Yanvarın 4-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-dən olan nümayəndə heyətini qəbul edib. Məlumata görə, görüşdə ikitərəfli münasibətlər, regional proseslər və təhlükəsizlik məsələləri müzakirə olunub.
ABŞ nümayəndə heyətinə Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, respublikaçı senator Markveyn Mallin, eləcə də Nümayəndələr Palatasının üzvləri – respublikaçı Ceyson Smit, Ronni Cekson və demokrat Cimmi Panetta daxil olub. Qonaqlar ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan–Ermənistan sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmalar münasibətilə İlham Əliyevi təbrik ediblər.
İlham Əliyev isə həmin razılaşmaları “tarixi” adlandıraraq, bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi qeyd edib. O bildirib ki, Bakı regional sülh gündəliyinin irəli aparılması istiqamətində fəaliyyətini davam etdirəcək. Prezident, həmçinin Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin formalaşmağa başladığını deyib, bu çərçivədə neft məhsullarının Ermənistana ixrac olunduğunu, eləcə də Qazaxıstan və Rusiyadan gətirilən buğdanın Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranzit edildiyini vurğulayıb. Əliyev TRIPP nəqliyyat dəhlizinin region üçün yeni imkanlar yaradacağına ümid etdiyini də söyləyib.
Görüşdə İlham Əliyev ABŞ-nin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi tənqid edərək, onun hazırkı Azərbaycan–ABŞ münasibətlərinin səviyyəsi ilə uzlaşmadığını bildirib. Prezident, Donald Tramp administrasiyası tərəfindən bu düzəlişin tətbiqinin dayandırılmasını müsbət addım kimi qiymətləndirib və Konqresin gələcəkdə onun tam ləğvi istiqamətində addımlar atacağına ümid etdiyini deyib.
Məlumatda qeyd olunur ki, tərəflər siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları və süni intellekt sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını da müzakirə ediblər. Həmçinin iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ nümayəndə heyətinin səfəri çərçivəsində müdafiə naziri Zakir Həsənov da qonaqlarla ayrıca görüş keçirib. Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan–ABŞ hərbi və hərbi-texniki əməkdaşlığının mövcud vəziyyəti, hərbi təhsil sahəsində əlaqələr və gələcək perspektivlər müzakirə olunub.
Ekspertlər deyir ki, rəsmi Bakı və Vaşinqton görüşləri müsbət əməkdaşlıq mesajları ilə təqdim etsə də, insan haqları və siyasi azadlıqlar sahəsində uzun müddətdir davam edən problemlər fonunda bu təmasların hansı real nəticələr verəcəyi sual olaraq qalır.