Hüseyn Məlik: Məni İlham Əliyevə görə tutublar

”Mən heç kimi təhqir etməmişəm”

Source:

Hüseyn Məlik
Hüseyn Məlik


”Mən heç kimi təhqir etməmişəm”

Dekabrın 18-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlikin 25 sutka inzibati həbsi barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyilə keçirilən prosesdə H.Məlik özü də iştirak edib. O bildirib ki, Səbail Rayon Məhkəməsinin çıxardığı qərar qanunsuz və əsassızdır. Çünki qərarda onun polisə müqavimət göstərdiyi yazılsa da, əslində onu dekabrın 4-dən 5-nə keçən gecə saat 1-in yarısında polislər gəlib evindən aparıblar.

Səbail rayonu, 41-ci polis bölməsində dərhal telefonunun əlindən alındığını və polislərin onun “facebook” hesabına girib bütün statuslarını sildiyini deyən H.Məlikin sözlərinə görə, orada vəziyyəti pisləşib. Polislər Təcili Tibbi Yardım çağırmaq məcburiyyətində qalıblar. Bölmədə onun polisə müqavimət göstərməsi barədə protokol tərtib olunub: “İki nəfəri də üzümə qoydular…”

Siyasi fəal bildirib ki, Səbail Rayon Məhkəməsində onun haqqında proses dörd dəqiqə çəkib, özünə danışmağa da imkan verilməyib: “Mən heç bu məhkəmədən də nəsə gözləmirəm. Çünki ədalət məhkəməsi deyil axı, YAP məhkəməsidir”.

H.Məlik deyib ki, bölmədə olarkən səhərin açılmasını və özü istədiyi vəkillə əlaqə saxlamasını gözləməyiblər. Ona dövlət hesabına vəkil təyin olunub. O vəkilin də YAP-çı olduğunu biləndə hüquqlarını onun müdafiə etməsinə razılıq verməyib.

H.Məlik həbsinin gerçək səbəbi haqda da fikirlərini bildirib. Onun sözlərinə görə, 41-ci bölmədə olarkən ora Xətai rayon Polis İdarəsindən bir əməliyyat müvəkkili gəlib. Ona açıq şəkildə deyib ki, “Facebook” səhifəsində prezident İlham Əliyev haqqında yazdığı statusa görə cəzalandırılır: “Mənə dedi ki, prezidenti təhqir eləmisən. Dedim ki, mən heç kimi təhqir eləməmişəm. “Facebook” səhifəmdən statuslarımın silinməsi də təsdiqləyir ki, məni İlham Əliyevə görə tutublar, polisə müqavimət yalandır”.

Hakim H.Məlikin apelyasiya şikayətini təmin etməyib. Ona 25 gün inzibati həbs cəzası verilməsi barədə Səbail Rayon Məhkəməsinin 5 dekabr 2018-ci il tarixli qərarı qüvvədə saxlanıb.


Hüseyn Məlik

dekabrın 4-dən 5-nə keçən gecə saxlanılıb. Səbail Rayon Məhkəməsi onun 25 sutka azadlıqdan məhrum olunması barədə qərar çıxarıb.

Ana səhifəXəbərlərHüseyn Məlik: Məni İlham Əliyevə görə tutublar