”Avropa Məhkəməsinə şikayət edəcəyəm”
25 sutka inzibati cəza alan Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlik dekabrın 29-da sərbəst buraxılıb.
Bu barədə Hüseyn Məlik özü Meydan TV-yə açıqlama verib.
ADR İH-nin üzvü bildirib ki, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) əsassızdır:
“Çünki məni gecə qapımı sındırıb yataqdan aparıblar və polisdə deyiblər ki, “Facebook”da İlham Əliyev haqda yazdığın sərt statuslara görə həbs olunmusan. Ona görə Avropa Məhkəməsinə şikayət edəcəyəm”.
O bildirib ki, telefonuna müdaxilə etdiklərindən “Facebook”a daxil ola bilmir: “Kodlarımı dəyişiblər”.
Hüseyn Məlik Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində ona təzyiq olmadığını söyləyib.
Hüseyn Məlik
dekabrın 4-dən 5-nə keçən gecə həbs edilib. Dediyinə görə, onu iki nəfər mənzilindən aparıb.
Səbail Rayon Məhkəməsi onun 25 sutka azadlıqdan məhrum olunması barədə qərar çıxarıb.