Əmrah Təhməzov saxlanılandan 2 gün sonra məhkəmə qarşısına çıxarılıb
İctimai fəal Əmrah Təhməzov həbs olunub. Səbail Rayon Məhkəməsində onun haqqında 30 günlük inzibati həbs qərarı çıxarılıb.
Əmrah Təhməzov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunub. Lakin o, iyunun 6-da Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada görüşərkən vəkili Zibeydə Sadıqovaya deyib ki, bu ittihamlar saxtadır, dayandığı yerdə polislər onu tutub aparıb. Bu barədə Meydan TV-yə vəkil Zibeydə Sadıqova danışıb:
“O bildirdi ki, mayın 27-də saxlanılıb. Onu mayın 29-na qədər – iki gün Səbail rayonu, 39-cu polis bölməsində saxlayıblar. Sonra məhkəmə qarşısına çıxarılıb, 30 sutkalıq həbs qərarıyla Binəqədidəki təcridxanaya köçürülüb”.
Əmrah Təhməzov “Facebook” hesabındakı paylaşımlarına, xüsusən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan sədri, 3 ay yarım aclıq edən Əlizamin Salayevin durumuna görə Prezident İlham Əliyevi ittiham edən paylaşımı ilə əlaqədar cəzalandırıldığını düşünür.
O, həbsindən bir neçə gün öncə yazmışdı ki, evlərinə polislər gəlib, onu axtarıblar:
“2 nəfər polis gəlib, evdən məni soruşublar, evdəkilər deyib şəhərdədi, çıxıb gediblər.
Çox güman, o gün Əlzamin bəy üçün Əliyevə vurğu ilə yazdığım statusa görədir.
Şişirtməyi sevmirəm, amma tutub eləsələr, böyük ehtimal elə statusuma görədir…”.