”Hörmətli prezidentim, məmurlar mənə baxmır”

Səxavət Məmmədova 21 yaşındaykən həyat yoldaşı Qarabağ müharibəsi zamanı həlak olub. Özünün dediyinə görə həyat yoldaşı Murovdağda gedən döyüşlər zamanı qar uçqununun altında qalaraq həyatını itirib. Bundan sonra ailəsinin dolanışığı üçün 232 manat müavinət ayrılıb. Səxavət Məmmədova deyir ki, bu pulla çətinliklə dolanmaq olur : “Bizə ayrılan pulla birtəhər dolanırıq, amma indiki zamanda çox çətindi. Üstəlik də bir otaqlı evdə oğlum, gəlinim və mən yaşayırıq. Dekabrda da nəvəm doğulandan sonra dörd nəfər birotaqlı evdə yaşamalıyıq.”

Səxavət Məmmədova şəhid ailələrinə olan qayğıdan şikayətçidir və bunu məhz Azərbaycanda belə oduğunu düşünür. Onlara göstərilən pis münasibətə görə şəhid ailəsi olduğunu bəzən gizlədir:

“Türkiyədə görürsüz, necə yaxşı baxırlar şəhid ailəsinə. Mən heç yerdə şəhid ailəsi olduğumu demirəm, çünki utanıram bunu bildirməyə. Bilirlər ki, Azərbaycanda şəhid ailəsi yazıqdır.”

Getdiyi dövlət orqanlarında məmurların onu qovduğunu, təhqir etdiyini deyən S.Məmmədova bildirir ki, şəhid ailəsi təhqir olunmalı deyil: “Şəhid ailəsi bütün xalqın dərdidir, onu qorumalıdır.”

Bakı şəhəri, Xətai rayonu İcra hakimiyyətinə gedən Səxavət xanımı icra başçısı yox, onun müavininin qəbul etdiyini bildirir. Ancaq, özünə qarşı hörmətsizlik, diqqətsizlik görən şəhid ailəsi üzünü ölkə başçısına tutub müraciət edir:

“Mən qanundan kənar heç nə istəmirəm. Oğlumun da bir evi, işi olsun, getsin işləsin gətirib ailəsini dolandırsın”.

Ana səhifəVideo”Hörmətli prezidentim, məmurlar mənə baxmır”