“İdeal”ın keçmiş sahibi: AZAL prezidentinin sifarişi ilə həbs olunmuşam

Vəkillərin vəsatəti rədd edilir

Foto: Meydan TV


Vəkillərin vəsatəti rədd edilir

“İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri, həbsdə olan iş adamı İlqar İsmayılov bildirib ki, şirkətinin zorla əlindən alındığını ictimailəşdirdiyi üçün cəzalandırılıb. O, iyunun 7-də məhkəmədə ifadə verərkən bildirib ki, heç bir cinayət törətməyib, sifarişlə həbs olunub, məqsəd də onu susdurmaqdır.

İlqar İsmayılovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır. İş adamının vəkili İlhamə Həsənova bildirib ki, müvəkkili 2013-2016-cı illər ərzində özünə məxsus olan şirkətdən – “İdeal Kompani”dən 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir. Halbuki, İlqar İsmayılov həmin dövrdə şirkətin xəzinəsinə 10 milyon manatdan artıq vəsait mədaxil edib. Vəkil həmin mədaxil qəbzlərinin sübutlar siyahısına daxil edilməsi, məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini istəyib. Amma hakimlər bu vəsatəti təmin etməyib.

İş adamının digər vəkili Rəşad Əliyev vəsatət qaldırıb ki, məhkəmə iclasları audio-yazı ilə aparılsın. Vəkil xatırladıb ki, hazırlıq iclasında da bu haqda vəsatət qaldırmışdılar, amma təmin olunmamışdı: “O zaman təmin olunmamasını belə əsaslandırmışdınız ki, məhkəmənin buna texniki imkanı yoxdur. Buna görə audio yazının müdafiə tərəfinin texniki vasitələri hesabına həyata keçirilməsi mümkündür. Həmin audio yazılar məhkəmə iclas protokollarına əlavə oluna bilər. Bu, işin tam, dolğun araşdırılması üçün vacibdir”.

Hakimlər bu vəsatəti də rədd edib.

Bu cür yanaşma müdafiə tərəfini qane etməyib və vəkillər Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verib. Müdafiə tərəfi hesab edir ki, bu məhkəmə tərkibi işin obyektiv, hərtərəfli araşdırılmasında maraqlı deyil. Ona görə də bu məqsədlə verilən vəsatətlərin heç biri təmin olunmur. İş üçün əhəmiyyətli olan qəbzlər belə qəbul edilmir. Beləliklə, müdafiə hüququ pozulur.

Lakin məhkəmə etirazı əsaslı saymayıb və baxılmamış saxlanmasına qərar verilib.

Bundan sonra məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən iş adamı özünü qətiyyən təqsirli bilmədiyini deyib. O bildirib ki, “İdeal”ı 1999-cu ildə təsis edib. 2011-ci ilə qədər şirkətin tək sahibi olub. 2011-ci ilin noyabrında AZAL rəhbəri Cahangir Əsgərov və xanımı Zərifə Həmzəyeva bu şirkətin yarısını almaq istədiklərini ona çatdırıb. O isə bir qədər düşündükdən sonra razılıq verərək, şirkətin 50 faizini Zərifə Həmzəyevanın rəhbərlik etdiyi, kosmetik məhsulların istehsalıyla məşğul olan “Gazelli”yə satıb:

“Bilirsiniz ki, əvvəlki “SilkWay”, indiki “Premium Bank” da onlarındır. Şirkətin fəaliyyətinin genişlənməsi, inkişafı üçün mənə kredit təklif elədilər, razılaşdım. 2013-cü ildə bankdan götürdüyüm kreditin şərtlərini məndən xəbərsiz dəyişib, tələbləri sərtləşdiriblərmiş. Manatla götürdüyüm krediti dollara çeviriblər. “İdeal”dakı payımı da girov göstəriblər. Ödəniş qrafikini də dəyişiblər. Üstəlik, kredit borcunu da hər ay 250 min göstəriblər. Sonradan bildim ki, məqsəd bu yolla qalan 50 faiz payı da əlimdən almaq imiş. Bu təzyiqlərdən sonra məcbur olub, əlimdə qalan 50 faizlik payın yarısını da onlara satdım. Bununla da sakitləşmədilər…”

İlqar İsmayılovun sözlərinə görə, 2017-ci ildə “Premium bank”ın rəhbərliyinin müraciəti əsasında onun barəsində cinayət işi başlanıb. Moskvaya səfərə gedərkən hava limanında onu təyyarədən endiriblər: “Onda “Premium bank”ın İdarə Heyətinin sədri Elçin Əhmədov mənə təzyiq edib, “İdeal”da qalan 25 faizlik payımı da onlara satmağı tələb edirdi. Deyirdi ki, əks halda, illərlə həbsdə qalacam”.

İş adamının sözlərinə görə, bir neçə ay həbsdə saxlandıqdan sonra başqa çarə olmadığını görüb və qalan 25 faizlik payından imtina etməyə razılaşıb: “2017-ci ilin sentyabrında Elçin Əhmədov vəkili ilə həbsxanaya gəldi. Mən onda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılırdım. Mənə vəkilin adına etibarnamə imzalatdırdılar. O 25 faizlik payımı da onlara verdim. Şirkət 100 faiz onların oldu. Elə həmin gün həbsdən buraxıldım”.

İ.İsmayılov bildirib ki, həbsdən buraxıldıqdan sonra barəsindəki cinayət işinə də xitam verilib. O, bir müddət sussa da, sonradan müxtəlif dövlət orqanlarına, məhkəmələrə şikayət etməyə başlayıb, pozulmuş hüquqlarının bərpasını tələb edib. Bu üzdən də indi susdurulmaq üçün dəmir barmaqlıqlar arxasındadır: “İndi mənə ittiham verilib ki, 680 min manat mənimsəmişəm. Mən öz pulumu necə mənimsəyə bilərəm? Həmin dövrdə ondan 10 dəfə artıq məbləğdən şirkətə vəsait mədaxil etmişəm. Amma məhkəmə heç bununla bağlı qəbzlərə baxmaq istəmir…”

İlqar İsmayılov vurğulayıb ki, başına gələnlərlə bağlı məhkəmələrə üz tutduğu üçün Cahangir Əsgərovun sifariş əsasında yenidən həbs edilib.

İş adamının işi üzrə növbəti məhkəmə prosesi iyunun 21-də keçiriləcək.

İlqar İsmayılov 2013-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.

“Premium Bank” rəhbərliyi açıqlama yayaraq, İlqar İsmayılovun ittihamlarının əsassız olduğunu bəyan edib.

Ana səhifəXəbərlər“İdeal”ın keçmiş sahibi: AZAL prezidentinin sifarişi ilə həbs olunmuşam