İcbari tibbi sığorta

Kimə lazımdır, kimə lazım deyil?

Source:

1883-cü ildə, Almaniya hökuməti fəhlələrin xəstəxana xərclərinin ödənməsi, tibbi sığorta barədə qanun imzaladı. Qısa müddət keçdi ki, digər Avropa dövlətləri – İngiltərə, Fransa, Rusiya İmperiyası və sairə də müvafiq qərarlar verməyə başladılar. Artıq XIX əsrin əvvəllərində, Avropada sənayə çevrilişinin yekunlaşdığı bir dövrdə, tibbi sığorta da yavaş-yavaş öz təşəkkülünü tapmağa başlamışdı. Beləliklə, iqtisadiyyat aləmi başa düşməyə başladı ki, insan resursuna sərf olunan sərmayə, digərlərindən daha vacibdir.

Yaxşı, bəs bu tibbi sığortanın məqsədi, məramı nədir? Niyə məsələyə belə uzaqdan başlayıram? Bizə bunun nə xeyri var və bu kimlərə sərf eləmir?

Əvvəl, əhalinin bütün təbəqəsinin daimi, müntəzəm olaraq tibbi müayinədən keçmək kimi bir şansı yaranır ki, indiki vəziyyətimizdə bu bizə mütləq və mütləq lazımdır. Yəhudi xəstəylə müsəlman xəstə məsələsini yəqin coxlarınız bilirsiniz. Bizdə bu məsəli tez-tez təkrarlamağı xoşlayırlar. Fikirləşmirlər də ki, adamın öz xəstəliyini ağırlaşdırıb lap sonda həkimə gəlməyi heç də onun müsəlmanlığı ilə yox, sadəcə maddi imkansızlığı ilə bağlıdır.

Son zamanlar tez-tez rast gəlinən doğuş zamanı ana ölümünün ən başlıca səbəblərindən biri də, hamilə qadınların vaxtında qeydiyyata düşməməsi və tibbi müayinələrə gəlməməsidir.

İkincisi, əsas üstünlük, xəstə-həkim-baş həkim-orta həkim-əsas həkim-və sairə-və ilaxıra… arasında pul söhbətinin, rüşvətin olmamasıdır. Bütün sahələrdə olduğu kimi, rüşvətlə idarə olunan sistemi idarə etmək çox bəsitdir. Bir-birinə rüşvət zəncirilə bağlı olan insanları, istədiyin vaxtı çuğundur sahəsində işləməyə də apara bilərsən. Necə ki, aparırlar. Kütləvi seçki karuselinə də göndərə bilərsən. Necə ki, göndərirlər.

Üçüncü üstünlüyü də, keyfiyyətli dərman preparatlarının ölkəyə daxil olmasıdır. Belə ki, sığortanı yerinə yetirən qurum, mütləq çalışacaq ki, dərmanların keyfiyyəti yaxşı olsun. Xəstə vaxtında, tam sağalsın və dolayısı ilə sığorta şirkətini də əlavə xərclərdən azad eləsin.

Tibbi sığorta həyata keçərsə, əvvəl dövlət xəstəxanalarında iş keyfiyyəti yüksələcək. Hər bir sığorta qurumunun marağında olacaq ki, iş birliyi apardığı həkimlər tam ixtisaslaşmış, savadlı kadrlar olsun. Bu da öz növbəsində, həkimlərin də özləri üzərində işləməsinə gətirib çıxardacaq.

Bəs, bu saydıqlarım kimlərin marağıyla kəsişir, kimə sərf eləmir?

İlk əvvəl, rüşvət piramidası qurub, onu tam gücüylə və böyük uğurla idarə edən sistemə. Hansı ki, yuxarıda da dediyim kimi müvəffəqiyyətlə idarə olunan bir mexanizm əldən çıxa bilər.

Müəyyən şəxslərə, dairələrə məxsus, iş prinsipi qaranlıq olan, gündə bir sorağı yayılan özəl klinikalara. O klinikalarda ki, inanılmaz böyük pullar dövr edir.

Ən böyük ziyan çəkəcək sahələrdən biri də, dərman biznesidir. Ölkəyə hansı yollarnan gəldiyi bilinməyən, hansı laboratoriyada tərkibi təsdiqləndiyi məlum olmayan, milyonlarla manatlıq dərman vasitələri, sağlam, şəffaf bir sistemin qurulacağı təqdirdə asanlıqla aradan çıxa bilər.

Beləliklə, 1999-cu ildən üzü bu yana qəbul olunan qərarın hər il, dəfələrlə müzakirəyə çıxardıb sonra yenidən dolabın alt gözünə tullamaqları, hardasa məlum oldu bizə. Məqsəd aydındır. Gedilən hədəf məlumdur. Bu qədər sadə.

Gözünü açandan aldadılmağı alın yazısı sayan xalq isə hələ ki, tibbi sığortanı Zaur Baxşəliyevin başçılığı altında, hacıların və hacıxanımların xeyir-duası ilə televiziyalarda görə bilir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcəİcbari tibbi sığorta