Mənim Amerika ilə ilk tanışlığım sonradan təhsil alacağım 208 nömrəli məktəbin direktorunun otağında başlamışdı. Anam və xalam məktəbdə müəllimə işlədiklərindən uşaqlığım elə o məktəbdə keçmişdi. Beş yaşımdan oxuma-yazma öyrəndiyim üçün mənə kitablar, qəzetlər maraqlı gəlirdi. Elə kiril əlifbasını o dönəmin qəzetlərindən öyrənmışdim.
Direktorun otağında böyük bir kitab şkafı var idi. O şkafda məni özünə çəkən tək bir kitab var idi. Qalın üzlüklü, təxminən 600 səhifədən ibarət olan “Amerika Birləşmiş Ştatları tarixi” adlı bir kitab görmüşdüm. Təxminən 1 həftəlik yalvarışlardan sonra o kitabı bir neçə həftəlik götürüb, oxuyub direktora qaytarmışdım.
Sonralar ağlım tam kəsən zamanlarda direktordan bir neçə dəfə də o kitabı alıb oxumuşdum.
O kitabda nələr yox idi ki?!
“İstiqlaliyyət bəyənnaməsi”, Vətəndaş müharibəsindən tutmuş müasir Amerikanın insan hüquqları, hətta Quantanamo həbsxanası haqqında da məlumatlar var idi.
Mən o kitabı oxuyaraq, ilk dəfə Amerika Birləşmiş Ştatları ilə tanış olmuşdum.
Bir gün Amerikanı gedib canlı görəcəyimi sanki uşaqlığımdan bilirmişəm. Uşaqların duyma instiktləri daha güclü olur axı?!
Bu gün artıq iki ilə yaxındır ki, Amerikada yaşayır, işləyir, gələcəyimi bu ölkədə qururam. Hər gün, yalan olmasın, onlarla dost-tanış yazaraq, bu ölkə haqqında hansısa məlumat soruşur, bura gəlmək istəyir.
Hətta bir dəfə bezərək, facebookda status da yazdım ki “Facebook mesaj qutum Amerika Birləşmiş Ştatlarının miqrasiya idarəsinin mətbuatla əlaqələr şöbəsinə dönüb”.
Amerikaya gələnəcən sizi bir gün çəkən təyyarə səyahəti gözləyir. Bakıdan birbaşa “New York John Kennedi” aeroportuna reys olduğu üçün bura gələn azərbaycanlılar əsasən bu reyslə səyahət edir. Əminəm bir çoxunuz yolda olarkən dünyanın ən böyük şəhərlərindən birini öz fikrinizdə canlandırır və ya canlandıracaqsınız.
Əgər beyninizi lap çox “Amerikaya gedirəm” fikri ilə doldursanız, təyyarədən düşən kimi böyük bir mədəni şok keçirmə şansınız çox olacaq.
New York üçün əsas deyilən fikirlərdən biri budur ki, “Əgər televizorda New Yorku göstərəndə qoxunu da duysa idiniz, bura heç gəlmək istəməzdiniz.”
Mən New Yorkun çoxmərtəbəli binalarını, məşhur Times meydanını, əsasən rus, azərbaycanlı və yəhudilərin yaşadığı Bruklin şəhərini, Wall Street-ini, Manhattan-ini bir kənara qoyub, Amerikanın hər tərəfində görə biləcəyiniz “evsiz”lərdən (bundan sonra –“homeless”) yazmaq istəyirəm. Bir çox dostlarımızın düşündüyünün əksinə olaraq, “Amerikada yel əsib, dollar tökülməyib”. TV-lərdə, kinolarda da göstərilən Amerika real Amerikadan çox-çox fərqlidir.
Buranın həyat sistemi yaxud rejimi ele qurulub ki, ani səhvlərin hamısı sizin həyat tarixçənizə yazılır. Məsələn, bir dəfə maşınınızı bərk sürüb, sürət həddini keçərək, polisdən cəza alsanız, bəlkə də uzun illər yeni maşın alanda sırf o cəzaya görə daha çox sığorta pulu ödəyəcəksiniz.
Qayıdaq səfillərə (homeless).
Amerika həyat rejimində ani bir səhvinizdə ilk olaraq pulunuz, sonra isə eviniz, yaxud kirayədə qalırsınızsa, kirayə qaldığınız ev, yaxud otağı itirib sayları milyonlar olan səfillər ordusuna qoşulacaqsınız.
Amerikanların səfillərə qarşı münasibəti bəlkə azərbaycanlılara qəribə gələ bilər. Onlar bu tip insanlara uğursuz kimi baxırlar. Əgər sən pul qazana bilmirsənsə, sən uğursuzsan, evin yoxdursa, maşının yoxdursa, uğursuzsan. Axı Amerika fürsətlər ölkəsidir?!
Sənə bir şey olsa, insanlar maksimum ayaq saxlayıb, köks ötürüb yollarına davam edəcəklər. Səfillər əsasən metrolarda, qatarlarda, bank ATM-lərində, yaxud hər zaman isti olan alış-veriş mərkəzlərində “yaşayırlar”.
Metroda onlara heç kim dəyib-dolaşmasa da, şəhərlərarası qatarlara buraxılmırlar. Ticarət mərkəzlərində də həmçinin təhlükəzlik xidməti əməkdaşları onları görən kimi binadan uzaqlaşdırırlar.
Dövlət bu tip insanlar üçün “aşxanalar” yaratsa da, onlar oralardan çox da istifadə etmirlər. Bu tip insanlara dövlət müəyyən qədər maddi yardım da edir, amma bu nə qədər uğurlu siyasətdir – bunu müzakirə etmək olar.
Son beş ayda bir çox səfil həyatı yaşayan insanlarla görüşüb söhbətləşmişəm. Görüşdüyüm insanlar əsasən bir fikri müdafiə edirlər. Onlar üçün küçələrdə, metrolarda yaşamaq onların təbii – anadangəlmə haqlarıdır.
Onlar deyir ki, bu dövlətin vətəndaşlarıyıq və bizim bu ölkənin hər daşının üzərində yatmaq, yaşamaq, hətta yaşamaq üçün dilənmək hüququmuz var. Yəni ki, bir baxımdan səfil olmaq bir həyat tərzidir. Amma borclar ucbatından küçələrə düşən insanlar da N qədərdi.
Bu yaxınlarda yaşı təxminən 55-60 olan bir səfil ilə tanış oldum. İllərlə Amerika ordusunda döyüşüb, bir çox ölkədə olub, beş dil bilir, amma bu gün Bostonun mərkəzində isti-soyuq demədən sakitcə dayanaraq yaşamaq üçün pul dilənir. Əlində tutduğu elanda isə “Evsiz edəcəyiniz hər kömək üçün təşəkkür edir” yazılıb. Geyimindən onun səfil olduğunu bilmək mümkün deyil, bilməzsiniz. Mən iş zamanı hər zaman bayıra çıxıb siqaret çəkəndə onu görürdüm. Yaxınlaşıb bir dollar kömək etmək istəyəndə isə “mənə pul yox, siqaret ver, əgər mümkündürsə” – dedi. Mən də çıxarıb bir siqaret verdim və o gündən bu günəcən hər dəfə siqaret çəkməyə çıxanda onunla söhbətləşirik.
Çox mədəni bir insandır və deyir ki, onun evi də var, pensiyası da, bu, ona heç kimə möhtac olmayacaq qədər rahat həyat verir, amma monotonluqdan bezərək, burada dayanaraq dilənir.
Mən özümü onun həyat fəlsəfəsini anlayacaq qədər dərin bir insan saymıram. Niyə belə etdiyini də başa düşmürəm, amma Amerikada olan səfillərin heç də hamısı onun kimi şanslı deyil.
Mən yazının bu hissəsinin sonunda isə Amerikaya köçmək istəyən azərbaycanlılara üzümü tutub bir-iki məsləhət vermək istəyirəm. Sizə Amerikada iş, yaşayış vəd edən kimlərsə olsa, mütləq iş üçün təminat alın, sonra, ingiliscə bilmirsinizsə, viza prosesi davam etdiyi müddətdə az da olsa ingilis dilini öyrənin. Dili bilmədən burada sizin dil açmamış bir yaşlı uşaqdan fərqiniz olmayacaq.
Amerikanın qızıl bir qaydası var: “Bu ölkədə yaşaya bilirsənsə yaşa, əgər ciddi bir cinayət etməsən, səni heç kim buradan qovmayacaq, deportasiya edilməyəcəksən. Yox, əgər yaşaya bilməyib, ölsən, bu, sənin öz günahındır!”
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…