İçki qəhətə çəkiləndə

SSRİ-nin izi ilə

Source:



İndi, mənim də dövrümdə ölkədə qeyri-formal olsa da, artıq “quru qanun”(сухой закон) qüvvəyə minib. Spirtli içkilər dükanlardan, mağazalardan, marketlərdən yığışdırılıb, alqı-satqısı dayandırılıb. Bu qanunun hardasa insanlara, cəmiyyətə xeyrli olduğunu sanıram, amma yenə də təffərrüata varmadan, istehlakçıya anlatmadan, saymamazlıq edərək qanun qüvvəyə minir və müəyyən olunmuş məbləğə qədər insanların ala biləcəyi içkilər bir gündə demək olar ki, bütün dükanlardan, satış məntəqələrindən yoxa çıxır.


İtirilmiş nəsil…

Məlum bir aforizm var, övlad valideyinin izi ilə gedir. Şərt deyil ki, hər şey məşhur hind filmindəki kimi olsun. Yəni hakimin oğlu hakim, oğrunun balası isə oğru olmaya bilər. Mənim təfəkkürümdə bu deyim geniş mənaya malikdir. Çoxşaxəlidir, hərtərəflidir.

Bu, bir növ valideyninin yaşadığı dövrə oxşar zamanda yaşamaq, bütünlüklə olmasa da, onun gördüklərini görmək, qarşılaşdığı çətinlikləri, keçirdiyi iztirabları mənən qəlbində hiss etmək, onun vaxtında düşdüyü vəziyyətlə üzləşməkdir.

Mənimlə həmyaşıd insanları bəzən “itirilmiş nəslin nümayəndələri” adlandırıram. Bu əsla Heminqueyə, Remarka, Selinə bənzəmək istəyimdən irəli gəlmir. Bu sözdə cuzi paradoks da var.

Çünki bu nəsil SSSR-i parçalanan vaxtda doğuldu, “perestroyka” havasını ciyərlərinə çəkdi, məsum cocuq gözləri hərc-mərcliyi, vətəndaş savaşını, Qarabağ müharibəsini gördü, cılız bədənləri qaçqınlıq əziyyətini yaşadı, saatlarla çörək növbəsində sıxıldı-əzildi.

Bütün dünyanın balaları belə hadisələrə oyun kimi baxır, uşaq əqli müharibəni, aclığı, yiyəsiz ölkəni onların valideyiləri kimi qəbul etmir, anlamırlar. Uşaqlar azaddır, ruhən, cismən. Onları məişət qandalları zəncirləməyib, kiminsə dərdini çəkmirlər, kiməsə görə narahat olmurlar, çiyinlərində məsuliyyət yükünü daşımırlar.

İndi isə üstündən iyirmi beş il ötdükdən sonra, atamın həmin illərdə necə yaşadığını tam çılpaqlığı ilə anlayıram. Onun hər yuxuya getməzdən əvvəl nələr düşündüyünü, qəlbində hansı qorxuların doğduğunu özümdə kəşf etmişəm. Markes deyirdi ki, kişinin yaşlanmasının ilkin əlamətləri, onun get-gedə atasına bənzəməyidir. Bu yazımda atamla aramda paralellər aparmaq fikrim yoxdur, demək istədiyim odur ki, deyəsən belə getsə, biz onunla aramızdakı illərin fərqinə rəğmən, eyni ölkədə, eyni yaşda olarkən, oxşar həyat sürəcəyik.


O vaxt da Əliyev, indi də Əliyev…

Atam mənim yaşımda olarkən ölkəni qeyri-formal olsa da Əliyev idarə edirdi. Mən indi atamın o dövrdə ki yaşındayam və yenə də dövləti Əliyev idarə edir.

Atam mənim yaşımda olarkən, mənim kimi, məişət problemlərinin caynağına keçmişdi. Milli valyuta dəyərsiz idi, stabil iqtisadiyyat yox idi, aylarnan maaşlar verilmirdi, zavodlar, istehsalatlar bağlanırdı, ixtisarlar baş-alıb getmişdi, banklar fəaliyyətsiz idi. Ölkədə aqressiya, dərəbəyçilik yaranmışdı, repressiya maşını xodlanmışdı. Bu gedişnən insanlar yenə faizə pul vermək məsələsinə dönəcəklər. Banklar bağlanacaq. Sələmçilər onları əvəz edəcək. Lombardlar fəaliyyətə başlayacaq. Millət qızıl qoyub, əvəzində borca pul götürəcək.

Atam mənim indiki yaşımda olanda, mən eynən indi oğlum yaşımda idim. Onun dövründə çörək növbələri, ərzaq qıtlığı, Qarabağ müharibəsi var idi.

Mənim dövrümdə hələ də passiv Qarabağ müharibəsi var, amma passiv olsa belə aktiv əsgər itkiləri mövcuddur. Ərzaq çatışmazlığı, çörəyin çəkidə azalması artıq baş verib. Onun dövründəki kimi, apteklərdə dərman tapmaq çətinləşib.

Bir azdan yenə at-eşşək üstündə İran sərhədini keçərək, qaçaqmalçılıqla ölkəyə dərman gətirənlər tapılacaq. Yenə iki-üç qat bahasına, piştaxtanın altından, konsperativ evlərdə insanlara satacaqlar, başqalarının xəstəsinin hesabına digərləri qazanacaqlar. Türkəçarəlik, dədə-baba qaydası ilə, keçi piyindən, doşabdan istifadə etməklə, belə banka qoymaqla müalicə olunacağıq.


Atam mənim yaşımda olanda, ölkədə siqaret qıtlığı var idi

Onun ən xoşladığı fokus “Marlbro” qutusuna “Astra” siqareti yığmaq idi. Toyda-məclisdə bu siqaret qutusun qürurla stolun üzərinə atardı. Yeyib-içəndən sonra kimi idi baxan qutunun içindən çıxana. Bircə problemi yol gedərkən siqaret istiyənlər idi. Kişi pərt olurdu “Marlbordan” “Astra” çıxardıb verəndə.

İndi ölkədə siqaret alverində nələr baş verir, hamıya məlumdur. Bu yolla insanlar yenə “Astra”, “Bakı” siqaretləri çəkəcəklər. Ya da “Parlament”, “Sobraniya” qutuların kolleksiya edəcəklər ki, bir məclisə gedəndə, dəbdəbə əlaməti kimi çıxarıb stolun üstünə atsınlar.


Atam mən yaşda olanda ölkədə içki qıtlığı vardı

Atam mənim indiki yaşımda olanda, “qırmızı baş”, coca-cola kimi dəmir qablarda, üzərində kəllə işarəsi olan araqlar, “Ağdam” portveyni satılırdı. Amma ən sərfəlisi sözsüz ki, “samaqon” idi. Dənizçilərin buna ehtiyacı daha çox olduğundan, əmim “samaqon” çəkməyin peşəkarı olmuşdu. Nənəmin bağındakı meyvə ağacları bir illik “samaqon” tədarüki etməyə yardımçı olurdu.

İndi, mənim də dövrümdə ölkədə qeyri-formal olsa da, artıq “quru qanun”(сухой закон) qüvvəyə minib. Spirtli içkilər dükanlardan, mağazalardan, marketlərdən yığışdırılıb, alqı-satqısı dayandırılıb. Bu qanunun hardasa insanlara, cəmiyyətə xeyrli olduğunu sanıram, amma yenə də təffərrüata varmadan, istehlakçıya anlatmadan, saymamazlıq edərək qanun qüvvəyə minir və müəyyən olunmuş məbləğə qədər insanların ala biləcəyi içkilər bir gündə demək olar ki, bütün dükanlardan, satış məntəqələrindən yoxa çıxır.

Bu cür qanun SSSR-də, istər ABŞ-nin özündə müəyyən dövrlərdə tətbiq olunub. Fəsadların nəyə gətirib çıxartığı isə tarixdə qeydə alınıb. Elə uzağa getməyin, götürün filmləri. Leonid Qaydayın çəkdiyi”Samaqonçular” qanunun bütün absurdluğunu, gülüş içində göz yaşları prizmasından göstərir. Yaxud da başqa bir amerika filmi “Qanunu pozanlar”. Əsrin əvvəlində Amerikada bu qanun qəbul olunduqdan sonra baş verən hadisələrdən danışılır. İnsan təbiyyətcə ona ziyan olana meyillidir. Bir vaxtdan sonra yenidən bağlarda, qarajlarda “samaqon” çəkənlər, sintetik spirti köşklərdə altdan satanlar peyda olacaq. Həmən spirtli içkilərdən kütləvi zəhərlənənlər olacaq. Araq baronları, spirt mafioziləri doğulacaq.


Atamla necə də oxşarıq…

İndi oturub düşünürəm, aman Allahım, biz kişiynən necə də oxşarıq? Xasiyyətcə bir olmasaq da, düşüncələrimiz fərqlənsə də, təbiətimiz, daxilimiz seçilsə də, bizi birləşdirən müəyyən zaman kəsiyində eyni dövrü yaşamağımız, oxşar hisslər keçirtməyimizdir. Eyni həyacan, ümidizlik.

Amma o heç olmasa, Sovetin ballı-yağlı günlərin gördü, Sovet insanı kimi Pribaltikadan üzü SNQ ölkələrinəcən gəzdi, cavanlığın kefin çıxartdı. Bəli, bunu əclaflıq saya bilərsiz, amma mən o insana həsəd aparıram, paxıllıq edirəm. Mən ömrümdə ikinci dəfə hər şeyin yenidən başlanmasını görmək istəmirəm. Bu – ədalətsizlikdir.

Çünki mənim kimiləri, 80-ciləri, itirilmiş nəsili bu ölkədə deyəsən daha ağır, çətin, qanlı-acılı günlər gözləyir. Bilirsiz, niyə? Ölkəni qurmaq, yaratmaq, müstəqilliyi qorumaq, dadmaq çox çətin olduğu kimi, onu dağıtmaq, param-parça etmək, olduğundan və göründüyündən asandır.

Bir ölkənin qurulması üçün illər, bəzən dövrlər gərəkdir. Yenə müstəqillik, hürriyət savaşı aparmaq lazım olacaq, yenə insan itkiləri, qırılmış insan taleləri olacaq, dissidentlər, mühacirlər, zindan kirayəşinləri doğulacaq, yenə hər şey təzədən başlayacaq.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim Fikrimcəİçki qəhətə çəkiləndə