“Polisləri Yunisin kirayə qaldığı evə apardım, amma orada yox idi, çıxmışdı”
Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev ona qarşı sui-qəsdlə bağlı ifadə vermək üçün məhkəməyə çağırılsa da, gəlmədi. Amma hadisə vaxtı onun yanında olmuş və yaralanmış mühafizə polisi Qasım Aşpazov məhkəməyə gəlib. O, oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş qismində ifadə verib.
Hadisə nəticəsində bir gözünün görmə qabiliyyətini itirdiyini deyən Q.Aşpazov cinayəti törətməkdə ittiham olunan Yunis Səfərova ağır cəza verilməsini tələb edib.
Zərərçəkmiş qismində ifadə verən daha bir polis əməkdaşı Natiq Əhmədov bildirib ki, Y.Səfərov onu da ayağından yaralayıb. Onun sözlərinə görə, icra başçısının güllələnməsindən bir müddət əvvəl o, yaşayış binasının blokunda Y.Səfərovla qarşılaşıb. Həmin vaxt qonşunun uşağının itməsi barədə aralarında danışıq olub. Bu zaman Yunisdən şübhələnib. Y.Səfərov da bunu başa düşərək, onun ayaq nahiyəsindən atəş açıb.
Daha sonra təqsirləndirilən şəxslərin dindirməsi başlayıb.
Hamlet Abdullayev bildirib ki, özü də inanclıdır, Y.Səfərovla da məsciddə tanış olub. O etiraf edib ki, Y.Səfərovun icra başçısını öldürmək niyyətindən xəbərdar idi. Bu barədə onun qayınatasına da demişdi: “Birinci dəfə polisin əlindən silahını alandan sonra axtarışda olanda mən özüm ona demişdim ki, gedib təslim olsun. Demişdim ki, çox pis hərəkət eləmisən. İcra başçısını öldürmək istədiyini biləndə də fikrindən daşındırmağa çalışmışdım. Vüqarla onun qayınatasının yanına getmişik ki, başına ağıl qoysun. Qayınatası dedi ki, tapa bilmirəm onu, görsəm, mütləq deyəcəm”.
İstintaqdakı ifadəsində ittihamları qəbul etməsi barədə suala cavab verən H.Abdullayev bildirib ki, birinci qrup əlildir, təzyiqlərə görə nəyə deyiblərsə, ona da imza atıb: “Mən türmədə olanda bildim ki, guya evimizdən silah çıxıb. Bir balaca evə 50 nəfər girib…”
H.Abdullayev Y.Səfərovun sualına cavabında bildirib ki, o, icra başçısını özbaşınalığına, əhaliyə qarşı münasibətinə görə öldürmək istəyirdi: “Mən ona deyirdim ki, məmur özbaşınalığının qarşısını almaq üçün bu yol deyil”.
Təqsirləndirilən Vüqar Məmmədov keçmiş polis əməkdaşıdır. O, ifadəsinə belə başlayıb: “Mən dövlətimə, millətimə, Ali Baş Komandanıma sadiqəm. Mənə dövlət quruluşunun zorla dəyişdirilməsi ittihamı veriblər, amma mən birmənalı şəkildə buna qarşıyam. Uydurmadır bu ittiham. Mən valideynəm, uşaqlarıma da belə tərbiyə verə bilmərəm. Heç vaxt silahdan, narkotikdən istifadə eləməmişəm. Əgər mənim cinayət törətmək niyyətim olsaydı, elə işlə əlaqədar mənə dövlətin verdiyi avtomat silahım vardı. Banklardan pulların daşınmasında – inkassatorda işləmişəm. Onda eləyə bilərdim. Mənim atam da, babam da polis olub. Üçümüz birlikdə 89 il bu dövlətə xidmət etmişik”.
V.Məmmədovun sözlərinə görə, o, boks üzrə məşq edirdi, Y.Səfərovu da elə idman zalından tanıyıb.
“Yunisi cəmi 5-6 dəfə görmüşdüm. Məni Gəncə Şəhər Baş Polis İdarəsinin rəisinin yanına apardılar. Dedilər ki, ya onu təhvil verməlisən, ya da öz qanın getdi. Onları Yunisin kirayə qaldığı evə apardım, amma orada yox idi, çıxmışdı. Mənim bu işə aidiyyətim yoxdur. Yunisin özünə də vaxtında demişdim ki, bu yolla nəyəsə nail olmaq mümkün deyil”.
V.Məmmədov onu da bildirib ki, Y.Səfərov üçün kirayə pulunu onun ödəməsi barədə iş materiallarında yazılanlar yalandır: “Mənim ona 80 manat borcum vardı. Bir dəfə o pulu verməyə getmişəm. Ümumiyyətlə, çox yalanlar var. Guya uşağımın beşiyində döşəyinin altından silah çıxıb”.
Təqsirləndirilən Akif Əliyev də ittihamı qəbul etmədiyini, günahsız olduğunu, Y.Səfərovu bir dəfə qardaşı oğlunun yanına Moskvaya gedəndə orada gördüyünü bildirib.
Təqsirləndirilən Rasim Mustafayev işgəncəyə məruz qalmasından, bədəninə cərəyan verilməsindən danışıb. Onun sözlərinə görə, Gəncədə icra başçısı güllələnəndə Bakıda idi: “Bilirdim ki, Yunis polisin silahını götürüb qaçıb. Ona görə Bakıda mənimlə görüşmək istəyəndə də mən görüşmədim”.
Y.Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə prosesi oktyabrın 27-də davam edəcək. Növbəti məhkəmə iclasında digər təqsirləndirilən şəxslər ifadə verəcəklər.