”Dedilər ki, barəmdə 4 il əvvəl qaldırılmış cinayət işinə xətm verilib və ölkədən çıxışıma qoyulan qadağa aradan qaldırılıb”
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevin barəsində 4 il əvvəl başlanmış cinayət işinə xitam verilib.
Bu barədə Meydan TV-yə Oqtay Gülalıyev məlumat verib.
O bildirib ki, Sabirabad polis idarəsinə çağrılması müsbət sonluqla nəticələnib:
“Dedilər ki, barəmdə 4 il əvvəl qaldırılmış cinayət işinə xətm verilib və ölkədən çıxışıma qoyulan qadağa aradan qaldırılıb”.
Oqtay Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabadın Minbaşı kəndində saxlanılmışdı və inzibati qaydada 12 sutkalıq həbs cəzası almışdı. Aprelin 19-da ona qarşı CM-in 220.2 (kütləvi iğtişaş) maddəsilə cinayət işi açılmışdı.
Sabirabad Rayon Məhkəməsi Oqtay Gülalıyevun barəsində 2 ay həbs qətimkan tədbiri seçmiş və o, Bakıya, İstintaq Təcridxanasına göndərilmişdi. 2012-ci il iyunun 13-də Sabirabad Rayon Məhkəməsi həbs qətimkan tədbirinin ləğv olunması və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərar vermişdi.