“Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun həbsindən sonra daha iki nəfər məhbəsə atıldı. Onlar Leyla və Arif Yunuslardır. Hər üç şəxs “vətənə xəyanət”də ittiham olunsalar da, vəkillər heç bir istintaq hərəkətinin aparılmadığını bildirirlər. Ən maraqlı məqam odur ki, noyabrın 19-da Rauf Mirqədirovun həbs müddəti başa çatsa da, o, azad olunmadı. Vəkillərindən xəbərsiz məhkəmə prosesi keçirildi və həbs müddəti daha 5 ay uzadıldı. Vəkil Fuad Ağayevlə söhbətimizdə sadaladığımız mövcud durumun yaranma səbəbi ilə yanaşı, ölkədə hüquqi vəziyyəti təhlil etməyə çalışdıq.
–
Fuad bəy, noyabrın 19-da “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov haqqında seçilən həbs-qətimkan tədbirinin müddəti başa çatdı. Sizin həmin gün Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında onunla görüşmək cəhdiniz isə alınmayıb, o cümlədən, jurnalistin azad olunmaqla bağlı vəsatətiniz də rədd olundu. Baş verənləri hüquqi baxımdan necə izah edərdiniz?
– Əvvəla, olanlar ifrat dərəcədə qanun pozuntusudur, nəinki Azərbaycan milli qanunvericiliyini, Cinayət-Prosesual Məcəllənin 156, 159, 161 və 162-ci maddələri, hətta rəsmi Bakının üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklər də pozulub. O cümlədən, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 5-ci maddəsinin ifrat dərəcədə pozuntusudur. Məsələ ondadır ki, Rauf Mirqədirovun həbs müddəti noyabrın 19-a qədər müəyyınləşmişdi. Bu, o deməkdir ki, noyabrın 19-da Rauf Mirqədirov artıq azad edilməliydi. Onun vəkilləri olaraq biz düşündük ki, Mirqədirovu azad edərlər.Yaxud başqa qətimkan tədbirləri də mövcuddur, yəni başqa yerə getməmək haqqında iltizam, polisin nəzarətinə vermək və s. Amma əfsuslar ki, noyabrın 19-da Mirqədirov azad edilmədi. Bundan sonra noyabrın 20-də milli təhlüksizlik nazirinə, MTN-nin İstintaq Təcridxanasının rəisinə, ədliyyə nazirinə, ombudsmana, baş prokurora, onun birinci müavininə və İstintaq Qrupunun rəhbərinə teleqramlar və məktublar göndərdik. Bunlar elə həmin gün öz ünvanlarına çatmışdı. Qərara aldıq ki, əgər Mirqədirov azad olunsa, heç bir problem yoxdur, əks təqdirdə, MTN-nin İstintaq Təcridxanasına gedək. Söhbət noyabrın 20-dən gedir.Saat 3-dən sonra biz artıq nazirlikdəydik. Tələb etdik ki, Mirqədirov azad olunsun, çünki onun saxlanılması üçün heç bir formal əsas da qalmamışdı. Biri var qanunsuz məhkəmə qərarı əsasında kiminsə həbsdə saxlanılması, biri də var belə bir qərarın olmaması. Bu cür hallarda İstintaq Təcridxanasının rəhbərliyinin borcu və vəzifəsidir ki, Mirqədirovu azad etsin. Əks təqdirdə onlar qanunsuz həbsə imza atmış olurlar, necə ki, oldular. Biz təcridxanada olanda bildirdilər ki, rəis yerində yoxdur və telefon zənglərinə də cavab vermir. Bu, MTN üçün səciyyəvi olmayan bir haldır, İstintaq Təcridxanasının rəisi nəinki yerində yoxdur, zənglərə də cavab vermir. Bütün hallarda məsuliyyət onların üzərindədir. Belə olduqda biz Mirqədirovun şəxsi işinin qaldırılmasını tələb etdik. Rəisin olmaması o demək deyil ki, təcridxananın fəaliyyəti dondurulmalıdır və qanunlara əməl olunmamalıdır. Amma bizə cavab verildi ki, şəxsi işi də qaldırıla bilməz, çünki buna rəisin icazəsi olmalıdır. Bundan sonra Mirqədirovla görüş istədik, razılaşdılar. Yarım saat gözlədik, niyə gətirmədiklərini sual etdikdə “həkim müayinəsində” cavabını eşitdik. Saat 6-ya qədər Mirqədirovu gözlədik, guya həkim müayinəsindədir. Amma sonra bizə dedilər ki, saat 4-ə yaxın Mirqədurovu aparıblar Nəsimi Rayon Məhkəməsinə və bizi də aldadıb yubadıblar.
–
Bu, doğrudan da, analoqu olmayan hadisədir…
– Bilirsiniz, bunların məqsədləri mənə çatmır. Ümumiyyətlə, bizə məlumat da verilməmişdi ki, Mirqədirovun həbs məsələsinə baxılacaq. Bu, Azərbaycan hüquq sistemi üçün analoqu olmayan hadisədir. Daha niyə bizi aldadırlar? Rauf Mirqədirov üçün təcridxanaya gəlmişik, ekskursiyaya yox.
–
Deməli, gizli keçirilən məhkəmədə başqa bir vəkil olub?
– Heç bir qanuni əsas olmadan müstəntiq başqa bir şəxsin orderini Mirqədirovun müdafiəçisi kimi təqdim edib. Bir gün sonra Rauf Mirqədirov bizimlə görüşdə dedi ki, o, prosesin bu şəkildə keçirilməsinə kəskin etirazını bildirib. Çünki vəkillərindən heç biri – nə mən, nə də Elmar Süleymanov prosesdə iştirak etməyib. Onun etirazı nəinki qəbul olunmayıb, heç protokolda yazılmayıb da. Ümumiyyətlə, həbs müddətinin uzadılması prosesində bizim adımız da çəkilməyib. Maraqlı odur ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayev artıq mövcud olmayan həbsin müddətini uzadıb. Yəni noyabrın 19-na keçən gecə Mirqədirovun həbs müddəti bitib, hüquqi baxımdan, o, azad bir şəxsdir. Həbs müddəti yoxdursa, onu necə uzatmaq olar?!
–
Bu prosesdə müvafiq qanunun və Konvensiyanın hansı maddələri pozulub?
– Konvensiyanın 5-ci maddəsi, yəni Mirqədirovun azadlıq hüququ pozulub. Eyni zamanda, CPM-in 161, 162-ci maddələrinə uyğun olaraq Mirqədirov artıq azadlıqda olmalıydı. Məcəllənin 162.5 maddəsinə əsasən, əgər həbs müddəti bitibsə, yaxud kiminsə barəsində əvvəl həbs-qətimkan tədbiri seçilmişdisə, sonra uzatmaq qərarı olmayıbsa, yeni bir ittiham irəli sürülməliydi. Yəni Mirqədirov barəsində həbs-qətimkan tədbiri yalnız o zaman tətbiq edilə bilərdi ki, ona tamamilə yeni bir ittiham irəli sürülsün. Ancaq yeni ittiham irəli sürülməyib. Beləliklə, Mirqədirov əvvəldən qanunsuz həbs edilmişdi, indidə onun həbsdə saxlanılması daha ciddi qanun pozuntusudur.
–
Ümumiyyətlə, Rauf Mirqədirov barəsində istintaq hərəkətləri aparılırmı?
– Mirqədirov ifadə verib və heç bir əsası olmayan ittihamı rədd edib. Ona qarşı bir ittiham var. Baş Prokurorluq bu barədə məlumat yaymışdı ki, Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi irəli sürülüb. Guya, o, Ermənistan kəşfiyyatı üçün dövlət sirri və başqa səciyyəvi məlumatlar, sxemlər və s göndərib. Biz bu barədə açıqlama verdik ki, Azərbaycan hüquq-mühafizə orqanları Ermənistan xüsusi xidmətlərinin “toruna” düşüb. Çünki faktiki etiraf edirlər ki, bu barədə məlumatı onlara ermənilər ötürüb. Əgər ermənilər kimisə ələ almaq istəyirlərsə, Azərbaycan kəşfiyyatına bu barədə niyə məlumat verməlidirlər? Bu məsələdə məntiq yoxdur.
–
Sirr deyilsə, istintaq hansı arqumentlər gətirir?
– İstintaq sirri var və biz bununla bağlı heç bir şey danışmırıq. Amma orda sirr olacaq bir şey də görmürəm. Son bir aydan çoxdur ki, Rauf Mirqədirovla bağlı heç bir istintaq hərəkəti aparılmır. O ki qaldı bu cinayət işi çərçivəsində hansısa istintaq hərəkətinin aparılmasına, bu barədə heç nə deyə bilmərəm.
–
Siyasi və mətbuat dəhlizlərində belə bir fikir yayıldı ki, Rauf Mirqədirovun həbsindən sonra Leyla Yunus və Arif Yunus həbs edildi, bu barədə deyilənləri necə qiymətləndirirsiniz?
– Məgər, Rauf Mirqədirov özünü nədəsə təqsirli bilir ki, kimisə də təqsirli bilsin və özü ilə birgə iştirakçı kimi təqdim etsin?!
–
Hər üç şəxs arasında üzləşmə olubmu?
– Olub. Amma bu üzləşmədə heç bir fövqəltəbii açıqlamalar da olmayıb.
–
Ümumiyyətlə, Rauf Mirqədirovun işi ilə Yunusların işi eynidirmi?
– Məndə olan məlumata görə elədir.
–
Siyasi və hüquq baxımdan nə dərəcədə əsaslıdır ki, bu ittihamlarla cinayət işi qaldırıb, Azərbaycanın tanınmış jurnalisti, konfliktoloqu və hüquq müdafiəçisini həbs etsinlər?
– Mən hansısa mülahizələr irəli sürə bilərəm. Ancaq istəməzdim, hansısa ciddi məsələylə bağlı mülahizələrlə danışım. Bu sualı hüquq-mühafizə orqanlarına ünvanlasanız, daha doğru olar, əgər onlar cavab versələr.
–
Təəssüf ki, onlardan cavab ala bilmirik. Ona görə sizin Meydan TV-yə deməyə hər hansı ehtimalınız varmı?
– Çətindir. Çünki çox mülahizə və ehtimal ola bilər, bu, özü-özlüyündə araşdırılacaq məsələdir.
–
Bəs qaldırılan cinayət işi siyasi-hüquqi baxımdan absurd sayıla bilərmi?
– Son illər Azərbaycanda o qədər ağılasığmaz hadisələr baş verir, tamamilə əsassız, təsdiqlənməyən sübutlarla şəxslər məhkum olunur ki. Azərbaycanda ədalət mühakiməsinin problemləri ona gətirib çıxardır ki, istintaq orqanlarının hansısa işi gülünc vəziyyətə düşür. Yəni o ittihamlar ki, möhkəmlənməli və təsdiqlənməldir, onlar təsdiqlənmə olmadan, əsaslı təkzib olduğu halda təqsirsizlik prezumpsiyasının ziddinə olaraq, məhkəmələrə göndərilir.
–
Rauf Mirqədirov həbs ediləndə bildirmişıdiniz ki, ermənilər istəklərinə nail oldular, yəni Ermənistan-Azərbaycan münaqişəsini detallarına qədər bilən politoloqu sıradan çıxardılar. Onun ardınca tanınmış konfliktoloq Arif Yunus və onun həyat yoldaşı hüquq müdafiəçisi Leyla Yunus həbs olundular. Sizcə, bu məsələdə Ermənistan-Azərbaycan arasında siyasi oyun varmı?
– Zənnimcə, Ermənistan xüsusi xidmət orqanları o dərəcədə müstəqil deyil ki, bu oyunu oynasın. Ermənistan hansısa ciddi siyasi oyun oynayırsa, onun arxasında çox zaman şimal qonşumuz görünür. Mirqədirov da əvvəlcədən bildirmişdi ki, onun Gürcüstanla bağlı yazdıqları, həbsindən bir qədər əvvəl Rusiyanın Ukraynadakı siyasətilə bağlı məqalələri Kreml siyasi xadimlərinə xoş gəlməmişdi. Bununla bağlı Mirqədirova və başqa şəxslərə müəyyən mesajlar da çatdırılmışdı. Ona görə, o, əvvəlcədən demişdi ki, bu əməliyyatın arxasında Rusiya xüsusi xidmət orqanlarını görür.
–
Bəs onun Türkiyədən deportasiyası, ailəsindən məcburi şəkildə ayrı salınmasında qanunsuzluq varmı?
– Əlbəttə. Biz bunlarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə artıq müraciət etmişik. Yaxın müddətdə kommunikasiya olacağını gözləyirik.
–
Söhbətimizin yekununda ölkədəki hüquqi vəziyyətə nəzər salaq.Son vaxtlar məhkəmə qərarları olmadan ictimai-siyasi fəalları həbs edib Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparır, bir gün sonra isə hansısa qanunları pozduğunu elan edib azadlıqdan məhrum edirlər. Sonuncu belə həbslərlə bağlı vəkil Elçin Namazov və Qarabağ əlili, AXCP üzvü Asif Yusiflinin adını çəkə bilərəm. İndiki hüququ durum bu baxımdan necə izah olunar?
– Hər şey siyasi iradədən asılıdır. Siyasi iradə olmalıdır ki, Azərbaycanda qanunlar işləsin. Sovet dönəmiylə müqayisədə əfsuslar ki, qanunçuluq çox zəifdir. İstənilən şəxsin həbsi, ağır ittihamlara məruz qalması mümkündür. Bu vəziyyətin düzəlməsi üçün siyasi sistemdə ciddi dəyişikliklər lazımdır. Birinci növbədə, ədalətli seçkilər keçirilməlidir, korrupsiyaya qarşı ciddi mübarizə aparılmalıdır. Əfsuslar ki, biz bu sahədə ancaq şüarlar eşidirik, real dəyişikliklər yoxdur. Fakt faktlığında qalır ki, Azərbaycanda siyasi məhbusların sayı 145 milyon vətəndaşı olan Rusiya Federasiyasındakından iki dəfə artıqdır.
–
Bu gedişat bizə nə vəd edir?
– Yaxşı bir şey vəd etmir. Azərbaycanın əsas iqtisadi dəyəri olan neft hasilatında artıq problemlər var. Neftin qiyməti son vaxtlar sürətlə enir, bu, Azərbaycana iqtisadi baxımdan yaxşı bir şey vəd etmir. Onu da nəzərə alsaq ki, iqtisadiyyatın digər sahələrində ciddi irəliləyişlər yoxdur, enerji hasilatına və ticarətinə Azərbaycanın dövlət iqtisadiyyatı möhtacdır, o zaman yaxın müddətdə vəziyyətin daha da pisləşməsini proqnozlaşdırmaq olar. Vəziyyət pisləşəndə, bu, ilk növbədə, sadə vətəndaşların üzərində yük olur.