Bakıda həbs edilənlərin sayı da regiondakılardan çoxdur
Azərbaycanda 2020-2021-ci illərdə 88 nəfər siyasi motivlər əsasında inzibati qaydada həbs edilib. Həmin həbslərin 58-i 2020-ci ildə, 30-u isə 2021-ci ildə baş verib.
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Azərbaycanda siyasi motivli inzibati həbslərin monitorinqi (2020-2021)” adlı hesabatında belə deyilir.
Həbs edilənlər hansı partiyaların üzvləri olub?
Partiyalar üzrə statistikaya gəlincə, hesabatda bildirilir ki, həbs edilənlərdən 57 nəfər AXCP üzvü, 3 nəfər ADR üzvü, 2 nəfər NİDA Vətəndaş Hərəkatından, 2 nəfər Müsavat Partiyasının üzvü, 8 nəfər ictimai fəal, 6 nəfər müxtəlif media orqanlarından olan və ya müstəqil fəaliyyət göstərən jurnalistlər olub. Eyni zamanda, 9 nəfər dini qurum mənsubu və dindar şəxslər, 2 nəfər isə digər kateqoriyalardan olan insanlar həbs edilib.
Həbs edilənlərin yaşadığı ərazilər
IDI qeyd edir ki, həmin illər ərzində Bakı şəhəri və Abşeron üzrə 60 nəfərin, regionlar üzrə isə 25 nəfərin siyasi motivli inzibati həbs edildiyi məlum olub. 3 nəfərin isə hansı ərazidə yaşadığını təyin etmək mümkün olmayıb:
“Sözügedən illərdə siyasi motivli inzibati həbs edilənlərin maksimum həbs müddəti 60 gün, minimum isə 5 gün olub. Əksəriyyət 30 günlük həbslə cəzalandırılıb”.
Sənəd hazırlanarkən
IDI bildirir ki, hesabat İnzibati Xətalar Məcəlləsinin (İXM) şərhinə, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq və regional konvensiyalara, yerli və beynəlxalq təşkilatların hesabatlarına əsaslanıb:
“Həmçinin sənəd hazırlanarkən media monitorinqi metodundan da istifadə edilib. Müxtəlif partiyalar və hərəkat üzvləri ilə əlaqə saxlanılıb, onlardan birbaşa informasiya alınıb: Neçə üzvləri həbs edilib, onlara hansı cəzalar verilib və s. öyrənilib”.
Sənəd müəllifləri qeyd edirlər ki, inzibati həbslər azadlıq hüququnun məhdudiyyəti kimi beynəlxalq sənədlərlə və yerli qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası baxımından isə ən mühüm sənəd Avropa İnsan Hüquqları Konvensiyasıdır:
“Konvensiyanın 5-ci maddəsi azadlıq və şəxsi toxunulmazlıq hüququnu nəzərdə tutur. Qanunla müəyyən olunmuş konkret hallardan başqa heç kim azadlıqdan məhrum edilə bilməz. Avropa Konvensiyası yeganə beynəlxalq anlaşmadır ki, azadlığın hansı hallarda məhdudlaşdırıla biləcəyinin dəqiq siyahısını verib və bu siyahıda nəzərdə tutulan hallardan başqa, azadlıq hüququnun məhdudlaşdırılması Konvensiyanın pozuntusu kimi qiymətləndirilir”.
“Azərbaycanda inzibati həbslər geniş yayılıb”
Sənəddə bildirilir ki, qanunvericilkdə müstəsna hallarda tətbiq edilməsinin nəzərdə tutulmasına baxmayaraq, Azərbaycanda inzibati həbslərin geniş yayılması və kütləvi tətbiq edilməsi bu mövzuda hesabatın hazırlanmasının vacibliyini ortaya çıxarıb.
“İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, İXM-in 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Lakin praktikada ən çox pozulan norma, istisna halların olmamasına baxmayaraq, inzibati tutma müddətinin 3 saatdan artıq çox olmaması normasının pozulmasıdır”.
Hesabat müəllifləri inzibati qaydada həbs edilənlərin dəqiq statistikasını əldə edə bilməyib.
Lakin Ədliyyə Nazirliyinin 2021-ci il üçün verdiyi məlumata əsasən qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5700-dək şəxs inzibati məsuliyyətə cəlb edilib. O cümlədən 3.300-dən çox nəfər inzibati qaydada həbs olunub.
Görülmüş məcburi icra tədbirləri nəticəsində aliment, pul tələbi və digər ödəmələr üzrə məhkəmə qərarlarını icra etmiş 2600-dən artıq borclunun üzərindən ölkəni tərk etmək məhdudiyyəti götürülüb.
“Pandemiya zamanı inzibati qaydada həyata keçirilmiş həbslər daha çox olsa da, bununla bağlı vahid statistika yoxdur. İnzibati həbslərin nə qədərinin siyasi motivli olduğu ilə bağlı da dəqiq məlumat əldə etmək mümkün deyil. Bu istiqamətdə hər hansı ümumiləşdirilmiş statistika açıqlanmır. Lakin siyasi partiya və hərəkat üzvlərinin verdiyi məlumatlara nəzər salsaq, aydın şəkildə görə bilərik ki, inzibati həbslərin altında başqa maraqlar yatır”, – monitorinq nəticəsində qərara gəlinib.
Hesabatdakı məlumatların reallığı
IDI bildirir ki, hesabatdakı məlumatların reallığı tam əks etdirdiyini iddia etmək mümkün deyil. Çünki bütün inzibati həbslərin, o cümlədən də siyasi motivli inzibati həbslərin dəqiq statistikasını əldə etmək mövcud datalarla mümkünsüz görünür:
“Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, fəallar ictimai və siyasi fəaliyyətlərinə görə inzibati həbsə məruz qalırlar. Bu inzibati həbslər əsasən ifadə və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq, insanların öz fikirlərini, xüsusilə də pandemiya zamanı dövlət qurumlarının fəaliyyətinə dair tənqidlərini bölüşməkdən çəkindirmək xarakteri daşıyıb”.
Həbslər xüsusilə də İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin qanuni əmrinə qəsdən tabe olmamaq) və 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrindən siyasi təzyiq vasitəsi kimi istifadə olunduğu müəyyən edilib.
“Avropa Şurası Nazirlər Komitəsinin 2 dekabr 2021-ci il tarixli 1419-cu iclasında qəbul etdiyi aralıq bəyanatında Azərbaycana qarşı Konvensiyasının 5, 6 və 11-ci maddələrinin pozuntusunun tanındığı işlərin siyahısı verilib. Siyahıda 30 iş yer alır. Avropa Məhkəməsi bu qərarlarda bildirib ki, inzibati həbslərdən mitinqlərdə iştirak edən və ya etmək istəyən fəalların qarşısını almaq və cəzalandırmaq məqsədilə istifadə olunub”.