Hüquq müdafiəçiləri: cəzaçəkmə yerlərində işgəncə, qanunsuzluq var

Həbsxanalardakı vəziyyətlə bağlı hesabat açıqlanıb

Source:


Həbsxanalardakı vəziyyətlə bağlı hesabat açıqlanıb

Siyasi Məhbusların Müdafiə Mərkəzi (SMMM) dekabrın 26-da “Həbs yerlərində saxlanma şəraiti, Azərbaycanda siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” adlı hesabatını təqdim edib.

Təşkilatın üzvü, yazıçı Zümrüd Yağmur hesabatın hazırlanmasında məqsədin ictimaiyyətin diqqətini həbs yerlərində baş verən işgəncə və korrupsiya faktlarına yönəltmək olduğunu deyib.

O, hazırda 150-dən çox siyasi məhbusun olduğunu söyləyib.

SMMM koordinatoru Oqtay Gülalıyev qeyd edib ki, hesabat məhbusların ailələri, vəkillər, beynəxalq təşkilatların sənədləri, keçmiş siyasi məhbusların söhbətləri əsasında tərtib edilib.

Ancaq SMMM nümayəndələrinin özləri cəzaçəkmə yerlərinə getmək imkanlarından məhrum ediliblər.

Penitensiar Xidmət siyasi məhbusların ümumi sayına, onların saxlanma xərclərinə dair məlumatları təqdim etməkdən imtina edib.

“Həbsxanalarda ümumi vəziyyət ağırdır. Adam çoxdur və həbsxanaların çoxunda məhbuslar növbə ilə yatmalı olur”, – koordinator vurğulayıb.

A.Gülalıyev müsbət məqamlar sırasında yeni müəssisələrin tikintisi prosesinin başlandığını göstərib.

Bundan əlavə, dustaqlara müntəzəm olaraq telefonla danışmaq hüququ verilib.

Ancaq o, əlavə edib ki, həbsxana yeməyinin keyfiyyəti aşağı olaraq qalır. Baxmayaraq ki, beynəlxalq təşkilatların hesabatlarına görə, hələ 2011-ci ildə dövlət büdcəsindən gündə hər məhbusun qidalanması üçün 8 avro ayrılıb. Dustaqlara göstərilən tibbi xidmətin keyfiyyəti də aşağıdır.

O.Gülalıyev diqqəti məhbuslara qarşı işgəncə hallarının yayılmasına yönəldib və bəzi hallarda ölümlə nəticələnən olayların da olduğunu qeyd edib:

“2017-ci ilin aprelində Bakı İstintaq Təcridxanasında bloger Mehman Qələndərov və bu ilin payızında Qazax rayon sakini yerli polisdə ölüb”.

O.Gülalıyev 2016-cı ilin aprel döyüşlərindən sonra casusluqda şübhəli bilinərək, həbs olunmuş 8 hərbçinin işgəncədən ölməsi faktını qeyd edib. Onların bəzisini dəfn olunmaq üçün qohumlarına verməyiblər. Lakin sonradan həmin ittihamlar öz təsdiqini tapmayıb və cinayət işləri bəraətverici əsaslarla bağlanıb.

Tədbirdə Tərtər rayonunda həlak olan həmin hərbçilərdən birinin, Elçin Quliyevin anası danışaraq oğlunu öldürdüklərini deyib.

Hesabatda işgəncələrdə əli olan 42 nəfər hüquq-mühafizə əməkdaşının soyadları açıqlanıb.

Sənəddə adam oğurluğuna da diqqət ayrılıb:

“Adamların məhkəmə qərarı olmadan qanunsuz şəkildə günlərlə, hətta həftələrlə həbsdə saxlanmasına toxunulur. Dini fəal Əhsən Nuruzadə, fəal Fatimə Mövlamlı, Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli və digərləri ilə belə hallar baş verib”.

Hesabatda korrupsiya faktlarına ayrıca bölmə həsr edilib:

“Əsasən qanunla pulsuz olması nəzərdə tutulan hüquqların və xidmətlərin “preyskurantı” göstərilir”.

Tədbirə qatılan keçmiş siyasi məhbus, jurnalist Əvəz Zeynallı məhbuslara geyimin verilmədiyini qeyd edib.

Onun sözlərinə görə, özü həbsdə olarkən ilk dəfə corabı həbsindən yarım il sonra alıb.

Ə.Zeynallı insan hüquqlarını pozanların – təkcə sədrlik edən hakimlərin yox, həmçinin məhkəmə heyətinin digər üzvlərinin – “qara siyahı”ya daxil edilməsini təklif edib, çünki sifarişli hökmlərin çıxarılmasına görə onların hamısı məsuliyyət daşıyır.

Hesabatda bildirlib ki, cəzaçəkmə yerlərinin əksəriyyəti hələ sovet dövründə inşa edilmiş köhnə tikililərdir. Həmin müəssisələrdə qanunlar tam işləmir. Məhbuslara qarşı ayrı-seçkilik halları, korrupsiya faktları, qanunsuzluq və işgəncə halları baş verir.

Ana səhifəXəbərlərHüquq müdafiəçiləri: cəzaçəkmə yerlərində işgəncə, qanunsuzluq var