İlham Əliyev yeni sərəncamlar imzalayıb
Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə iki universitetin rektoru dəyişib.
Prezidentin sentyabrın 13-də imzaladığı sərəncamlarla Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov vəzifəsini itirib.
Bundan sonra onları Yaqub Piriyevlə Rüfət Əzizov əvəz edəcək.
Havar Məmmədov 2017-ci ildən Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindəydi.
Yeni rektor Yaqub Piriyev Moskva Avtomobil və Yollar İnstitutunu “Avtomobil yolları” ixtisası üzrə bitirib.
O, 1975-1977-ci və 1983-1985-ci illərdə Azərbaycanın avtomobil yolları təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Yaqub Piriyev 2014-cü ildən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini idi. O, eyni zamanda Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edirdi.
Y.Piriyev əvvəllər Memarlıq və İnşaat Universitetinin Nəqliyyat Fakültəsinin dekanı olub.
Elxan Hüseynov isə 2014-cü ildən Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsində çalışırdı.
Yeni rektor Rüfət Əzizov bu təyinatadək Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib.
Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız qəbul olub və 2003-cü ildə məzun olub. O, 2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib.
Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.