İki yüzə yaxın incəsənət adamı Prezident Administrasiyasına müraciət edib

Foto: Dilqəm İsmayılovun facebook səhifəsi

Onlar “Bayırşəhər”dəki tarixi məhəllələrin sökülməsindən narahatdırlar

Bakının tarixi məhəllələrinin sökülmək təhlükəsi ilə üz-üzə olduğu bildirilir.

Yasamal rayonu ərazisində yeni parkın salınması məqsədilə ətraf mühitin abadlaşdırılması və köhnə tikililərin sökülməsi işlərinə başlanılacağı barədə məlumatlar yayılmaqdadır.

Növbəti söküntü işlərinin Mərkəzi Parkın davamı olaraq aparılacağı, bu layihənin Süleyman Tağızadə, Abdulla Şaiq və Nabat Aşurbəyova küçələrini əhatə edəcəyi bildirilir.

Həmçinin söküntü işlərinə keçmiş “Sovetski”nin (yaxud “Bayırşəhər”) bir sıra başqa ərazilərinin də daxil olunacağı barədə məlumatlar var.

Foto: Dilqəm İsmayılovun Facebook səhifəsindən

Məlumata görə, Nizami, Süleyman Tağızadə, Lev Tolstoy, Mirzə Fətəli Axundzadə, Rza Quliyev, Murtuza Muxtarov, Zərgərpalan, Əlövsət Quliyev, Bəşir Səfəroğlu, Molla Vəli Vidadi, Çingiz Mustafayev, Abdulla Şaiq, Səid Rüstəmov və Nabat Aşurbəyova küçələrinin əhatə etdiyi tarixi məhəllələrin sökülməsi nəzərdə tutulur.

Bu isə şəhərin tarixi mərkəzinin ayrılmaz hissəsi olan bəzi ərazilərin də plana düşməsi deməkdir. Ancaq Bakı şəhərinin 2040-cı ilə qədər təsdiq olunmuş Baş Planında tarixi mərkəzin qorunacağı vəd edilir. Sosial şəbəkələrdə isə sözügedən ərazilərdə artıq ölçmə işlərinin başlandığı, hətta bəzi sakinlərlə qiymət sövdələşmələri aparıldığı bildirilir.

Buradakı evlərin kvadratına görə 3000 və 2200 manat kompensasiya təklif olunduğu iddia edilir.

Memar Dilqəm İsmayılov Meydan TV-yə deyib ki, həmin ərazilərdə artıq məhəllələrin sökülməsinə və yerli əhalinin köçürülməsinə başlanılıb.

Memar əlavə edib ki, 2024-cü ilin avqust-sentyabr aylarından etibarən bu məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət Nazirliyinə, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına dəfələrlə məktublar ünvanlayıb.

Dilqəm İsmayılov. Foto: Şəxsi Facebook səhifəsi

“Bizə ya heç bir cavab verilməyib, ya da verilən cavablar qənaətbəxş deyil. Cavab gəlir ki, tarixi abidələr qorunacaq. Orada cəmi otuza yaxın tarixi abidə var. Yetmişə yaxın tarixi abidə də siyahıdan çıxarılıb. Yalnız Mədəniyyət Nazirliyinin siyahısında olan tarixi abidələri saxlamaq biz memarları, şəhər ictimaiyyətini qane etmir. Çünki o məhəllələr Avropa şəhərsalma strukturunda formalaşıb”.

“Həmin ərazidə yaşayan sakinlər deyirlər ki, fasad və divarları spreylərlə nömrələyirlər. İctimaiyyətə açıqlama verilmədir niyə, hansı səbəbdən divarlar nömrələnir? Konkret cavab verilmir. Bəziləri deyir ki, həmin ərazidə park olacaq. Digərləri də deyir ki, oradakı binalar hansısa məkanlara çevriləcək. Bunlar qaneedici cavablar deyil, bizim əsas istəyimiz, tələbimiz Bakının 19-cu əsrdənqalma şəhərsalma quruluşunun, məhəllə strukturunun saxlanılmasıdır”, – Dilqəm İsmayılov deyir.

Memar əlavə edib ki, iki yüzə yaxın incəsənət adamı – rəssam, memar, heykəltaraş, bəstəkar məsələ ilə bağlı Prezident Adminstrasiyasına məktub ünvanlayıb:

“Biz həmin ərazilərdə yerləşən tarixi və tarixi-memarlıq əhəmiyyətli binaların və son iki əsrdə formalaşmış tarixi məhəllələrin taleyindən narahatıq. Son illərdə aparılan şəhərsalma siyasəti çərçivəsində inşa edilmiş ticarət obyektləri, parklar yeni yol infrastrukturu yaşayış mərkəzləri şəhərin rifahının yüksəlməsinə təkan versə də, Bakının tarixi şəhər kimliyinin silir. İstəyimiz Bakının ruhunun itirilməməsi, tam əskinə, həmin məhəllələrin, küçələrin şəhər ictimaiyyətinə qaytarılmasıdır”.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlardan mövqe öyrənmək mümkün olmayıb.

Ana səhifəSosialİki yüzə yaxın incəsənət adamı Prezident Administrasiyasına müraciət edib