”Hökumətin ”pambıq sevdası” ətin qiymətini artırdı”

54 min 547,61 ton pambıq yığılıb

Source:


54 min 547,61 ton pambıq yığılıb

“Oktyabrın 2-dək pambıq qəbulu məntəqələrinə 54 min 547,61 ton məhsul təhvil verilib”.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. Ötən bir gündə 4 min 426,81 ton pambıq tədarük olunduğu bildirilir.

“Məhsul yığımında Saatlı rayonu öndə gedir. Rayon pambıqçıları indiyədək 10 min 481,70 ton məhsul təhvil veriblər. İlk beşliyə Biləsuvar (6390,59 ton), Sabirabad (5881,06 ton), Beyləqan (4213,09 ton), Ağcabədi (4195,11 ton) rayonları daxildir. 2017-ci ildə 250-300 min ton pambıq tədarükü hədəflənir”.

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, bundan sonra belə havada daha az pambıq yığılacaq. Ümumi çəkini 80-85 min tona çatdırsalar böyük işdir:

“Hər ton pambığın maya dəyəri, təqribən, 400-450 dollardır. Satış qiyməti isə 700-750 dollar olacaq. Yəni bu qədər səs-küy, “ağ qızıl” nağılı, camaatın əziyyəti, zorla əməyə cəlb edilməsinin əvəzində pambığı xaricə satan şirkətlər 24-25 mln. dollar qazanacaq. Bunun da vergi və digər ödənişlər şəklində büdcəyə xeyri 5-6 mln. dollar olacaq”.

İqtisadçı bildirir ki, hökumətin “pambıq sevdası” ət qiymətlərinin 15 faiz artmasına səbəb olub:

“Yeni ilqabağı qiymətlər daha 10-15 faiz artacaq. “Pambıq hekayəsi” vətəndaşın cibinə ət qiymətləri ilə ziyan vurub”.

Natiq Cəfərli

Natiq Cəfərli xatırladır ki, 2004-cü ildə Azərbaycanda 196 min ton pambıq yığılmışdı:

“Bunun büdcəyə, vətəndaşa və ya dövlətə xeyrini hiss etmişdinizmi? Həmin 196 min ton pambığın nə büdcənin qazanc hissəsində, nə ixracatda, nə də gömrük gəlirlərində ciddi yeri oldu. İndi isə 80-85 min ton pambıq olacaq. Deməli, yeni “pambıq sevdası” da “istisinə qızınmadan, tüstüsünə kor olmaq”, kimi bir şey olacaq”.

Hökumət 2016-cı ildən başlayaraq pambıqçılığı inkişaf etdirməyə çalışır. Rəsmilər bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüklərini bəyan ediblər.

Prezident İlham Əliyev builki çıxışlarından birində “2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq”, – demişdi.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci illə müqayisədə 33 min 373 hektar çox idi.

2017-ci ildə isə Azərbaycanda 136 min 413,2 hektar sahədə pambıq əkilib.

Ana səhifəXəbərlər”Hökumətin ”pambıq sevdası” ətin qiymətini artırdı”