*15:22
Hövsan kənd sakinləri bazar ertəsi etiraz aksiyasında polislə qarşıdurmada həyatını itirən Elnur Əliyevin dəfninə hazırlaşırlar. Bu haqda “Turan İA”-a Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli bildirib.
O qeyd edib ki, kənd camaatı E.Əliyevgilin həyətində toplaşıblar.
R.Dəmirlinin sözlərinə görə, hadisə ilə bağlı kəndə gələn hüquq-mühafizə orqanları və Suraxanı rayon icra hakimiyyətinin təmsilçiləri kənd camaatına aksiyaya səbəb olmuş 118 saylı məktəbin direktoru Qardaşxan Kərimovun işdən kənarlaşdırıldığı, barəsində cinayət işi başadıldığı haqda məlumat veriblər.
Sakinlər məktəb direktoru Qardaşxan Kərimovun barəsində təcili ölçü götürülməsini tələb edirlər
Yanvarın 19-da Hövsan kəndində keçirilən etiraz aksiyası zamanı polislə qarşıdurmada kənd sakini, 21 yaşlı Elnur Əliyev dünyasını dəyişib. Bu haqda “Turan İA”-a Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli bildirib.
Onun sözlərinə görə, kənd sakinlərinin etiraz aksiyası keçirmələrinə səbəb kənddəki 118 saylı məktəbin direktoru Qardaşxan Kərimovun sayğısız və etikadan kənar ifadəsi olub. Kənd sakinləri dəfələrlə məktəbdə müəllimlərin dərsə davamiyyətindən direktora şikayət etsələr də, direktor bu barədə ölçü götürməyib.
Kənd sakinlərinin dərslərə davamiyyəti pis olan tarix müəlliminin dəyişdirilməsi tələbinə isə direktorun “siz kişi evə gəlməyəndə məgər kişini dəyişirsiz?” kimi təhqiramiz cavabı isə kütləvi aksiyaya səbəb olub. Kənd sakinləri məktəbin önünə toplaşmağa başlayıblar. Q.Kərimov qorxusundan məktəbdən qaçıb, sonra polisin müşayətilə məktəbə gəlib.
Direktoru mühafizə edən polislə sakinlər arasında qarşdıdurma yaranıb, bu qarşıdurma E.Əliyevin ölümü kimi faciə ilə başa çatıb. Daha bir yaşlı şəxs xəstəxanaya qaldırılıb. Ölüm xəbəri yayıldıqdan sonra sakinlər hələ də məktəbə axışır, insident davam edir.
Polis orqanları, Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndəltri hadisə yerinə gəliblər. Onlar sakinlərdən aksiyanı dayandırmağı xahiş edərək bu məsələni özləri həll edəcəkləri vəd etsələr də, sakinlər dağılmayıblar. Sakinlər məktəb direktoru Qardaşxan Kərimovun barəsində təcili ölçü götürülməsini tələb edirlər.