İlham Əliyev atəşkəsin şərtlərini açıqladı

“Mənim şərtim birdir, çıxsınlar bizim torpaqlardan”

Source: AzTV


“Mənim şərtim birdir, çıxsınlar bizim torpaqlardan”

Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident Cəbrayıl rayonunun işğaldan azad edilməsində iştirak edən əsgər və zabitləri təbrik edib: “Onların qəhrəmanlığı və şücaəti nəticəsində bu gün doğma torpaqlarımız qayıtdı. Qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

Dövlət başçısı Cəbrayıl rayonu ilə bərabər 9 kəndin də azad olunduğunu bildirib:

“Azərbaycan Ordusu Cəbrayıl şəhərini və Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Decal kəndlərini işğaldan azad edib. Bu kəndin sakinlərinə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və digər qaçqın soydaşlarımız bilsinlər ki, onları da dədə-baba torpaqlarına qaytaracağıq, güc yoluyla”.

İlham Əliyev problemin danışıqlar yoluyla həll olunmasını istədiyini bir daha xatırladaraq bildirib ki, Azərbaycan danışıqlarda özünə mənsub olanı istəyib:

“Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma danışıqlar münaqişənin faktiki olaraq dondurulmasına gətirmişdi, yəni buna hesablanmışdı. 30 il danışıqlar gedə bilərmi? Biz bu illərdə ümidlə yaşayırdıq ki, beynəlxalq birlik məsələni həll edəcək. Dünyanın ən ali orqanı BMT Təhıükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək, bu sənədlər 27 ildir kağız üzərindədir. 27 ildə konstruktiv mövqe göstərsək də, bunun müqabilində aqressorun tamahının daha da böyüdüyünü gördük. Ardınca bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacaqlar.

Halbuki, danışıqlarda işğal olunmuş ərazilər mərhələli yollarla qaytarılması vardı. Biz də razıydıq ki, bir mərhələdə 5 rayon, ikinci mərhələdə 2 rayon qaytarılsın. Ondan sonra azərbaycanlılar Dağlıq Qarabağa, Şuşaya qayıtsınlar, ardınca iki xalq da birlikdə yaşasın, necə ki, vaxtilə belə olub. Bu, ədalətli mövqedir və bunu istəmişik. Amma gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər, yeni müharibəyə hazırlaşırlar. İyulda baş verənlər buna sübutdur. Dəfələrlə Minsk Qrupu həmsədrlərinə, digər beynəlxalq təşkilatların nümayəndələrinə demişdim ki, Ermənistana təsir edin.

Əgər güclü təsir olmasa, Ermənistan azğınlaşacaq. Mən istəyirdim ki, məsələ sülh yoluyla həll olunsun, eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən bu vəziyyətlə barışacam. Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz Şuşa tapdaq altında qalacaq və mən bununla barışacam. Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirirdi. İndi harda keçirəcək mərasimi? Yas mərasimi keçirəcək. Qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa. Ermənistan Baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edirdi, hesab edirdi ki, biz bununla barışacağıq.

Səhv edib, biz heç vaxt bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Şuşaya köçürülməsi nə deməkdir, yenə də Azərbaycan xalqını təhqir etməkdir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? Bu o deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən gələnləri bizim qədim şəhərimiz Şuşada yerləşdirib, televiziyada göstərirlər. Bununla onlar Cenevrə konvensiyasını tapdalayırlar. Bütün xarici diplomatik orqanlara bununla bağlı tapşırıq vermişəm, BMT-də, ATƏT-də, Avropa İttifaqında məsələ qaldırın ki, qanunsuz məskunlaşma cinayətdir. Minsk Qrupu bu haqda açıqlama vermədi, Avropa İttifaqı da vermədi, dedi ki, bizi maraqlandırmaz. İndi niyə əl-ayağa düşmüsünüz, nə hoqqalardan çıxırsınız? Bəzi Avropa ölkələri bizi ittiham edirlər, getsinlər güzgüyə baxsınlar, bu ittihamların heç bir əsası yoxdur”.

İlham Əliyev deyib ki, indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir: “Eyni zamanda, bu məsələyə biganə yanaşan, işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir. 27 sentyabrdan əvvəl Ermənistana demişdim ki, gəl təkbətək vuruşaq, baxaq kim kimdir, indi nə oldu?! Hər gün bir dünya liderinə zəng edir, mən heç kimə zəng etməmişəm. Amma bu, adam qalmayıb zəng etməsin, emissar göndərməsin, onların ayağına yıxılmasın. Əgər bizimlə normal danışsaydı, biz danışıqlara ümidlə yanaşardıq, amma hər addım təxribat və təhqir gördük”. Prezident Ermənistana şərtlərini də açıqlayıb: “Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki gec deyil. Bizə 7 şərt irəli sürürdü. Sən kimsən ki, şərt irəli sürürdün? İndi baxım görüm nə şərt qoyursan. Mənə olan zənglər və bunlar əsasında olan söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır. Məndən “bəs sizin şərtiniz nədir” deyə soruşurlar. Mənim şərtim birdir. Çıxsın bizim torpaqlardan. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram.

Necə ki, baza prinsilərində bu təsbit edilib. İkinci, iğal edilmiş torpaqlardan çıxacaqlar, baza prinsiplərində bu da təsbit edilib. Desin ki, Azərbaycan xalqından üzr istəyirəm. Və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt- qrafik versin. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini versin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki, indiki şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir, çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda bunun üzərində işləmək olar. Yoxsa “siz dayanın, onlara vaxt verin”, nə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplayıb bizə hücum etsinlər? Bizi belə sadəlöhv sayırlar?! Mən nə lazımdır, dedim, vəssalam! Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana və onun havadarlarına dərs olmalıdır”.

Ana səhifəSiyasətİlham Əliyev atəşkəsin şərtlərini açıqladı