Hökumət siyasi işlərdə Avropa Məhkəməsinin təyin etdiyi təzminatları ödəmir

”Çingiz Əsgərova zəng edəndə, ”məni yorursuz” – deyib, telefonu qapadır”

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Avropa Məhkəməsi


”Çingiz Əsgərova zəng edəndə, ”məni yorursuz” – deyib, telefonu qapadır”

Gənc fəal Orxan Carçı Azərbaycan hökumətindən Avropa Məhkəməsinin onun üçün təyin etdiyi təzminatın qalanını ala bilmir.

O, 3 il 2 aydır təzminatını ala bilmədiyini söyləyir. Buna görə Avropa Məhkəməsinin Azərbaycan nümayəndəliyinin rəhbəri, icraya cavabdeh Çingiz Əsgərova qarşı 1 saylı İnzibati İqtisad Məhkəməsində iddia qaldırıb.

Bu barədə Meydan TV-yə danışan Orxan Carçı məhkəmənin sentyabrın 25-də keçiriləcəyini deyib:

“Avropa Məhkəməsi şikayətimi 2016-cı ildə təmin edib. Hökumətin mənə 12 min avro təzminat ödəməli olduğunu bildirib. Bu məbləğin yalnız 8,5 min avrosu ödənilib. 3,5 min avro qalıb. Artıq həmin məbləğin üstünə faizlər gəlir. Ötən ilin oktyabrından təzminat dayandırılıb. Bu gecikmə yalnız mənimlə bağlı deyil, siyasi işlərin əksəriyyətində vəziyyət eynidir. Biz icraya cavabdeh Çingiz Əsgərova hər dəfə zəng edəndə, “məni yorursuz” – deyib, telefonu qapadır. Güman ki, məhkəmə şikayətimizi rədd edəcək. Amma biz hüquqi proseduru davam etdirəcəyik”.

Orxan Carçının vəkili Əsabəli Mustafayev deyilənləri təsdiqləyib.

O bildirib ki, Azərbaycan hökuməti azad seçki hüququnun pozulması və aksiyalarda iştiraka görə Avropa Məhkəməsinin qərarlarına əsasən verilməli olan maddi ödənişləri bir ildən çoxdur dayandırıb:

“2017-ci ildə bu istiqamətdə olan ödənişlər verilməyib. 2016-cı ildə olanların bir qismi verilib. Təxminən 100-ə yaxın şikayət təmin olunmayıb və vəsaitlərin üstünə faizlər də gəlib. Artıq Avropa Şurasının Nazirlər Komitəsinin saytında da bu məlumat əks olunub. Məsələ ondadır ki, mülki işlər üzrə hətta 2018-ci ilin qərarları yerinə yetirilir. Siyasi motivli işlərdə isə belə deyil. Burada bir məqam var. Siyasi işlərdə vəkil olanların adları mülki işlərdə keçirsə, onlara ayrılmış hüquqi yardıma görə kompensasiya ödənilmir. İşlərin sayı çox olsa da, məbləğ böyük deyil. Belə bir ayrı-seçkilik var”.

Əsabəli Mustafayev bir qrup şəxsin icraya cavabdeh Çingiz Əsgərova müraciət etdiyini, amma heç bir cavab almadıqlarını da deyib:

“Həmin adamlar məhkəmə iddiası qaldırıblar. Orxan Carçının şikayətinə isə hakim Çingiz Məmmədov baxacaq”.

Ana səhifəXəbərlərHökumət siyasi işlərdə Avropa Məhkəməsinin təyin etdiyi təzminatları ödəmir