”Hökumətin özünə nəzarət etməsi sovet dövründəki Xalq Nəzarət Şurasını xatırladır”

“Repressiyalara məruz qalmış, dağıdılan vətəndaş cəmiyyəti ictimai nəzarəti necə həyata keçirə bilər?”

Source:


“Repressiyalara məruz qalmış, dağıdılan vətəndaş cəmiyyəti ictimai nəzarəti necə həyata keçirə bilər?”

Prezident İlham Əliyevin yanvarın 10-da keçirdiyi müşavirədə ictimai nəzarət mexanizmləri ilə bağlı söylədikləri maraqla qarşılanıb. Prezident tapşırıq verib ki, ictimai nəzarət mexanizmləri işə salınsın: “Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir”.

Tarixçi alim Altay Göyüşov ictimai nəzarət mexanizminin həyata keçirilməsi üçün ən azı müstəqil ictimaiyyətin olmasını vacib sayır.

O, Meydan TV-yə bildirib ki, Azərbaycanda müstəqil ictimaiyyət yoxdur. Müstəqil ictimaiyyəti vətəndaş cəmiyyəti təmsil edir. Azərbaycanda isə vətəndaş cəmiyyətini “beşinci kolon” elan edərək, son 3 il repressiyalarıyla sıradan çıxardılar.

Altay Göyüşov sual edir: “Repressiyalara məruz qalmış, dağıdılan vətəndaş cəmiyyəti ictimai nəzarəti necə həyata keçirə bilər? İkinci vacib amil müstəqil mətbuatdır ki, o da məhv edilib. Ona görə ictimai nəzarət barədə deyilənlər sözdən və niyyətdən başqa bir şey deyil”.

Neft sahəsi üzrə mütəxəssis İlham Şaban prezidentin çağırışını alqışlasa da, ancaq bunun çoxdan edilməsini vacib saydı: “Neftin qiymətinin yüksək vaxtında vətəndaş cəmiyyətinin fəalları, müstəqil ekspertlər hökumətin xərcləmələrində şəffaflığın artırılması üçün ictimai nəzarət məsələsini qaldırmışdılar. Tələb və təkliflər ondan ibarət idi ki, xərcləmələrdə səmərəliliyi artırmaq üçün vətəndaş cəmiyyətinin öz yeri olmalı, hökumət yalnız öz qurumlarına etibar etməməlidir. Ancaq hökumət təklifləri ironik qarşılayaraq cavab verirdi ki, əgər onlar varsa, üçüncü qüvvənin nəzarətinə ehtiyac yoxdur. Neftin qiymətinin enməsi nəticəsində gəlirlərin azalmasıyla hökumət fərqli situasiyanı görür. Artıq prezident üçüncü dəfədir hökumətin iclasında xərcləmələrin rasionallığı haqda çağırış edir. Görünür, prezident çağırışların effektivliyini vermədiyini sezir və cəmiyyətin də prosesdə iştirakını vacib sayır”.

Ancaq İlham Şaban prezidentin hökumətdən ictimai nəzarətlə bağlı təkliflər gözləməsini qənaətbəxş saymır: “Yaxşı olardı dövlət başçısı ictimaiyyətə çağırış edərdi ki, təkliflərinizi göndərin. Axı hökumət rasional xərcləmələrə öyrəşməyibsə, özünə nəzarət yaradan hansı təklif verə bilər? Hökumətin özünə nəzarət etməsi sovet dövründəki Xalq Nəzarət Şurasını xatırladır. Şuraya daxil olanlar heç nə etmədən ən yaxşı yaşayanlar idi”.

Ana səhifəXəbərlər”Hökumətin özünə nəzarət etməsi sovet dövründəki Xalq Nəzarət Şurasını xatırladır”