Hüseyn Abdullayevin anası kimin pasportuyla ölkədən gedib-gəlib?

Sabiq deputatın işi üzrə sərhədçilərin həbsinin səbəbi məlum oldu

Source:


Sabiq deputatın işi üzrə sərhədçilərin həbsinin səbəbi məlum oldu

Aprelin 9-da Bakı Hərbi Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, Namiq Babayev və daha altı nəfərin – Həbib İbrahimov, Xalid Əliyev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Həbib Həsənovun sədrliyilə keçirilən məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub və bunun əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, “Araz-İnşaat” ASC 2006-2018-ci illərdə H.Abdullayevin faktiki nəzarətində olub. Onun tapşırığıyla müəssisəni tanışı, hazırda təqsirləndirilən şəxslərdən Namiq Babayev həyata keçirib. İddia olunur ki, H.Abdullayevin tapşırığıyla “Araz-İnşaat”a məxsus obyektlər müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verilib. Bundan əldə olunan 1 milyon 374 min manat gəlirin ASC-nin kommunal xidmət və başqa xərclərinə sərf olunması haqda səhmdarlara yalan məlumat verilib. Nəticədə səhmdarlara çatacaq gəlirlər ələ keçirilib.

İş üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb.

H.Abdullayev həmçinin 1 milyon 514 min manatlıq vergidən yayınmaqda ittiham olunur.

H.Abdullayevin anası isə ölkədən çıxışına məhdudiyyət olduğu halda, bacısının pasportu ilə xarici ölkələrə gedib-gəlməklə sərhədi qanunsuz keçməkdə ittiham olunur. Təqsirləndirilən keçmiş sərhədçilər Z.Abdullayevanın başqa adla sərhədi keçməsinə şərait yaratmaqda, sabiq deputatın bibisi oğlu İntiqam Süleymanov və Nazim Əliyev isə onun anasına yardım etməkdə təqsirləndirilir.

Daha sonra təqsirləndirilən şəxslərdən ittihamda yazılanlarla razılaşıb-razılaşmadıqları soruşulub. Onların heç biri özünü təqsirli bilməyib. N.Əliyev əvvəlcə özünü qismən təqsirli bilsə də, sonra fikrini dəyişib.

O, ifadəsində bildirib ki, Z.Abdullayevanın qohumu, təqsirləndirilən İntiqam Süleymanov ondan dayısının həyat yoldaşını Balakənə aparmağı xahiş edib. O da taksi kimi, sərnişindaşıma ilə məşğul olduğundan Z.Abdullayevanı aparıb. O, əlavə edib ki, Z.Abdullayevanın hara, hansı məqsədlə və necə getməsindən xəbəri olmayıb.

Təqsirləndirilən şəxslərdən Z.Abdullayeva və sərhədçilər ev dustaqlığında, digər 5 nəfər isə həbsdədir. Keçmiş sərhədçilər məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıb.

Azərbaycanda siyasi motivlərlə təqib olunduğunu bildirən və Almaniyada oturum alan H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. O, həbsinin siyasi sifariş olduğunu bildirir.

Ana səhifəXəbərlərHüseyn Abdullayevin anası kimin pasportuyla ölkədən gedib-gəlib?