Hökumətin dirsəkləndiyi “yastıq”

Neft bahalanmasa “yastıq” hökumətə dirsəklənəcək

Source:


Neft bahalanmasa “yastıq” hökumətə dirsəklənəcək

Azərbaycan hökuməti Neft Fondunun 3 ay bundan öncəyədək 37 milyarddan çox, indi isə 35 milyarddan az valyuta ehtiyatlarını “təhlükəsizlik yastığı” bilib, olduqca arxayın görünür. Uzun illər ölkədə iqtisadi islahatların aparılmaması, özəl təşəbbüskarlıq və rəqabət əvəzinə inhisarlara geniş meydan verilməsi, ölkədə şişman dövlət aparatının saxlanması, büdcə israfçılığı yastığa arxayın-arxayın söykənməyin nəticəsidi.

Düz 10 ildir ölkəyə axan böyük neft pullarını hökumət imkanı çatdığı qədər dövlət büdcəsi vasitəsilə xərcləyib, imkanından artıq hesab etdiyi hissəni isə Neft Fonduna yönəldib. Bu Fondun adını istəyəndə “gələcək nəsillər fondu” qoydular – amma normativ qaydada Fonddakı vəsaitlərin gələcək nəsillərə saxlanması üçün dəqiq limitlər müəyyənləşdirmədilər. Məsələn, Avstraliyada olduğu kimi: bu ölkədə 2006-cı ildə yaradılan Suveren Fond haqqında qanuna görə, gələcək nəsillər üçün saxlanan vəsaiti 2020-ci ildən tez xərcləmək olmaz.

Sərf edəndə “sabitləşdirmə fondu” deyirlər – amma dövlət büdcəsi vasitəsilə maliyyə sabitliyini təmin etmək üçün ayrılan transfertlərin həcminə, ayrılma meyarlarına, büdcədə payına belə dəqiq hüquqi limitlər müəyyən olunmayıb. Məsələn, Qazaxıstanda (həmçinin Norveçdə) olduğu kimi. Xəzər qonşumuzda Neft Fondunun qarşıdakı 3 il üçün transferlərinin həcmi hər il ayrıca qanunla parlamentdə təsdiqlənir. Həmçinin Qazaxıstanın Büdcə Məcəlləsində “mümkün qədər bir maliyyə ilində maksimum aktivlərin üçdə bir hissəsi qədər” xərcləmələrin olmasının vacibliyi önə çəklir.  Bizdə son illər hökumət istəyəndə dövlət büdcəsinin 30%-ni, istəyəndə 54%-ni Fond hesabına formalaşdırıb.

Əgər dünya bazarında neftin qiymətinin və hasilatın uzun illər sabit qalacağına təminat olsa, iqtisadiyyatımız hökumətin bu “xərcləmə davranışı”nın fərqinə varmadan elə uzun vədədə  də vizual sabitlik və inkişaf nümayiş etdirə bilər. Lakin Neft Fondunun 2015-ci ilin ilk rübü ilə bağlı açıqladığı informasiyalar göstərdi ki, bu davranış dəyişməlidi. Çünki dünya maliyyə sistemində baş verən proseslər bəzən sən xərcləməsən belə, sənin pulunu əridə bilir. Necə ki, Azərbaycan Neft Fondun xaricdə saxladığı aktivlərinin həcmi təxminən cəmi 3 ay ərzində 2.2 milyard dollar əriyərək 37.1 milyard dollar dollardan 34.9 milyard dollara azalıb.

Azalmanın rəsmi səbəbi kimi məzənnə fərqinin yaranması göstərilir. Doğrudan da, ötən ilin sonlarından 2015-ci ilin martın sonlarınadək Neft Fondunun aktivləri saxlanan əsas valyutaların hamısı ABŞ dolları qarşısında dəyərini itirib. Məsələn, 3 ay ərzində türk lirəsi 12.5%, rubl 4.5%, Koreya Vonu 1.7%, avro 12.5%, ingilis funtu 4.7% ucuzlaşıb.

Təbii ki, saxlanc valyutaları ucuzlaşırsa, Neft Fondunun məzənnə fərqindən itkiləri də qaçılmazdır. Son 3 ayda ən çox itki avro üzrə ehtyatlarda olub. Belə ki, əgər dekabr ayının məzənnəsilə Neft Fondunun avro ehtiyatlarının dollar ekvivalentində həcmi təxminən 12.5 milyard dollar olmuşdusa, mart ayının sonuna olan məzənnə ilə həmin göstərici 11 milyard dollara enib. Yəni, aktivlərin dollar əsasında yenidən qiymətləndirilməsi nəticəsində avro ilə saxlanan ehtiyatların 1.5 milyard dollara yaxın azaldığı aydın olur. Türk lirəsi üzrə bu itki 38 milyon, funt üzrə 42.6 milyon, von üzrə 19 milyon dollar təşkil edib. Artım yalnız rublla aktivlərdə baş verib və təxminən 40 milyon dollar təşkil edib. Fond valyutalar üzrə artım və azalmaların analizini təqdim etməsə də, rubl üzrə aktivlərin artımının səbəbi yəqin ki, VTB bankın səhmlərinin nominal dəyərinin yüksəlməsilə bağlıdır.

Rəsmi məlumatlardan aydın olur ki, son 3 ayda qızıl aktivlərinin dəyəri dəyişməyib və 1.150 milyard dollar səviyyəsində qalıb.

Amma Fondun açıqladığı hesabatda 2 məqam diqqəti çəkir: Azərbaycan manatı ilə saxlanan ehtiyatlar 400 milyon dollar azalaraq, 523 milyon dollardan 123 milyon dollara, ABŞ dolları ilə ehtiyatlar isə 453 milyon dollar azalaraq, 19.87 milyard dollardan 19.4 milyard dollara enib. Kiçik bir qiymətləndirmə apardıqda məlum olur ki, Azərbaycan manatı ilə ehtiyatlar üzrə təxminən 150 milyon dollarlıq itki manatın dollar qarşısında 35% dəyər itirməsi ilə bağlıdır. Bəs yerdə qalan 250 milyon dollar ekvivalentində manat ehtiyatının azalmasına səbəbi nədir?

Avro ABŞ dolları qarşısında dəyər itirdiyinə görə dollar ekvivalentində avro aktivlərinin azalması anlaşılandı. Bəs ABŞ dolları ilə saxlanan aktivlərin dəyəri nə üçün 453 milyon dollar azalıb? Təəssüf ki, Neft Fondunun rəhbərinin mətbuat konfransında bu suallara cavab verilməyib.

Fondun xarici aktivlərinin həcmində təxminən 6%-lik azalma qeydə alınsa da, valyuta strukturu demək olar dəyişməz qalıb. Ötən ilin sonları ilə müqayisədə dollar aktivlərinin payı 53.4%-dən 55.5%-ə, qızılda saxlanan aktivlərin payı 3.1%-dən 3.3%-ə yüksəlib, əksinə avro ehtiyatlarının payı 33.6%-dən 31.5%-ə enib. Nəticə etibarı ilə ilk üçlüyün ümumi aktivlərdə 90%-lik payını qoruyub.

Bir vacib məqama da son mətbuat konfransında aydınlıq gətirilmədi: bu ilin 1-ci rübündə Neft Fondunun xərcləri onun gəlirlərindən 308 milyon manat çox olub. Aydın məsələdir ki, Fond öz büdcə kəsirini ehtiyat aktivləri hesabına qarşılayıb. Belə məlumat var ki, həmin vəsait əsasən yanvar-fevral aylarında – neftin orta aylıq qiymətinin 50 dollar ətrafında olduğu zaman xərclənib. Bu dövr devalvasiyadan əvvələ təsadüf etdiyindən, deməli, Fondun büdcə kəsirinin örtülməsinə də 400 milyon dollara yaxın ehtiyat aktivlərdən xərclənib. Bir sözlə, bir tərəfdən aktivlərin saxlandığı valyutaların dəyərsizləşməsi, o biri tərəfdən hökumətin aktivlərə əl atması Fondun valyuta ehtiyatlarının 3 ay ərzində 6%-dək əriməsilə nəticələndi. Devalvasiya Fonda ən azı 3 milyard dollar vəsaitə qənaət etməyə imkan verməsə idi, bu il neftin qiymətinin dəyişməcəyi tədqirdə Neft Fondunun aktivlərinin ən azı 20-25%-i itirilə bilərdi.

Bütün bu reallıqları görə-görə hökumət bir dəfə də olsun real iqtisadi və idarəetmə islahatlarının zəruriliyi haqda danışmaq istəmir. Amma dünya enerji və maliyyə bazarlarında hazırkı tendensiyaların yaxın illərdə davam etməsi elə şərait yarada bilər ki, hökumətin indi dirsəkləndiyi yastığın (Neft Fondu) özü hökumətə dirsəklənə bilər –yıxılmamaq üçün.

Ana səhifəXəbərlərHökumətin dirsəkləndiyi “yastıq”