Bəziləri 30, digərləri 10 il ərzində yığdıqları pulu “Dağlar MTK”-ya ödəyərək ev almaq istəyib. Evi aldıqdan sonra məlum olub ki, mənzilin bir neçə sahibi var. 2014-cü ildə cinayət işi açılıb, MTK-nın direktoru Şahin Əliyevə 11 il həbs cəzası verilib. Amma 15 nəfər zərərçəkənə dəyən zərər 5 ildir ödənmir. Onlar pullarını ala bilmədiklərinə görə işin istintaqını aparan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qarşısına toplaşıblar.
Ev almaq istəyərkən İlqar Tağıyev 100 min, İltimas Abdullayev 191 min manat ziyana düşüb. Şikayətçilər deyir, şirkətin direktoru ümumilikdə 2 milyon manata yaxın vəsaiti mənimsəyib. Hazırda iş Ali Məhkəmədədir. Şikayətçilər tələb edirlər ki, işə sıfırdan, yenidən baxılsın.
MTK-nın təsisçisi Çingiz Rzayev bildirir ki, onun bir evin bir neçə nəfərə satılması ilə bağlı xəbəri olmayıb. Xəbəri olanda polisə müraciət edib və direktor Şahin Əliyevi saxlayıblar. Çingiz Rzayev iddia edir ki, zərərçəkənlərin heç birin tanımır və heç biri ilə ünsiyyəti olmayıb.
Şikayətçiləri Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qəbul edib. O bildirib ki, işi araşdırıb onları 19 fevralda yenidən qəbul edəcək.