Hulusi Akar: Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir

Nazir deyib ki, Türkiyə və Rusiya generalları işləyəcək, Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsi üçün birlikdə fəaliyyət göstərəcəklər.

Source: https://www.aa.com.tr/tr/


"Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsi üçün birlikdə fəaliyyət göstərəcəklər"

“Hazırda Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir. Çox qısa bir müddətdə yoldaşlarımız orada vəzifə başına keçəcək”.

Bu açıqlamanı Türkiyənin Müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə

verib

.

Nazir deyib ki, Türkiyə və Rusiya generalları işləyəcək, Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsi üçün birlikdə fəaliyyət göstərəcəklər.

Noyabrın 11-də Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb.

Müqavilə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış atəşkəsə əməl edilməsinin monitorinqini həyata keçirəcək mərkəzin yaradılmasını nəzərdə tutur.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib.

Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub.

Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir. Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətHulusi Akar: Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir