İdmançı: Şirkət hərrac yoluyla aldığım yeri mənimsəyib

Şəhərin mərkəzində məşğələ zalı açmaq istəyən Fuad Abdullayev başına gələnlərdən danışır

Source:
Fuad Abdullayev
Fuad Abdullayev


Şəhərin mərkəzində məşğələ zalı açmaq istəyən Fuad Abdullayev başına gələnlərdən danışır

“Əlimdə alqı-satqı müqaviləsi vardı, Çıxarışı da bir-birinin ardınca düşən bayram günlərinə görə ala bilmirdim. Mən Çıxarışı alınca binanı söküb qoydular yerə… Söküntüdən bir neçə gün sonra Çıxarışı əldə edib getdim ki, buyurun… Yerimi sökmüsünüz, yaxşı eləmisiniz, indi gəlin, danışaq. Halbuki, sökməmişdən danışmalıydıq. Çünki alqı-satqı müqaviləsi artıq hüquqi sənəd idi və hər şeyi həll edirdi. Dedilər, gecikmisən, Çıxarışı vaxtında gətirəydin…”

Fuad Abdullayev idmançıdır. Bir neçə ay əvvəl boks məşğələ zalı açmaq qərarına gəlib. Bu ilin aprelində Əmlak Komistəsinin hərraca çıxardığı, Səməd Vurğun küçəsindəki 69 saylı 7 mərtəbəli binadakı yarımzirzəmini 50 min manat ödəməklə alıb. Təzə bazardan bir tin aşağıda yerləşən bu binanın 80 kvadratmetrlik sahəsi olan yarımzirzəmisində həm rinq otağı, həm də məşğələ yeri yaratmaq istəyib. Ancaq ərazidəki binaları sökən bir şirkət Fuad Abdullayevin arzusunu gözündə qoyub. Bu barədə o, Meydan TV-yə danışıb.

Çıxarışı apardım, dedilər, gecikmisən

“Yeri alanda gördüm ki, “Pilot-İnşaat A” MMC “Kubinka” tərəfdən sökə-sökə binaya yaxınlaşır. Mayda gəlib bizim binaya çatdı. Gördüm binanın üzlüklərini qaşıyırlar, baxmayaraq ki, binada hələ yaşayış vardı, adamların bir qismi çıxmaq istəmirdi. Adamlara hər gün müxtəlif yollarla təzyiqlər göstərilirdi ki, evlərindən çıxsınlar. Xüsusi adamlar gətirirdilər, binaya buraxırdılar, həmin adamlar da ailələri narahat edirdilər, bezdirirdilər. Hər gün narazılıq, səs-küy qalxırdı. Baxdım ki, vəziyyət yaxşı deyil, bunlar heç kimin göz yaşına baxmır, söküb dağıdırlar. Getdim Əmlak Komitəsinə, dedim, mənə hərrac yoluyla satdığınız yeri şirkət sökür. Dedilər, narahat olma, sən o yerin mülkiyyətçisisən. Sökəcəklər, yeni bina tikiləndə 80 kvadratmetrlik yerinin üstündə 20-30 kvadratmetr əlavə də sənə yer verəcəklər, qanun var, qayda var, Nazirlər Kabinetinin qərarları var… Mən də alqı-satqı müqaviləsini götürüb getdim ofislərinə, dedim, binanın yarımzirzəmi sahəsi mənimdir, bu da sənədim… Baxdılar, dedilər, get, Çıxarış gətir. Bildirdim ki, Çıxarışım da hazırdır, bayramlarla əlaqədar qeyri-iş günləri olduğuna görə BTİ-dən götürə bilmirəm. Ancaq alqı-satqı müqaviləsi olan yerdə heç Çıxarışa ehtiyac qalmır. Dedilər, mütləq Çıxarış olmalıdır. İyunun 21-də binanı sökməyə başladılar. İyulun əvvəlində Çıxarışı aldım, apardım, dedim, alqı-satqı müqaviləsi azlıq elədi, buyurun, bu da Çıxarış… İndi gəlin söhbət edək, siz mənə məxsus yeri sökmüsünüz. Dedilər, gecikmisən, vaxtında gətirəydin, söküldü, getdi”, – Fuad Abdullayev danışır.

Məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar

Mübahisələrdən sonra Fuad Abdullayevə bildiriblər ki, bir az gözləsin, məsələ yoluna qoyulacaq. Ancaq Fuad Abdullayev görəndə ki, şirkət sadəcə vaxtı uzadır və məsələni onun xeyrinə yoluna qoymaq fikri yoxdur, bu dəfə şirkətin ofisinə TV-lərdən birinin çəkiliş qrupuyla gedib. Onu və çəkiliş qrupunu ofisdən çölə çıxararaq qapını bağlayıblar. Bir neçə gün sonra isə Fuad Abdullayevi Bakı Şəhər Baş Polis İdarəsinə çağırıblar:

“İdarədə məlum oldu ki, mən ofisə gedəndən bir gün sonra şirkətin sahibi Daxili İşlər Nazirliyinə məndən şikayət edib ki, guya işçiləri hədələmişəm, buna görə də onlar işə gəlməyə qorxur. Mən də başıma gələnləri danışdım, təklif elədim ki, ofisin otaqlarındakı müşahidə kameraları araşdırılsın. Hərrac yoluyla aldığım sənədli-sübutlu yerimi əlimdən almaqları bəs eləmir, hələ mənə böhtan da atırlar. İdarədə dedilər, boş ver, çıx get”.

Ancaq Fuad Abdullayev boş verməyib, şirkət sahibiylə bağlı sonuncunun yaşadığı ərazi üzrə məhkəməyə ərizəylə müraciət edib. Məhkəməyə yazdığı ərizəsində şirkət rəhbərliyi tərəfindən ona böhtan atıldığını iddia edib. Ancaq Binəqədi Rayon Məhkəməsi ərizəni özünə qaytarıb və bildirib ki, o, hadisənin baş verdiyi ərazi üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir.

Şirkət vətəndaşı və dövlət qurumlarımı məhkəməyə verib

“Pilot-İnşaat A” MMC-dən Meydan TV-yə bildirilib ki, Dövlət Əmlak Komitəsinin hüquqi ünvanına uyğun olaraq, şirkət mübahisəli məsələ ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edib və iddası təmin olunub, bununla da məsələyə hüquqi qiyməti verilib.

Xətai Rayon Məhkəməsində şirkətin Dövlət Əmlak Komitəsinə, həm Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə, həm də Fuad Abdullayevə qarşı iddiasına hakim Namidar Misirzadənin sədrliyi ilə baxılıb. Şirkət məhkəmədən Fuad Abdullayevə verilmiş Çıxarışın, Texniki Pasportun, həmin sənədlərin verilməsinə səbəb olmuş digər sənədlərin ləğv olunmasını xahiş edib. İddia belə əsaslandırılıb ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən aparılan abadlıq-quruculuq işləriylə əlaqədar olaraq Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə mübahisəli sahə icarə əsasında onun istifadəsinə verilib. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin söküntüsü də bu şirkətə həvalə olunub. Həmin tikililər arasında Səməd Vurğun küçəsindəki 69 saylı bina da var. Bütün yaşayış və qeyri-yaşayış sahələrininin mülkiyyətçiləri ilə ikitərəfli müqavilələr bağlanıb. Ancaq həmin binanın mülkiyyətçilər arasında Fuad Abdullayev olmayıb. Eləcə də, bu tikili istifadə hüququ ilə “Pilot-İnşaat A” MMC-yə məxsus olduğu üçün oradakı hər hansı qeyri-yaşayış sahəsinin hərraca çıxarılmasıyla bağlı şirkətə heç bir bildiriş, təklif daxil olmayıb. Ümumiyyətlə, şirkət bu barədə məlumatlandırılmayıb. Şirkət həmçinin iddia edib ki, həmin bina kooperativ bina olub, S.Dadaşov adına Mənzil-Tikinti Kooperativinə məxsusdur. Fuad Abdullayev kooperativin üzvü olmayıb. Mənzil-Tikinti Kooperativinə onun əmlakının hərraca çıxarılması barədə heç bir bildiriş verilməyib, hər hansı formada razılıq alınmayıb. Mənzil-Tikinti Kooperativi ilə “Pilot-İnşaat A” MMC arasında razılaşmaya əsasən, binadakı bütün yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı hər hansı dəyişiklilər olduqda, dərhal MMC-yə bildirilməli idi. Beləliklə də, Dövlət Əmlak Komitəsi S.Dadaşov adına Mənzil-Tikinti Kooperativinə məxsus əmlakı Kooperativə və MMC-yə məlumat vermədən, əmlakı birinci iddiaçıya təklif etmədən Fuad Abdullayevə satıb. Faktiki mövcud olmayan əmlakı qeyri-qanuni hərraca çıxarıb. Fuad Abdullayevsə binanın sökülməsini bilə-bilə mövcud olmayan əmlakı əsassız varlanma, gəlir əldə etmək məqsədilə alıb. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi də mövcud olmayan sahəyə görə ona Texniki Pasport və Çıxarış verib. Ona görə də Çıxarış və Pasport ertibarsız hesab olunaraq ləğv edilməlidir.

Şirkətin iddiası əsassız idi

Əmlak Məsələləri Dövlət Komirəsinin nümayəndəsi Natiq Salayev iddiaya etiraz edərək təmin olunmamasını xahiş edib.

Fuad Abdullayevsə iddiaları qəbul etməyib. Məhkəmədə bildirib ki, əmlak ona satılarkən mövcud olub. Hətta təmirli, işığı, suyu da işlək vəziyyətdə olub. “Pilot-İnşaat A” MMC həmin binadakı qeyri-yaşayış sahələrinin sahiblərinə hər kvadratmetrinə görə 6500-7000 manat ödədiyi halda, ona kompensasiya ödəməmək üçün Çıxarışı bəhanə edib. Halbuki, bunun üçün alqı-satqı müqaviləsi də yetərli idi.

Xətai Rayon Məhkəməsi MMC-nın iddiasını təmin edib. Məhkəmə hesab edib ki, mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsindəki yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisi üçün icarə əsasında iddiaçının istifadəsində olub. Həmçinin tikili sökülmüş vəziyyətdə olub. Buna baxmayaraq, Əmlak Komitəsi qanunvericiliyin tələblərini kobud sürətdə pozmaqla, həmin əmlakı yüz faiz dəyəri ödənilməklə ona təklif etməyib və hərraca çıxararaq Fuad Abdullayevə satıb.

Məhkəmə qətnaməsində həm də göstərilib ki, Fuad Abdullayevə hərrac yolu ilə satılmış sahə qeyri-yaşayış sahəsi kimi göstərilsə də, əslində binanın zirzəmisi olub.

Fuad Abdullayevin bir neçə ay əvvəl Nəsimi Rayon Məhkəməsində şirkətə qarşı qaldırdığı kompensasiya iddiası da başqa məhkəmədə qarşı tərəfin iddiasına baxıldığı üçün geri qaytarılıb.

Dövlət Əmlak Komitəsindən bildirilib ki, qurum Xətai Rayon Məhkəməsinin çıxardığı Qətnamədən apelyasiya şikayəti verib.

Eyni zamanda, Fuad Abdullayev də Qətnamədən apelyasiya şikayəti verib.

45719
Ana səhifəXəbərlərİdmançı: Şirkət hərrac yoluyla aldığım yeri mənimsəyib