“İdman ölkəsi” haqda nağıl

Azərbaycan 25 il sonra qızıl medalsız qaldı

Source: olympic.az


Azərbaycan 25 il sonra qızıl medalsız qaldı

Nəhayət, Yaponiyada təşkil olunan Yay Olimpiya Oyunları başa çatdı. İyulun 23-də start götürən, avqustun 8-də yekunlaşan olimpiadada Azərbaycan 44 idmançı ilə təmsil olundu. Koronavirusa görə bir il təxirə salınan olimpiadanı Azərbaycan üçün uğurlu saymaq olarmı? Bu barədə bir az sonra.


Ən yaxşılar – ABŞ və Çin

Tokio-2020-də 339 dəst medala 93 ölkənin idmançıları yiyələniblər. Ümumi sıralamada ABŞ yığması 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) birinci olub. 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin olimpiadanı 2-ci pillədə başa vurub. Medal əyarında 3-cü yeri 27 “qızıl”, 14 “gümüş” və 17 “bürünc”lə Yaponiya, medal sayında isə Rusiya Olimpiya Komitəsi (70 medal) tutub.

Hesabında 2 qızıl, 2 gümüş və 9 bürünc medal olan Türkiyə isə sıralamada 35-ci yerdə qərarlaşıb.

Azərbaycan yığması Tokio-2020-ni qızıl medalsız bitirib. Yay Olimpiya Oyunlarında 3 gümüş və və 4 bürünc medal qazanan Azərbaycan planetin ən böyük idman yarışını 67-ci sırada tamamlayıb.


Günahkar koronavirusdur?

Azərbaycanı təmsil edən idmançıların Tokio-2020-ni 3 gümüş, 4 bürünc medalla başa vurmasına münasibət birmənalı deyil. Kimisinə görə koronavirus səbəbindən son bir ildə istənilən səviyyədə hazırlıq keçə bilməyən idmançıların olimpiadadan 7 medalla qayıtması uğur, kimisinə görə isə uğursuzluqdur.

Koronavirus pandemiyası belə desək, Azərbaycana özəl deyil, bütün planet, bütün ölkələr bu “çağırılmamış qonağ“ın sərt üzünü gördü, ağrısını, təsirini hiss etdi. Yəni sırf pandemiyaya görə 3 gümüş, 4 bürünc medala “şükür” demək, yüngül ifadə etsək, doğru yanaşma deyil. Bu, bəhanədir! Bəli, sadəcə, bəhanə. Tokio-2020-dən əvvəl qızıl medal qazanılacağına ən çox ümid edilən idman növlərindən biri cüdo idi. Azərbaycanın cüdo millisi başqa idman növləri üzrə yığma komandalara baxanda daha çox, həm də daha yaxşı hazırlıq keçmişdi. Ancaq nəticə nə oldu? Vur-tut, cəmi-cümlətanı bir medal, o da bürünc, onu da qazanan ukraynalı xanım İrina Kindzerska. Əli, Vəli, Məmməd, Əhməd, Tükəzban, Leyla yox ha, Ukraynanın yetişdirdiyi İrina. Bunda koronavirusun nə suçu var, bəylər və xanımlar? Bəlkə, özümüzü arsızlığa qoyaq, cüdoda, güləşdə, boksda kubalılara, iranlılara, ukraynalılara, ruslara, bolqarlara Azərbaycan pasportu verib, onları milliləşdirməyimizin səbəbini, günahını da koronavirusun üstünə yıxaq? Bir az ağıl, bir az vicdan…

İrina Kindzerska
İrina Kindzerska


“İdman ölkəsi” haqda nağıl

Elə idman növləri var ki, Azərbaycan, bu ölkənin insanları üçün doğma deyil. Məsələn, basketbol, badminton, çəkicatma, triatlon… Bu cür idman növlərində heç kim Azərbaycanı təmsil edən idmançılardan qızıl medal da tələb etmir. Hərçənd, federasiyalar xeyli sayda əcnəbini bizə doğma olmayan idman növləri üzrə də milliləşdiriblər, onlar üçün böyük pullar xərclənib və olimpiadalarda medal tələb etmək haqqımız var. Amma olsun, bundan daha böyük, ağır dərdləri var Azərbaycan idmanının.

Ən son 25 il əvvəl, 1996-cı ildə Azərbaycan olimpiadanı qızıl medalsız başa vurmuşdu. Həmin vaxt yeganə medalı sərbəst güləşçi Namiq Abdullayev qazanmışdı ki, o da gümüş medal idi. 25 il sonra, neftlə, qazla zəngin, özünü bəh-bəhlə idman ölkəsi sayan Azərbaycan olimpiadanı olimpiya çempionu olmadan, qızıl medalsız tərk edirsə, bu, sorğulanmalıdır. Yaponiyada təşkil olunan Yay Olimpiya Oyunlarına göndərdiyin 44 idmançıdan 20-si legionerdirsə, başqa ölkələrin yetişdirdikləridirsə, buna görə hesab sorulmalıdır, cavab verilməlidir.

İllərdir Azərbaycanın idman ölkəsi olduğu haqda təbliğat aparılır, nəğmələr bəstələnir, şeirlər yazılır, filmlər çəkilir. Deyək ki, futbolu anladıq, ya vəlvələdən, ya zəlzələdən, Azərbaycanda yüksək səviyyəli futbolçu yetişmir, bu idman növünə cavabdeh federasiya da braziliyalıları, rusları, ukraynalıları, afrikalılıarı milliləşdirib, toplumla top-top oynayır, ələ salır. Bəs güləş? Bəs cüdo? Bəs boks? Bunlar ki, fərdi idman növləridir və bizə yaxındır, doğmadır. Biz güləşə, rinqə çıxıb döyüşə də bilmiriksə, gedib Zelim Kotsoyevi, Lorenso Sotomayoru, Loren Alfonso Domingesi, Uşanqi Kokaurini, İrina Kindzerskanı, Elis Manolovanı gətirib, “gəlin bizim üçün güləşin, döyüşün” deyiriksə, onda Azərbaycanın harası idman ölkəsidir? Bəlkə, Azərbaycan idmana yatırılan pulların rahatlıqla oğurlana, yeyilə biləcəyi ölkədir? Bu, daha məntiqli deyilmi?

Azərbaycan idman ölkəsi imiş… Artıq bu nağılda şirinlik də qalmadı.

Ana səhifəXəbərlər“İdman ölkəsi” haqda nağıl