Həbsdəki baş redaktorun anası: Oğlum 11 ildir girovluqdadır

Anasının sözlərinə görə, bu ilin sentyabrında oğlunun vaxtından əvvəl buraxılması üçün ərizə ilə müraciət edəndə onun məktubuna 1 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi Emin Həsənov cavab verib.

Source: Foto: arxiv


Nazim Quliyevin anası oğlu ilə bağlı müxtəlif orqanlara müraciət edib

“İdeal” media qrupunun həbsdə olan rəhbəri Nazim Quliyevin anası oğlunun ayrı-seçkiliyə məruz qaldığını, onun azadlığa çıxmasına imkan verilmədiyini iddia edir. Onun dediyinə görə, oğlunun həbsində maraqlı olan qüvvələr indi də azadlığa buraxılmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edir. Minurə Quliyeva Prezident Administrasiyası, Ombudsman Aparatı, Penitensiar Xidmət də daxil olmaqla, müxtəlif dövlət orqanlarına bu barədə məktub ünvanlayıb.

Məktubun surətini Meydan TV-yə də göndərən M.Quliyeva deyir ki, oğlunun cəza müddətinin başa çatmasına cəmi 11 ay qalıb. Amma onun vaxtından əvvəl azadlığa çıxmasına əngəl yaradılır:

“Bu adam 11 ildir girovluqdadır, bununla kifayətlənmirlər. Şəhid ailəsinin, birinci qrup Qarabağ əlilinin rəsmi qəyyumçusudur. Bunu da nəzərə almırlar. Dekabrın 12-də Nazim Quliyev saxlandığı 1 saylı cəzaçəkmə müəssisəsində vaxtından əvvəl buraxılmaq üçün komissiyadan keçən 13 nəfərdən biri olub. Ertəsi gün ona deyilib ki, “yox, sənin haqqında müsbət rəy verilməyib, buraxılmırsan”. Bu qədər özbaşınalıq, kin olmaz axı…”

N.Quliyev 2009-cu ilin aprelində həbs edilib və hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik ittihamlarıyla ona 13 il 3 ay həbs cəzası verilib. 2016-cı ildə onun haqqında Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə yeni iş açılıb və çəkilməmiş 5 il 7 ay 15 günlük cəzası da nəzərə alınaraq, ona 6 il həbs verilib. 2017-ci ilin oktyabrında Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra onun işinə yenidən baxılıb cəzası 4 ilə endirilib. Bu cəza 2020-ci il dekabrın 12-də tamam olacaq.

image_from_ios (1).jpg
Minurə Quliyevanın müraciətinə cavab məktubu

Anasının sözlərinə görə, bu ilin sentyabrında oğlunun vaxtından əvvəl buraxılması üçün ərizə ilə müraciət edəndə onun məktubuna 1 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi Emin Həsənov cavab verib. Yazıb ki, N.Quliyevin cəzasının 3,4-ü dekabrın 9-da tamam olacaq. Bu tarixdən sonra onun cəza növünün dəyişdirilməsi (məntəqətipli cəzaçəkmə müəssisəsinə köçürülməsi), yaxud vaxtından əvvəl şərti azadlığa buraxılması üçün Nizami Rayon Məhkəməsinə (cəzaçəkmə müəssisəsi bu rayonun ərazisində yerləşir) müraciət edə bilərlər: “Dedikləri kimi addım atdıq, amma yenə də öz bildiklərini elədilər. 13 nəfərdən 12-nə “hə” deyib buraxdılar, bircə Nazim Quliyevdən başqa…”

M.Quliyeva oğlunun müxtəlif dövlət orqanlarına ünvanladığı məktubun şikayətçi olduğu qurumlara göndərilməsinə də etiraz edir. Deyir ki, həmin qurumlar öz işlərinə vicdanla yanaşıb, ədalətli davransaydılar, heç şikayətə ehtiyac qalmazdı:

“Həmin şikayətləri narazı olduğumuz quruma göndərməyin nə anlamı var, anlamıram”.

Penitensiar Xidmətdən isə bildirilib ki, heç bir məhkuma qarşı ayrı-seçkilik və ya qərəzdən söhbət gedə bilməz. Şəxsin vaxtından əvvəl azadlığa çıxması və ya cəza rejiminin dəyişdirilməsində rəy verilərkən onun davranışları, daxili intizam qaydalarına necə əməl etməsi və s. hallar nəzərə alınır.

Ana səhifəSiyasətHəbsdəki baş redaktorun anası: Oğlum 11 ildir girovluqdadır