Hüquq müdafiəçisi: “Novruzda əfv sərəncamı gözləyirdik, təəssüf ki…”

Foto: “Müdafiə Xətti”

“Hakimiyyət siyasi məhbus ailələrinin hissləri ilə oynayır”

Hüquq müdafiəçiləri Novruz bayramı ərəfəsində dövlət başçısının əfv sərəncamı verməməsindən məyus olublar.

Bu barədə “Müdafiə xətti” təşkilatının icraçı direktoru Rüfət Səfərov martın 17-də keçirdikləri mətbuat konfransında bildirib.

O, əfv sərəncamını gözlədiklərini deyib: “Gözləyirdik ki, mart ayında əfv sərəncamı imzalanacaq, siyasi məhbuslar azadlığa buraxılacaq. Təəssüf ki, bu, baş vermədi”.

O, hakimiyyəti siyasi məhbus ailələrinin hissləri ilə oynamaqda qınayıb: “Ailələrə söz verirlər, yerinə yetirmirlər”.

“Siyasi məhbusların günahı ondadır ki, onlar hakimiyyətin siyasi xəttini dəstəkləmirlər. Hazırkı idarəçilik forması siyasi məhbuslarsız mövcud ola bilməz”, – Rüfət Səfərov belə deyib.

Onun sözlərinə görə, hökumət dünyadakı proseslərdən nəticə çıxarmalı və öz siyasətini dəyişməli, daha liberal hərəkət etməlidir.

Təşkilatın hesabatında reportyor, LGBTİ+ fəalı Əvəz Hafizlinin qətlə yetirilməsi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz edən azərbaycanlı fəallara polisin mane olması, beynəlxalq daşımaları həyata keçirən yük maşınlarının sürücülərinin dinc aksiyası və onlara qarşı polis zorakılığı yer alıb.

Hesabatda həmçinin Bəxtiyar Hacıyev və Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərinin sıxışdırılmasından da söz açılıb.

Ana səhifəSiyasətHüquq müdafiəçisi: “Novruzda əfv sərəncamı gözləyirdik, təəssüf ki…”