İki dəfə qaçırılan azərbaycanlı qızın yaşam mücadiləsi

Üçüncü dəfə qaçırılma ehtimalı olan tələbə qızın sonraki taleyi sual altındadır

Source:

“Orta məktəbin 12-ci sinifində oxuyurdum. 17 yaşımda ilk dəfə qaçırılıdım. Ali məktəbə hazırlaşırdım, anamla birgə evə qayıdarkən yolda zorla qaçırıldım. Məni yerlə sürüyərək maşına qoydular, anamı isə döyüb yaxınlıqdakı su arxına atmışdılar”.

Hazırda Səbinənin 18 yaşlı var. (adı şərtidir) O,  bu il ikinci dəfə eyni şəxs tərəfindən zorla qaçırılıb. Hər dəfəsində ailəsi təkid etdiyi üçün geri gətirilib.  Səbinə bu yaşda başına gələnlərin əzabından hələ uzun illər qurtula bilməyəcəyini deyir. Bu azmış kimi ailəsinin və dostlarının onun üçüncü dəfə qaçırılacağı barədə narahatlıqlarını da anlayır. Lakin o, hələ də ona bu əzabları yaşadan şəxsin həbs olunması ilə bağlı söhbətlərdən qaçır. Bu haqda danışanda əlləri əsir, səsi tez-tez tutulur, gözləri dolur.


Qız qaçırılması adətdi

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonlarda gənc qızların oğurlanaraq zorla qaçırılması adət sayılır və buna evlənmək məqsədi ilə “qız qaçırmaq” deyirlər. Səbinənin  yaşadığı 75 min əhalisi olan Qardabani rayonunda da azərbaycanlılar erkən evlilik, hətta 14 yaşlı qızların qaçırılması adətini yaşatmaqdadırlar.

“Mənim ailəm də istəyirdi ki, oxuyum, ali təhsil alım, ona görə də ərə vermirdilər. Amma məni qaçıran oğlan bunu anlamır, zorla evlənmək istəyir. Bizdə qız qaçırmağa adi baxırlar, nə istədiyimizi, arzularımızı düşünən yoxdu. Ona görə də neçə gənc qızın arzuları nakam qalır”, – Səbinə deyir.


Qaçırılma səbəbindən valideynlər qızlarını məktəblərdən uzaqlaşdırırlar

Qardabani Kosalı kənd orta məktəbinin direktoru Mahmud Mehdiyev son illər məktəbli qızların qaçırılması hallarının daha da artığını deyir və əlavə edir ki, bu səbədən valideynlər də övladlarını qorumaq üçün məktəbdən ayırmalı olur:

“Yuxarı siniflərdə qız uşaqlarının sayı getdikcə azalır. Hələ də 14-15 yaşlı qızların zorla qaçırılması halları olduğuna görə, valideynlər uşaqlarını təhsildən uzaqlaşdırmağa məcbur qalırlar. Nəticədə kəndlərdə qızların təhsil alması problemə çevrilib”.

Artıq bir neçə həftədir Gürcüstan Təhsil Nazirliyi kəndlərdə “mandatur xidməti” tətbiq edib. Burda məqsəd həm davranış məsələlərinin, həm də məktəbə gələn kənar şəxslərin yoxlanmasıdır. “Xüsusi geyimdə olan şəxslər səhər saat 08:00-dan 16-00-a kimi məktəblilərin təhlükəsizliyini təmin edirlər”,-deyir Mahmud Mehdiyev.

Tbilisi Tibb Universitetinə yüksək balla qəbul olan Səbinənin isə təhsil arzusu  ona baha başa gəlib, bu il düz iki dəfə qaçırılaraq, şiddətə, zorakılığa məruz qalıb. Səbinənin adının açıqlanmasını istəmədiyi qrup yoldaşı deyr ki, onu ikinci dəfə Tbilisidə kirayə yaşadığı evin blokundan qaçırdıblar:

“Arxadan kimsə Səbinənin  yaş dəsmallı burnundan tutub. Üç nəfər olduqlarını deyir. Dörd gün Qarcalar kəndində saxlayıb, sonra vəhhabi dolu maşın karvanı ilə onu Qardabani polis bölməsinə gətiriblər. Məqsədləri ona zorla ərizə yazdırmaq olub. Çünki həmin vaxt Tbilisidə etirazlara hər kəs qoşuldu. Səbinə həmin ərizədə bildirməliymiş ki, guya özü qaçıb. Həmin vaxt vəkili cəld tərpənib onu idarənin başqa qapısından çıxartmasaydı, qız qorxudan o ərizəni yazacaqdı və sonra da saqqalı insanların yanına düşüb gedəcəkdi”.


Səbinə necə qurbana çevrilib?

Səbinə deyir ki, hər şey onun əmisi oğlunun onu qaçırdan şəxsin 15 yaşlı qız qohumunu qaçırtması ilə başlayıb. Həmin vaxt ailələr arasında razılıq əldə edilib və onların toyu olub. Lakin Səbinəni qaçıran Adil (adı şərtidir)  yoldaşlarına deyib ki, həmin nəsildən bunun heyfini alacaq və ən gözəl qızlarını qaçırdacaq. O qurbanlıq qız isə Səbinə olub:

“İlk dəfə qaçırılanda mənə dedilər ki, əgər polisə şikayət etsən sənin əmin oğlunnu da həbs edəcəklər. Mən də ailəmdən şikayət etməmələrini istədim”,-deyə Səbinə  bildirir.

İkinci şikayəti isə hazırda Səbinənin özü etməli olsa da, bununla bağlı sualları cavablamaq istəmədiyini bildirir.


Günahkar kimdir?

Qardabani Polis İdarəsindən verilən məlumata görə, 2015-ci ilin son 9 ayında qız qaçırma ilə bağlı quruma 20-dən çox şikayət daxil olsa da, yalnız 2-si üzrə cinayət işi aparılaraq, günahkarlar cəzalandırılıb. Digər şikayətlər sonradan geri götürülüb. “Səbinənin qaçırılmasına gəlincə, o, artıq 18 yaşında olduğundan özü şikayət etməli və birinci izahatını dəyişməlidir. Əks halda hadisəni törədənlər bu dəfə də cəzasız qalacaq”-Qardabani Polis bölməsindən verilən məlumatda bildirirlir.

“Səbinənin  belə bir tale yaşamasının səbəbi bizim cəmiyyətdə hələ də gənc qızları zorla qaçıranların cəzasız qalmasıdır”- deyir anası. Onun sözlərinə görə, valideynlərin əksəriyyəti cəmiyyətin qınağından çəkindiyi üçün polisə müraciət etmir və ya sonradan şikayətlərini geri götürməli olurlar:

“Qızını geri alıb gələndən sonra da səsə-küyə salmırlar, şikayətçi olmurlar ki, uşaqlarının adına ləkə gəlməsin. “Eldən ayıbdır” deyirlər. Nəyə görə eldən ayıb olmalıdır? Mənim uşağımı zorla ailə qurmağa məcbur edirlər. Kimdənsə heyif alacaqlar deyə qızım qurbana çevrilib. Onunla belə vəhşiliklə ailə qurmağa çalışan sabah onunla necə davranacaq?”


Gürcüstan qanunlarına görə, zorla qız qaçırmaq 7 ildən-10 ilə kimi  həbs deməkdir.

Gürcüstan qanunvericiliyinə əsasən, qızların nigah yaşı 18-dir. Lakin valideynlərin razılığı ilə bu yaş 16-ya kimi endirilə bilir. Cinayət Məcəlləsinin 143-cü maddəsində zorla qız qaçırılma adam oğurluğu kimi təsbit olunur və 7-ildən 10 ilə kimi azadlıqdan məhrumetmə cəzası müəyyən edilir.

Səbinənin ötən ay qaçırılması isə Gürcüstanda böyük səs-küyə səbəb olub. Gürcüstan mətbuatında onun oğurlanaraq qaçırılması barədə elanlar verilib. Kənd camaatı bununla bağlı aksiya keçirərək, qızın sağ-salamat geri qaytarılmasını tələb ediblər.


Həmin kəndin sakini və iki oğul anası olan Məhbubə Zeynalova deyir ki, belə bir cəmiyyətdə böyüyən qızı olmadığı üçün şanslıdır. O düşünür ki, mövcud qanunlar kifayət qədər sərt deyil və bu səbəbdən də qız qaçırılma halları azalmaqdan, getdikcə artır:

“Yaxşı olardı ki, polis valideynlərin şikayəti oldu-olmadı qız qaçıranları cəzalandırsın. Valideynlərin çoxu düşmənçilik, münaqişə olmasın deyə şikayət etmir. Gənc yaşında bu qədər qızları götürüb qaçırırlar, yazıq deyil valideynlər?”

Tbilisidəki BMT-nin qadınlara hüquqi yardım klinikasının əməkdaşı Muradaxan Hüseynov hesab edir ki, azərbaycanlılar yaşayan kəndlərdə erkən yaşda qızların qaçırılmasının digər bir səbəbi də kasıblıq və savadsızlıqdır:

“Polis və digər dövlət orqanları millətlər arasında narazılıqdan uzaq olmaq üçün bu məsələyə qarışmaq istəmir. Azərbaycan milli mentalitetini də nəzərə almamaq olmaz. Qız ailələri qaçırılma hallarında qonum-qonşunun qınaq obyekti olmaqdan çəkinir. Beş ailədən yalnız biri polisə şikayət edir. Eşidib gedəndə də valideynlər inkar edir”.

Səbinə hələlik dərslərinə bir neçə günlük ara versə də, davam etməyə başlayıb. Deyir, yaşadığı depressiya hələ onu uzun zaman yoldaşlarından uzaq gəzməyə təhrik edir. Çünki hər kəs ondan Adilin cəzalandırılmasını gözləyir. O isə hələ də dörd günün “əsirliyində” həyatına davam etməyə çalışmaqdadır.

Ana səhifəXəbərlərİki dəfə qaçırılan azərbaycanlı qızın yaşam mücadiləsi