alınacaq. Ancaq süni mayalandırma inkişaf etdirilməlidir”.

Dövlət başçısı qeyd edib ki, bitkiçilikdə də böyük inkişaf var: “Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, bu, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan özünü 92 faiz mal əti ilə təmin edir: “Quş əti ilə 98,6 faiz özümüzü təmin edirik. Quş ətinin istehsalında son illər böyük artım var, çünki dövlət buna böyük dəstək verib. Ancaq quş ətinin istehsalında maya dəyərində xaricdən asılılıq 65 faizdir. Burada asılılıq dedikdə, qarğıdalı, soya, günəbaxandan söhbət gedir. Sahibkarlar da bunu nəzərə almalıdırlar. Özümüzü 96 faiz yumurta ilə təmin etsək də, 65 faiz maya dəyərində xaricdən asılılıq var. Süd istehsalında da yem və dərman amilindən xaricdən asılılıq var. Biz südlə özümüzü təmin etməli və ixrac da etməliyik”.

Dövlət başçısı qeyd edib ki, taxılçılıqda inkişaf var: “2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton taxıl istehsal olunub. Amma biz özümüzü 100 faiz taxılla təmin etməliyik. Taxıl istehsalında xaricdən 20 faiz asılılıq var, bu asılılıq da gübrə və dərmanla bağlıdır”.

Prezident Gübrə Zavodunun tikintisinin sürətləndirilməsinin vacibliyini də önə çəkib: “Dərman istehsalı ilə bağlı da işlər görülməlidir. Duz, şəkər və şəkər məhsulları ilə özümüzü əsasən təmin edirik. Ancaq burada 80 faiz xaricdən asılılıq var, şəkər xammalı xaricdən gəlir. Bunun üçün daha çox şəkər çuğunduru əkilməlidir. Bitki yağları və marqarinlə 67 faiz özümüzü təmin edirik, 80 faiz xaricdən asılılıq var. Burada da söhbət əsasən xammaldan gedir. Kərə yağı ilə 60 faiz özümüzü təmin edirik, 100 faiz təmin edə bilərik. Meyvə-tərəvəz şirələri ilə özümüzü təmin etsək də, 10 faiz xarici faktordan asılılıq var”.

Dövlət başçısı deyib ki, bütün bunlar inkişaf göstəriciləridir: “Sovet dövründə yağı, pendiri və digər məhsulları Rusiyadan, Ukraynadan alırdıq. İndi isə bu sahədə biz inkişaf etməkdəyik”.

“Sahibkarlığın inkişafı üçün böyük işlər görülüb. Ancaq yeni dövr yeni yanaşmalar tələb edir”

İlham Əliyev bildirib ki, sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir: “Ancaq istəyirəm, yerlərdə sahibkarlar problemləri dilə gətirsinlər ki, o problemlər həllini tapsın”.

Dövlət başçısı qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır: “Belə olmasa, ölkəmizə 100 milyard xarici investisiya qoyulmazdı. Sadəcə, indi çalışmalıyıq ki, xarici investisiya qeyri-neft sektoruna cəlb edilsin. Eyni zamanda, Azərbaycanda ixracın təşviqi mexanizmini yaradırıq. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir”.

Prezidentin sözlərinə görə, yeni iş yerlərinin yaradılmasına ehtiyac var, çünki bəzi iş yerləri bağlanır: “Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb, 1 milyon iş yeri daimidir. Digər tərəfdən, Azərbaycan əhalisi artıb, bu il Azərbaycan əhalisi 9,7 milyon nəfərdir. Əhalinin artması inkişafın əlamətidir. Əhalinin artması üstünlükdür, eyni zamanda bizi daha fəal işləməyə çağırır. Mən əhalinin artmasına sevinirəm, ancaq infrastruktur, iş yerləri də buna uyğun artmalıdır. Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.

Dövlət başçısı hesab edir ki, vergi uçotu və statistikanın düzgün aparılması da vacibdir: “Deyə bilmərəm ki, bu istiqamətdə istədiyimizə nail olmuşuq. Qüsurlar var, onlar aradan götürülməlidir və götürülür. 2016-cı il bu sahədə dönüş olmalı, maliyyə, uçot-statistika aparıcı ölkələrin səviyyəsinə uyğun olmalıdır. Biz harada nə işlər görüldüyünü, harada hansı məhsullar istehsal edildiyini dəqiq bilməliyik. Biz yerli istehsalı qorumalı, bununla bərabər inhisarçılığa yol verməməliyik. Mən daxili istehsalın artmasını, ixrac qabiliyyətli məhsulların istehsalını istəyirəm. Ancaq idxala süni maneələr qoysaq, azad rəqabət olmayacaq. İnkişaf üçün isə azad rəqabət vacibdir. İdxal qarşısında duran bütün süni maneələr aradan götürülməli, eyni zamanda daxili istehsal qorunmalıdır. Dövlət qurumları bu iki amili təmin etməyə çalışmalıdırlar”.

Prezident son 12 ildə 300 mehmanxana inşa olunduğuna diqqət çəkərək bildirib ki, ölkəyə turist axını təmin edilməlidir: “Elektron vizalar da burada önəmlidir”.

Dövlət başçısı deyib ki, turizmin inkişafı ilə bağlı xalçaçılıq da inkişaf etdirilməlidir: “Kəndlərdə şərait yaradılmalıdır ki, qadınlar xalçaçılıqla məşğul olsunlar. Bunun üçün onlar dəzgah və xammalla təmin olunmalıdır”.

Ana səhifəXəbərlərİlham Əliyev: ”Azərbaycan nümunəsi dünya üçün əhəmiyyətlidir”