Hüquqşünaslar Elmira Axundovanın fikirlərini şərh etdi

“İnsanın yaşamaq hüququ onun hüquqları arasında ən öndə gedənidir”

Source:


“İnsanın yaşamaq hüququ onun hüquqları arasında ən öndə gedənidir”

Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını bildirib və ölüm hökmünün bərpasını istəyib:

“Ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı başqa ölkələrdə ölüm hökmü var. Bizdə niyə yoxdur?”

Deputatın fikirlərini hüquqşünaslar Meydan TV-yə şərh ediblər.

Səməd Rəhimli
Səməd Rəhimli


Səməd Rəhimli:

“Azərbaycan Konstitusiyasının 27-ci maddəsi yaşamaq hüququnun hüquqi rejimini tənzimləyir. Həmin maddənin II hissəsində yaşamaq hüququndan məhrum edilmənin əsaslarından biri kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən ölüm cəzasının tətbiqi nəzərdə tutulur. Bununla bərabər, həmin maddənin III hissəsinə əsasən, ölüm cəzası “tam ləğv edilənədək” müstəsna cəza tədbiri kimi dövlət hakimiyyəti əleyhinə və şəxsin həyat və sağlamlığı əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə münasibətdə tətbiq edilə bilər.

Bu müddəada açar söz “tam ləğv edilənədək” ifadəsidir. Yəni əgər cəza qanunverici üsulla birdəfəlik və bötüvlükdə ləğv edilirsə və cəza növlərindən çıxarılırsa, bundan sonra tətbiq edilə bilməz. “Tam ləğv edilənədək” termininin əsas məğzi ondan ibarətdir ki, Konstitusiyanı təsis edən iradə ölüm cəzasının birdəfəlik ləğv ediləcəyini nəzərdə tutmuş olur.

Bundan əlavə, 1999-cu ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Sivil və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın 2 saylı Protokolunu ratifikasiya etdi. Həmin 2 saylı Protokol dinc (sülh) şəraitdə ölüm cəzasının tətbiqini qadağan edirdi.

Mənim fikrimcə, Konstitusiyanın 27-ci maddəsinin III hissəsində nəzərdə tutulan “tam ləğv edilənədək” ifadəsi müharibə şəraitini də ifadə edir. Yəni konstitusion iradə bütün hallarda yaxın müddətdə ölüm cəzasının ləğv ediləcəyini nəzərdə tutub. Lakin bu mübahisəlidir və bizim ölkədə təəsüf ki, Konstitusiya çox da yaxşı şərh edilmir. Bundan əlavə, 2000-ci ildə Azərbaycan 2 saylı Protokola aktiv müharibə əməliyyatları şəraitində ağır hərbi cinayətlərə görə ölüm cəzasının tətbiq edilə biləcəyinə dair qeyd-şərt qoyub. Eləcə də Azərbaycan AİHK-in ölüm cəzasının bütün hallarda (müharibə şəraiti daxil olmaqla) ləğv edilməsinə dair 13 saylı Protokoluna da ratifikasiya etməyib. Bu da onu deməyə əsas verir ki, Azərbaycan yalnız müharibə şəraitində müstəsna hallar üçün ölüm cəzasını tətbiq edə bilər. Onu da qeyd edim ki, Avropa Şurası ölkələrindən 13 saylı Protokolu 3 ölkə ratifikasiya etməyib, biri də Azərbaycandır.

Ümumiyyətlə, yaxşı olardı ki, Elmira Axundova Milli Məclisdə məişət zorakılığı qanunvericiliyinin düzgün tətbiq edilməsinə dair təkliflərlə çıxış etsin. Ölüm hökmünün bərpası kimi mümkünsüz olan təkliflər verməkdənsə, hökümətin məişət zorakılığına məruz qalmış qadınlara dair pozitiv öhdəliklərini yerinə yetirilməsinə, sığınacaqlarıın sayının artırılması və onların peşəkarlar tərəfindən effektiv fəaliyyətinin təmin olunmasına dair təkliflər irəli sürsün”.

Nicat Məmmədbəyli
Nicat Məmmədbəyli


Nicat Məmmədbəyli:

“Bu, ilk dəfə deyil ki, Milli Məclisdə ölüm cəzasının bərpası təklifi ilə çıxış edilir. Səhv etmirəmsə, əvvəllər Fazil Mustafa da belə bir təklif irəli sürmüşdü. Yəqin Elmira Axundova unudur ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də məhz ölüm hökmünün cinayət qanunundan qaldırılması idi. Ölüm cəzası 1998-ci ildə cinayət qanuna edilmiş dəyişikliklə aradan qaldırıldı və ömürlük həbslə əvəz edildi. Bununla da Azərbaycanda ölüm cəzası tam ləğv edildi. Avropa Şurasına daxil olandan sonra isə Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını və ona əlavə protokolları ratifikasiya etdi (13 saylı protokol istisna olmaqla). Ratifikasiya olunmuş protokollardan biri də 6 saylı olanıdır ki, Azərbaycan bununla ölüm cəzasını dinc şəraitdə tətbiq etməyəcəyinə dair beynəlxalq öhdəlik götürmüş oldu.

Fikrimcə,insanın yaşamaq hüququ onun hüquqları arasında ən öndə gedənidir. İstisna hallarda belə ölüm cəzasının tətbiqi üçün mütləq zərurət olmalıdır. Sivil və ədalətli cəmiyyətlərdə dövlət ağır cinayət törətmiş bir şəxsin belə islah olunmasında maraqlıdır (yəni ona verilmiş cəza həm də reabilitasiya xarakteri daşıyır), nəinki ondan intiqam almaqda”.

Ana səhifəXəbərlərHüquqşünaslar Elmira Axundovanın fikirlərini şərh etdi