“Yaranmış vəziyyətdə hökumətin atacağı ilk addım idxal üzərində inhisarçılığı tamamilə aradan qaldırmaq, istənilən sahibkarın idxal fəaliyyətinə şərait yaratmaq və inzibati maneləri aradan qaldırmaq olmalıdır”
“Mərkəzi Bankın Azərbaycan manatının ABŞ dolları və Avropa valyutası qarşısında kəskin ucuzlaşdırılması ilə bağlı məlum qərarından sonra ölkədə kiçik və orta sahibkarlara “süni qiymət artımı” və “möhtəkirliklə mübarizə” tədbirləri adı ilə sərt basqılar və nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar artmaqdadır. Rəsmi təbliğatın məqsədi sərt devalvasiyasının doğurduğu sosial nəticələrin məsuliyyətini hökumətin üzərindən kiçik və orta sahibkarların üzərinə keçirməkdi. Rəsmi qurumlar, həmçinin onsuz da zəif olan kiçik və orta biznesə nəzarəti və müdaxilələri sərtləşdirməklə manatın devalvasiyasının iqtisadi nəticələrini, xüsusilə aztəminatlı əhalinin itkilərinin kompensasiyasını da sahibkarların hesabına ödətmək istəyir”.
Bu fikirlər REAL Hərəkatının ərzaq qiymətlərinin artımı ilə bağlı mövqe sənədində əks olunub. REAL Hərəkatından Meydan TV-yə daxil olan məlumatda daha sonra bildirilir: “Xarici valyutaların bahalandığı şəraitdə həmin valyutalarla ölkəyə idxal olunan məhsulların, xammalın və son məhsulun hazırlanması üçün yarımfabrikatların qiymət artımı qaçılmazdı. Lakin aydın məsələdir ki, bazar iqtisadiyyatı qanunlarının, məhkəmə sisteminin effektiv çalışdığı sağlam və ədalətli rəqabət mühiti şəraitndə rəsmi təbliğatda tez-tez istifadə olunan “süni qiymət artımı”, “möhtəkirlik” mümkün deyil. Əks halda qiymətləri artırmaq hesabına varlanmaq istəyən sahibkarlıq subyektləri rəqabətdə dərhal uduzar, qanunlar onları sərt şəkildə cəzalandırar. Heç şübhəsiz, son 1 ildə qlobal miqyasda ərzaq məhsullarının qiyməti orta hesabla 10 faiz ətrafında ucuzlaşıb. Ərzaq ehtiyaclarının ən azı 50 faizi idxal hesabına formalaşan Azərbaycanda isə ötən il ərzaq məhsulları təxminən 1.5 faiz bahalaşdı. Buna səbəb pərakəndə ticarət şəbəkələri deyil, ərzaq idxalını inhisarda saxlayan iqtisadi qruplar və onların bu qanunsuz fəaliyyətinə şərait yaradan səlahiyyətli dövlət qurumlarıdır”.
Hərəkat yaranmış vəziyyətdən çıxış yolları da göstərir: “Hökumətin atacağı ilk addım idxal üzərində inhisarçılığı tamamilə aradan qaldırmaq, istənilən sahibkarın idxal fəaliyyətinə şərait yaratmaq və inzibati maneləri aradan qaldırmaq olmalıdır. Devalvasiyanın qiymət artımına mənfi təsirlərini azaltmaq üçün atılacaq başqa bir addım ölkədə, ümumiyyətlə, istehsal olunmayan, yaxud daxili tələbatın əhəmiyyətli hissəsi idxal hesabına ödənilən zəruri qida məhsullarına təbiq olunan gömrük ödənişləri azaldılmalı və ya müəyyən müddətə vergidən azad edilməlidir. Sərt qiymət müdaxilələrinin doğuracağı mənfi nəticələrin məsuliyyəti dövlət qurumlarının üzərində qalacaq. Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələr ölkəyə daha ucuz və insan sağlamlığı üçün keyfiyyətsiz məhsulların idxalını genişləndirə bilər. Bu artıq ölkənin qida təhlükəsizliyinin təhdid altına atılmasıdır. Başqa bir təhlükə budur ki, sərt qiymət müdaxilələri rəsmi satış yerlərində qida məhsullarının qıtlaşmasına və sovet dövründə olduğu kimi “qara bazar”ın genişlənməsinə səbəb ola bilər. Nəhayət, nəzərə almaq lazımdır ki, daxildə istehsal olunan bir sıra məhsulların xammal və yarımfabrikatları idxal olunur. Sərt qiymət müdaxilələri nəticəsində idxalın gəlirsiz olması həmin sahibkarları ya məhsul istehsalından imtina etməyə, ya da daha keyfiyyətsiz və ucuz xammal və yarımfabrikatlardan istifadəyə vadar edə bilər”.
REAL həmçinin hökuməti onsuz da zəif vəziyyətdə olan orta və kiçik sahubkarlıq institutlarının daha da gücdən düşməsinə yönəlik inzibati addımlardan çəkinməyə çağırıb. “Hökumətin ölkənin düşdüyü ağır durumdan çıxarmaq üçün düşünülmüş bir proqramı yoxdur. Bunu nəzərə alaraq, illərdir özünün yaratdığı inhisarçılıq və korrupsiya sxemlərini ləğv etməli, pərakəndə satışla məşğul olan xırda sahibkarlara deyil də, ölkədə inhisar yaratmış, birbaşa məmurlara bağlı olan strukturlarla mübarizə aparmalıdır.
Ölkədə köklü islahatlara ehtiyac var, qiymət artımının zəifləməsi üçün mütləq rəqabətli mühüt gücləndirilməli, mülkiyyət toxunulmazlığı təmin edilməli, Azərbaycan dərhal bütün bəhanələri kənara qoyaraq, Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, gömrük və vergi, dövlətin digər nəzarət funksiyası olan orqanlarının biznesə müdaxilələrini minimuma endirilməlidir. Kiçik və orta biznesə dəstək proqramları qəbul edilməli, onların kreditə və xarici bazarlara çıxış imkanları artırılmalıdır” – deyə sənəddə qeyd olunur.