Hərbçi, polis, müəllim və həkim peşələri ilk sıralardadır
“Agora” Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan ibtidai sinif şagirdləri arasında sorğu keçirib. Onlara gələcəkdə hansı peşəyə sahib olmaq istədikləri ilə bağlı sual verilib.
861 ibtidai sinif şagirdinin iştirak etdiyi sorğu paytaxt və bölgələrdə keçirilib. Ümumi sorğuda 60 peşə adı çəkilib. Abşeron yarımadasında yaşayan şagirdlər 52 fərqli peşə adı çəkib, bölgələrdən gələn peşə seçimlərinin sayı isə 35-dir. Sorğuya qatılan şagirdlərin səsləndirdiyi “Youtuber”, “Alim”, “Basketbolçu”, “Usta”, “CEO”, “Arxitektor”, “Gamer”, “Məşqçi”, “Taksi”, “Proqramist”, “Veterinar”, “Model”, “Yazıçı”, “Aktrisa”, “Neftçi”, “Diplomat”, “Memar”, “Boksçu”, “Dənizçi”, “Prokuror”, “Xokkeyçi”, “Yarış sürücüsü”, “Saç ustası”, “Detektiv”, “Skripkaçı” seçimləri sadəcə Abşeron yarımadasında yaşayan uşaqlar tərəfindən səsləndirilib.
“Tibb bacısı”, “Hüquqşünas”, “Əczaçı”, “Yanğınsöndürən”, “Bələdiyyə başçısı”, “Hakim”, “İxtiraçı” və “Nazir” seçimləri isə sadəcə regionlarda yaşayan şagirdlərin seçimi arasındadır.
Regionlarda yaşayan və sorğuda iştirak edən oğlan şagirdlərin 111 nəfəri polis, 55 nəfəri hərbçi, 24 nəfəri həkim, 15 nəfəri müəllim, 8 nəfəri yanğınsöndürən, 5 nəfəri futbolçu olmaq istəyir. Qızlara gəlincə, 86 nəfər müəllim, 84 nəfər həkim, 19 nəfər polis, 9 nəfər tibb bacısı, 5 nəfər rəssam, 3 nəfər isə menecer olacağını söyləyib. Abşeron yarımadasında yaşayan oğlan şagirdlərin də çoxu, 52 nəfəri polis, 17 nəfəri hərbçi, 12 nəfəri həkim, 8 nəfəri müəllim, 8 nəfəri futbolçu, 5 nəfəri mühəndis, 5 nəfəri isə pilot olmaq istəyir. Qızlara gəlincə, böyük əksəriyyət, 58 nəfər müəllim, 42 nəfər həkim, 7 nəfər polis, 3 nəfər rəssam, 2 nəfər veterinar, 1 nəfər isə pilot olmağı arzulayır.
Bunlar peşə seçimlərində ilk altılıqdır. Qalan bütün peşələrdə seçimlər bir-ikidir. Həm regionlarda, həm də Abşeron yarımadasında yaşayan və sorğuda iştirak edən oğlan şagirlərinin əsas iki seçimi polis və hərbçi, qızlarda isə müəllim və həkimdir. Sorğuda iştirak edənlərin 46 faizi (392 nəfər) Abşeron yarımadasında, 56 faizi (469 nəfər) isə ölkənin digər bölgələrində yaşayan ibtidai sinif şagirdlərindən ibarətdir. Ümumilikdə sorğuda 12 inzibati rayon və şəhərdə yaşayan ibtidai sinif şagirdləri iştirak edib. Şagirdlərin 53 faizi oğlan (455 nəfər), 47 faizi (406 nəfər) qızlardır.