Hüseynova bacıları: Prezident deyir, kasıba kömək edirik, biz də kasıblardan biri…

“Bu ev başımıza da uçsa, heç nə edən deyillər”.

Source: Specify Source


“İllərdir yalvarırıq, bizə kömək edən yoxdur”

Ucarın Tofiq İsmayılov küçəsində bir məhəllə var. Ucarlılar buranı “fin evləri” kimi tanıyırlar. Sakinləri deyirlər ki, evlər əhaliyə Sovet dönəmində verilib. Həmin vaxt rayonda təbii fəlakət olub, sel gəlib. Buna görə tələsik tikilib və əhali bu evlərə köçürülüb. Sonradan kimin imkanı varsa, evi söküb yenidən tikib. Yaxud başqa yerdən ev alıb, köçüb gedib. İmkanı olmayan da bu günədək həmin iç-içə, qaranlıq, uçulub tökülmüş evlərdə yaşayır.

63 yaşlı Kifayət Hüseynovayla 60 yaşlı bacısı Nəcabət Hüseynova kimi…

Hüseynova bacılarına ev valideynlərindən qalıb. Ailə qurmayan bacılar, bu evdə bərabər yaşayıblar. Deyirlər ki, zamanla ev onlara problemlər yaratmağa başlayıb. 1961-ci ildə tikilmiş ev artıq istismar müddətini başa vurub. İki nəfərin aldığı aylıq pensiya isə evi təmir etməyə yetmir.

“Evimiz çox pis durumdadır. Hamamımız, ayaqyolumuz belə yoxdur. Baxın, tək bizim evimiz deyil, qalan evlərin hamısı uçub-tökülür. Hamısı eyni boyda, standart. Hamısı da köhnəlmiş, pis günə qalmış evlərdir. İmkanı olan sonradan ev tikdirdi, ev aldı köçdü. Bizim kimilər də bu günə qədər qalıb burada”.

image_from_ios__10_.jpg
“Hamamımız, ayaqyolumuz belə yoxdur”.

Bacıların aylıq gəlirləri birgə 400 manata yaxındır. Kifayət Hüseynova deyir ki, bu pulla da 2 nəfər yaşlı adam iynə, dərman, ərzaq və kommunal xərclərini güc-bəla təmin edir:

“O qədər güclə çatır ki, qışda qaz yandıra bilmirik. Yazır deyə, çör-çöp, odun, ağac qırıntıları yandırmaqla keçinirik. Biz bu qədər çətinliklə dolanan adamlarıq. Evi təmir etməyə gücümüz çatmaz. Nə olar, dövlət bu iki tək qadına yardım etsə, dünya dağılmaz ki”.

Bacılar aidiyyatı qurumlara müraciət etdiklərini deyirlər. Ancaq bu günədək hər hansı bir kömək görməyiblər:

“İcra hakimiyyətindən gəlmişdilər. Baxdılar, ölçdülər. Təsdiqləyiblər ki, hətta bu ev qəzalıdır, yaşamağa yararsızdır. Ancaq bir tədbir görən olmadı. İllərdi bu qəzalı evdə yaşayırıq. Hər yeri dəlik-deşikdir. Yayda sürünən, siçovul, kərtənkələ evin içindədir. Qışda da damı su keçirir. Hər yerə vedrə düzməkdən bezmişik”.

image_from_ios__8_ (1).jpg
“İcra hakimiyyətindən gəlmişdilər”.

Bacılar evin həm qəzalı, həm də şəraitsiz olmasından gileylənirlər. Deyirlər, otaqlar da iç-içədir, qaranlıqdır, dardır. Hər yeri də tökülüb dağılır:

“Yağış yağanda ayaqlarımız suyun içində olur. Yaşlı adamlarıq. Dizlərimizi sarıyırıq ki, ağrımasın. Belim də xəstədir. Yıxılmışam. Ondan sonra özümə gələ bilməmişəm. Eşidirəm, görürəm Prezident deyir ki, kasıblara kömək edirik. Biz də kasıbdan biri. Hanı, illərdir yalvarırıq. Bizə kömək edən yoxdur”, – Kifayət Hüseynova əlavə edir.

Kifayət Hüseynova bazarlardakı bahalıqdan da narazıdır. Deyir, az qala hər gün qiymətlərdə artım olur. Ancaq aylıq gəlirləri artmır:

“Gəliri artmayan biri üçün ərzaq bahalaşmasının nə demək olduğunu heç deməyim. Çətindir, yaşaya bilmirik. Bu, var olmaqdır, mövcud olmaqdır, amma inanın, yaşamaq deyil. Pensiya heç nəyə çatmır. Ərzağı qənaətlə işlətməkdən gözümüz də yeməkdə qalır. Məsələn, hər şey bir yana, belim əməliyyat olmalıdır, ancaq adını belə tuta bimirəm”.

image_from_ios__5_.jpg
“Yağış yağanda ayaqlarımız suyun içində olur”.

Bacılar bir dəfə ünvanlı sosial yardım üçün müraciət də ediblər. “Əgər uşağınız yoxdursa, sizə düşmür”, – cavabını alıblar:

“Bu, uşaqpulu deyil axı, yardımdır. Uşağımız yoxdur deyə, ölməliyik? İndi bizimki də belə gətirib də. Bəxtimiz gətirməyib. Döşəməyə baxın, gəzəndə ayağının altından qaçır. Tavan üstünə gəlir. Altı boşalıb təmiz. Üstü pis gündədir. Bir gün zirzəmiyə düşəcəyik. Yazılan məktublardan isə heç danışmayıb. Bezmişəm məktub yazmaqdan da, göndərməkdən də. Nolar, bir insafa gələlər, bizə də bir yerdən yaşıl işıq yandıralar”.

Ucar Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən bildiriblər ki, qəzalı evlərin təmiri üçün onların büdcəsi yoxdur:

image_from_ios__6_.jpg
“Hamısı da köhnəlmiş, pis günə qalmış evlərdir”.

“Ümumiyyətlə, bilin ki, dövlətin bu istiqamətdə ayırdığı bir büdcəsi yoxdur. Təbii fəlakət, yanğın və s. kimi ciddi hadisələrdə kömək edilir. Ancaq qəzalı vəziyyətə düşən evlə bağlı hər hansı büdcəmiz yoxdur, kömək edə bilmirik”.

Kifayət Hüseynovaya gələn cavabda isə deyilir ki, icra hakimiyyəti ancaq yanan evlərə kömək edir.

“Bu ev başımıza da uçsa, heç nə edən deyillər. Mən belə başa düşdüm”, – Kifayət Hüseynova sonda bildirir.

image_from_ios__7_
Kifayət Hüseynova
image_from_ios__4_.jpg
“Biz bu qədər çətinliklə dolanan adamlarıq”
image_from_ios__2_.jpg
“Qalan evlərin hamısı uçub-tökülür”.
image_from_ios__3_.jpg
“Tavan üstünə gəlir”.
Ana səhifəBölgəHüseynova bacıları: Prezident deyir, kasıba kömək edirik, biz də kasıblardan biri…