Hərbi qulluqçuların ailə üzvlərinə şəhidlərin ”Qızıl Ulduz” medalları təqdim edilib
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, mayın 16-da Azərbaycanın Müdafiə Nazirliyində rəhbər heyətin iştirakı ilə ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş bu hərbi qulluqçuların ailə üzvlərinə şəhidlərin “Qızıl Ulduz” medalları təqdim edilib.
Təqdimetmə mərasimində çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verərək, onların qəhərmanlığı qarşısında baş əydiyini diqqətə çatdırıb.
Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və “Qızıl Ulduz” medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.
Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova “Qızıl Ulduz” medalı və vəsiqəsi təqdim edilib.