Arzu Abdullayeva: “Leyla Yunusun cəsus olmasını düşünmək ayıbdır ”
Sülh Və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun Heydər Əliyev adına Hava Limanında saxlanılması onun həmkarlarının etirazı ilə qarşılanıb.
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Meydan TV-yə bildirib ki, hüquq müdafiəçisi Leyla Yunusa qarşı polisin hərəkəti və hökumətin basqıları biabırçılıqdır:
“Baş verən rüsvayçılıq Azərbaycanın imicinə mənfi təsir göstərəcək. Hazırda beynəlxalq təşkilatlar Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetində sədrlik zamanının çatdığını nəzərə alaraq vicdan məhbuslarının azad olunmasını tələb edirlər. Bu ərəfədə belə biabırçılıq kimə lazım idi? Bu yaxınlarda Avropa Şurasının baş katibi Yaqlandın Bakıya səfəri gözlənilir. Düşünürdük ki, NİDA-çılar, İlqar Məmmədov, Tofiq Yaqublu, Hilal Məmmədov, Əvəz Zeynallı bu ərəfədə azad olunacaq. Belə zamanda Rauf Mirqədirovu qondarma ittihamla həbs etmək kimə lazım idi? Heç olmasa, onun məqalələrini oxusunlar.
Bu suallara Azərbaycan hakimiyyəti cavab verməlidir ki, bunlar kimin oyunudur? Leyla Yunusa gəlincə, onun cəsus olmasını düşünmək ayıbdır ”.
A.Abdullayeva güman edir ki, baş verənlərin arxasında geosiyasi komponentlər dayanır: “Mən konkretliyə varmaq istəmirəm, amma hakimiyyət insan hüquqlarının bərbadlığının, seçkilərin azad keçirilməməsinin Qarabağ probleminin həllinə mənfi təsir edəcəyini bilməlidir. Lap tutaq ki, sülh yoluna qadağa qoydular, məgər müharibə variantı varmı? Xeyr, yoxdur! Biz indiki vəziyyətdə müharibə edə bilərikmi?”
D.Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu polisin Leyla Yunusa hərəkətini qiymətləndirməyə çətinlik çəkib: “Söz tapmıram buna, ayıbdır. İnsan heç düşməninə qarşı da belə hərəkət etməzdi. Qadına qarşı belə biabrçılıq olarmı?!. Bu Azərbaycanın imicinə zərbədir. Həmin polis
Leyla Yunus tualetə gedəndə durub tualetin qabağında və deyib ki, mənim yanımda tumanını çıxart gir tualetə. Leyla Yunus da tualetə polisin qabağında gedib oturub. Leyla Yunus xəstədir, onun şəkəri var, o cümlədən, onun həyat yoldaşı da xəstədir və hazırda reanimasiyadır”.
N.Cəfəroğluya görə, bu hadisələrin Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi ərəfəsində və AŞ baş katibi cənab Yaqlandın səfəri öncəsi baş verməsi təsadüfü deyil: “Kimsə bunu Azərbaycan dövlətçiliynə, prezidentinə qarşı edir”.
Hüquq müdafiəçisi İradə Cavadova həmkarlarının fikirlərinin bölüşdüyünü dedi. Onun sözlərinə görə, Leyla Yunusa əvvəlcədən nəyə görə saxlandığını deməmək hüquq pozuntusudur: “Çox acınacaqlı durumdur ki, xanımı heç ayaqyoluna belə buraxmayıblar. İkinci, səhər saat 8-dən günorta 15-ə qədər Leyla xanımı dindirmələri qanunvericiliyə uyğun deyil, insan istirahət və nahar etməlidir axı. Leyla Yunus tanınmış hüquq müdafiəçisi olduğundan ona qarşı mədəni və qanuna müvafiq davranılmalıydı. Təsəvvür edin ki, bir xanımın evində axtarış aparmaq üçün 15 polis gəlibsə, bu, basqın kimi qiymətləndirilməlidir”
Vəkil Fuad Ağayev Meydan TV-yə bildirib ki, Leyla Yunusun üzərində axtarış aparılması, ona qarşı polis basqıları, son nəticədə saxlanılması Rauf Mirqədirovun həbsi ilə əlaqədardır.
Milli Şuranın fəxri sədri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov baş verənlərdən dəhşətə gəldiyini bildirib. O, deyerler.org saytına deyib ki, Azərbaycan
avtoritarizmdən totalitarizmə keçir, hakimiyyət ölkədə az da olsa qalan ictimai rəyi məhv etməyi qarşıya məqsəd qoyub: Leyla Yunus və Arif Yunus ən dəyərli və hörmətli ziyalılardandır. Onlara qarşı belə münasibət açıq-aşkar cinayətdir”.
İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov Meydan TV-yə hadisəni mənfi qiymətləndirdi və irəli sürülməsinə ehtimal edilən ittihamların müdhiş nəticələrə çıxaracağına inanmadığını dedi. O, Leyla Yunusa qarşı təzyiqlərdə bir sıra pozuntuların baş verdiyini və bu prosesin ümumi neytrallaşdırılma tendensiyası olduğunu düşünür: “Məqsəd tənqidi səslərin susdurulmasıdır”. Rəsul Cəfərov hökumətyönlü medianın Leyla Yunusun ölkədən qaçmaq və Fransa səfirliyinin ona 5 illik viza verməsi haqqında xəbərləri uydurma adlandırdı: “Axı hər uzunmüddətli viza alan şəxsin qaçmağını düşünmək nə dərəcədə düzgündür? Bu məntiqlə çıxış etsək o zaman dövlət qurumlarında çalışanların uzunmüddətli Şengen vizalarının olduğuna nə ad vermək olar? İkinci, Leyla Yunus ölkədən gizli ylola getmək istəməyib, xanım və həyat yoldaşı hava limanında pasportunu təqdim edib və ona Azərbaycandan çıxmaq qadağası qoyulmayıb. Nəhayət, konstitusiya və beynəlxalq qanunlar hər bir vətəndaşın sərbəsthərəkətini tanıyır. Lüyla Yunus da bu hüquqdan istifadə etmək istəyib. Əgər Leyla Yunus və həyat yoldaşı ölkənin zəif qorunan sərhəd keçid məntəqəsindən gizli yolla və saxta sənədlə getmək istəsəydik, həmin mövqe üzərində düşünmək olardı”.