Sahib Məmmədov: “Saleh Rüstəmlinin acılıq aksiyası keçirməsi ictimai rezonans doğuran məsələdir”
“Saleh Rüstəmovla bağlı müraciətə reaksiyanın tezliklə veriləcəyini düşünmürəm. Bəzən operativ reaksiyalar olur, amma mən eşitməmişəm”.
Bunu Meydan TV-yə hüquq müdafiəçisi Sahib Məmmədov hazırda aclıq aksiyası keçirən Saleh Rüstəmovla bağlı noyabrın 19-da Prezident İlham Əliyevə ünvanladıqları müraciəti şərh edərkən deyib.
Sahib Məmmədov deyib ki, dövlət başçısına müraciəti imzalayandan sonra aidiyyatı üzrə göndərilməsini təklif edib, yəni mətbuatda yayılmasının tərəfdarı olmayıb.
Noyabrın 19-da bir qrup qeyri-hökumət təşkilatı (QHT) nümayəndəsi, media rəhbəri və hüquq müdafiəçisi 13 saylı Cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Saleh Rüstəmovla bağlı Prezident İlham Əliyevə müraciət edib.
Onlar bildiriblər ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Saleh Rüstəmovun səhhətində ciddi problemlər yaranıb.
Saleh Rüstəmov 17 gündür aclıq aksiyası keçirir.
Noyabrın 22-də məhbusla görüşən vəkil Bəhruz Bayramov onun durumunun ağır olduğunu açıqlayıb.
Sahib Məmmədov Saleh Rüstəmlinin acılıq aksiyası keçirməsini ictimai rezonans doğuran məsələ sayır:
“Belə məsələlərin mətbuatda yayılmasını istəmirəm. Amma müraciət bir neçə gün əvvəl göndərilib. Reaksiya belə olmalıdır da: müvafiq orqan müraciətin üstün yazıb aidiyyatı orqanlara göndərməlidir. Bu da zaman çəkər. Hər halda ictimai rezonans doğuran məsələdir ki, ölkənin bir qrup hüquq müdafiəçisi, ziyalıları, mətbuat nümayəndələri məhbusun keçmiş xidmətləri nəzərə alınaraq humanist münasibət göstərilməsini istəyib”.
Qulu Məhərrəmli: “Bu məsələyə ciddi yanaşılmalıdır”
Müraciətə imza atanlardan telejurnalist Qulu Məhərrəmli bildirib ki, bu məsələyə ciddi yanaşılmalıdır.
Onun sözlərinə görə, işlə müraciəti hazırlayan Təşkilat Komitəsi məşğul olur:
“Onlar müraciəti Prezidentə göndəriblər və müəyyən adamlarla əlaqə saxlayırlar. Güman edirəm ki, reaksiya olmalıdır, çünki tanınmış siyasi fiqur əsassız həbs olunduğu üçün aclıq aksiyası keçirir. Ona görə hakimiyyət orqanlarının münasibəti olmalıdır”.
Novella Cəfəroğlu: “Saleh Rüstəmovla bağlı Prezidentə müraciətimizə cavab gözləyirik”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyir ki, müraciətə cavab gözləyirlər:
“Biz Saleh Rüstəmovun amnistiyaya salınmasını istəyirik. İmkan daxilində bütün vasitələri işə salmışıq, görüşlər keçirdirik, danışıqlar aparırıq. Əminəm ki, Saleh bəyin azad olunmasına nail olacağıq”.
“Bildiyimizə görə, Saleh Rüstəmov həkim nəzarətindədir, Penitensiar Xidmətlə hər gün əlaqələrimiz var. Ombudsmanla da danışıb vəziyyəti diqqətinə çatdırmışıq”, – Novella Cəfəroğlu belə deyir.
Məsələylə bağlı Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən münasibət almaq mümkün olmayıb.
Saleh Rüstəmov 1998-ci ildən Rusiyada yaşayıb.
2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gələn Rüstəmov Şəmkirdə saxlanılıb.
Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.
İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmov də eyni ittihamla saxlanılıb.
Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, onlar çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Amma Saleh Rüstəmov ittihamı rədd edib.
O bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub.
Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay azadlıqdan məhrum edilib.
Vidadi Rüstəmova isə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.