İcra hakimiyyətləri olmayan qanunu “tətbiq edir”

Mübariz Qurbanlı: “Yas mərasimləri ilə bağlı məsələ ancaq tövsiyə xarakteri daşıya bilər”

Source:


Mübariz Qurbanlı: “


Yas mərasimləri ilə bağlı məsələ ancaq tövsiyə xarakteri daşıya bilər”

 Son bir neçə gündə icra hakimiyyətlərinin yas mərasimlərinə qoyuduqları qadağalar müzakirə mövzusuna çevrilib. Hətta Sumqayıt şəhər icra hakimiyyətinin məcburi köçkünlərin məskunlaşdığı mikrorayonların birində keçirilən yas mərasiminə müdaxilə etdiyi xəbəri də yayıldı. Bildirildi ki, icra hakimiyyətinin rəsmiləri təmtəraqlı yas mərasimi qurduqları üçün ailəni 2 min manat cərimələyib və yemək bişirilən qazanlara müdaxilə edilib.

Sentyabrın 1-də isə “Azvision.az” saytı şəhər icra hakimiyyətinə istinadən məlumat yaydı ki, icra başçısı Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb.


“Göstərişə əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib.

İcra başçısı yas mərasimlərində ancaq çay süfrəsinin açılmasını məqsədəuyğun hesab edib. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək” – deyə məlumatda bildirilib.

Oxşar göstərişlərin Gəncə və başqa rayon icra hakimiyyətləri tərəfindən də verildiyi bildirilir.

Ancaq bu gedişatın Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında qarşıdurmaya çevrildiyini söyləyənlər də var. Bildirildiyinə görə, aparılan siyasət QMİ sədri Allahşükür Paşazadənin “yas biznesi”nə ciddi zərbə vuracaq. Konkret olaraq, 100 nəfərlik çadırın quraşdırılması, qab-qacaq, ofisiant, çayçı, salat düzəldən və qabyuyan bütövlükdə 500 manat civarındadır.

Amma QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Yeni Müsavat”a bildirib ki, idarə hökumətin bu addımını dəstəkləyir: “Dövlətin bu təşəbbüslərə münasibətini, əsl dini qaydaların təşəkkül tapmasını dəstəkləyirik”.

Xanım Dadaşova QMİ-in bir neçə il əvvəl bu barədə geniş toplantı keçirərək ictimaiyyətə toy və yas mərasimlərində israfçılığa yol verilməməsi ilə bağlı çağırışını da xatırladıb: ““Təzəpir” məscidində yerləşən mərasim zallarının girişində lövhələrdə mərasimlərin təşkili, dinin israfa münasibəti, din adı ilə mərasimlərin keçirilərək dindən sui-istifadə olunması ilə bağlı məlumatlar yerləşdirilib.

Eyni zamanda, QMİ-in Qazılar Şurası və Elmi-Dini Şurasının 2011-ci il iyulun 13-də keçirilən toplantısında xalqa müraciəti xatırlanıb. Müraciətdə qeyd olunur ki, hazırda keçirilən yas və toy mərasimləri israfçılıqdan uzaq olmalıdır.

“Əksər hallarda guya bu mərasimlərin milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər. İslam dininin təməl özəlliklərinə, Peyğəmbərimiz Məhəmməd (s) aləmlərə örnək olan şəxsi nümunəsinə və hədisi-şəriflərə istinad edən hər bir şəxs bu məsələnin islami qanunlarla məntiqi uyğunsuzluğunu yaxşı bilir. Mərasimlərdə imkansızlara, ehtiyacı olanların ailələrinə yardım və ehsan etmək islama görə məqbul sayılır” – deyə müraciətdə vurğulanır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı da “yas mərasimləri həddini aşmamalıdır, yəni burada müəyyən nizam qorunmalıdır” – deyə jurnalistlərə ilk açıqlamasını bu cür vermişdi.

O bildirmişdi ki, yas mərasimləri ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyi də bundan ibarətdir: “Yas mərasimləri ilə bağlı Azərbaycanın milli adət-ənənələri var. Milli adət-ənənələrimiz zaman-zaman mövcud olub, lakin onlar ehkam deyil, adət-ənənələr də zamana uyğun olaraq dəyişikliyə məriz qalır və bu da təbii prosesdir. Bunlar dinimizin tələblərinə uyğun edilməlidir, eyni zamanda, yas mərasimlərində hansısa təmtəraq və israfçılığa yol verilməməlidir”.

M.Qurbanlı Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının ayrıca fətvasını xatırladaraq bildirmişdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də tövsiyəsi var: “Bu tövsiyə ondan ibarətdir ki, yas mərasimləri hansısa israfçılığa gətirib çıxarmamalıdır və vətəndaşlar burada dinimizin tələblərini yerinə yetirməlidir. Bəzi rayonlarda bu tövsiyələrə əməl edirlər. Artıq Bakıda da yas mərasimlərinin keçirilməsində dəyişiklik var”.

Ancaq Mübariz Qurbanlı yas mərasimləri ilə bağlı qanunvericiliyə hansısa məhdudlaşdırıcı dəyişiklik edilməsinə də ehtiyac görmür.

Komitə sədri bir daha APA-ya deyib ki, yas mərasimləri ilə bağlı məsələ ancaq tövsiyə xarakteri daşıya bilər və belə də olacaq: “Biz komitə olaraq bu yolla yas mərasimlərinin vətəndaşlarımız tərəfindən normal keçirilməsinə nail olacağıq. Bu, yalnız izahat və yerlərdə din xadimlərimizlə birgə fəaliyyət nəticəsində həll olunacaq. Ona görə də bununla bağlı deyildiyi kimi, hansısa qanunun qəbul olunmasına ehtiyac görmürük”.

Komitənin mətbuat xidmətinin rəhbəri Orxan Əli Meydan TV-nin “bu məsələdə qurumun konkret göstərişi olubmu ki, icra hakimiyyətləri fəal işə keçiblər” sualına “Mübariz Qurbanlının açıqlamasından əlavə heç nə deyə bilməyəcəyik. Çünki açıqlama bütün məsələlər ehtiva olunub”- deyə cavab verdi.

Tarixçi alim Altay Göyüşov da son vaxtlar yas mərasimlərində dəyişikliklərin sezildiyini deyir: “Mən Bakının Fatmai kəndini göstərə bilərəm

. Bir neçə il əvvəl yas yerində olduğum bu kənddə yalnız çay verilirdi, səbəb də göstərilirdi ki, ifratçılıq sosial bərabərsizliyi göstərir. Təəssüf ki, bizdə normaların işləməməsi səviyyəsi də yaranmış və insanlar sanki yarışa da girmişdilər. Düzdür, bir sıra ziyalılar özləri normalar tətbiq edirdi və son dövrlər inzibati müdaxilə olmadan da camaat məsələni yoluna qoyur. Əvvəllər 3, 7, cümə axşamları və 40, hətta 52 də olurdu. İndi 3 və 40 verilir, cümə axşamları insanlar özləri evində keçirir. Sonradan çadırlar yığışdırıldı, məsələn, 80-ci illərin sonunda Sumqayıtın bütün məhəllələrində xeyir-şər binaları tikildi. Həm də fəhlə şəhəri olduğundan insanlar ifrata da varmırlar”.

Altay Göyüşov hesab edir ki, toylardan fərqli olaraq yas mərasimləri tədricən öz-özünü tənzimləyir. Ona görə inzibati müdaxiləyə ehtiyac görünmür və bu, həddən artıq süni səciyyə daşıyır: “Məncə, bu müdaxilələrdə məqsəd ictimai diqqəti fərqli istiqamətə yönəldib, daha ciddi problemlərdən yayındırmaqdır”.

Tarixçi-alim qəbirüstü abidələrə də toxundu: “Əslində, məzar üstünə şəkil sovet dövründən gəlir, islamda bu olmayıb. Gül isə İrandan gəlib, tədricən tətbiq olunub, bunun da islamla bağlılığı yoxdur. Ümumiyyətlə, yas və toy mərasimlərində sadələşmə prosesi tədricən gedir, bütün dünyada belə olub. Türkiyədə yas yerində çay verilir, Quran ayəsi oxunur, vəssalam. Ehsana gəlincə, bunun mahiyyəti kasıbı, yetimi yedizdirməkdən ibarətdir, bizdə isə tamam başqa xarakter alırdı, yarış, özünü nümayiş var idi. Cəmiyyətin mənəvi normaları yerinə gəldikcə, bunlar sıradan çıxacaq”.

Ana səhifəXəbərlərİcra hakimiyyətləri olmayan qanunu “tətbiq edir”