”Hökumət siyasətində ciddi dəyişiklik etməsə, problemlər qabaracaq”

Vahid Məhərrəmov: ”Bu siyasət heyvandarlıqla məşğul olan fermerləri pis vəziyyətdə qoydu”

Source:


Vahid Məhərrəmov: ”Bu siyasət heyvandarlıqla məşğul olan fermerləri pis vəziyyətdə qoydu”

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov ətin qiymətinin artacağını bir neçə il əvvəldən proqnozlaşdırdığını deyir.

O, iddia edir ki, ətin qiymətinin artmasının səbəbi hökumətin ciddi siyasət aparmaması, dövlət proqramı qəbul etmək əvəzinə bu sahəni məhv etməsidir:

“Uzun müddətdir ölkədə kifayət qədər yem bazası yaradılmır. Qoyun-quzunun sayı 7-8 milyon, iribuynuzlu mal-qaranın sayı 2,7 milyondur. Yəni bu qədər mal-qaranın saxlanılması üçün həm örüş sahələri azdır, həm məhsuldarlıq aşağı düşdüyündən ot istehsalı zəifdir və ümumiyyətlə, qüvvəli yem Azərbaycanda istehsal olunmur. Toyuq, yumurta istehsalı üçün yem komponentləri xaricdın gətirilir. Əgər bu sahə ilə sistemli məşğul olunmasa, problemlər aradan qaldırılmasa, gələcəkdə Azərbaycanın tələbatı qədər ət və süd istehsal etmək mümkün olmayacaq”.

Vahid Məhərrəmov deyir ki, bu gün gerçək vəziyyətin şahidi oluruq: “Hökumət qaş düzəltdiyi yerdə gözü də çıxartdı. 100 min hektara yaxın örüş sahəsi sıradan çıxarıldı və bitkiçiliyə verildi. Halbuki, örüş sahələrinə daha çox ehtiyac var. Bu siyasət heyvandarlıqla məşğul olan fermerləri pis vəziyyətdə qoydu. Söhbət etdiyim fermerlər mal-qaranı saxlamaq üçün yer və yem bazası tapmamalarından şikayətçidirlər. Deməli, yemin qiyməti artdığı üçün fermerlər əldə etdikləri məhsulun-ətin və südün qiymətini qaldırmağa məcburdurlar.

foto sosial şəbəkə
foto sosial şəbəkə

Vahid Məhərrəmov fikirlərini təsdiqləmək üçün statistikaya müraciət edib:

“Ötən ilin 10 ayı ilə bu ilin 10 ayını müqayisə edəndə ət idxalı 160, süd idxalı isə 60 faiz artıb. Bu, ölkədə ət qıtlığının yaranmasından xəbər verir. Alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyü bir zamanda ətin, südün qiyməti qalxır. Heyvandarlıq məhsullarının istehsalı ciddi şəkildə azaldılıb. Əvvəla, təklif tələb olan qədər deyil və bu halda idxal artır. Əgər örüş sahələrinin dövriyyədən çıxarılması davam edərsə, ət və süd istehsalında ciddi problemlər yaranacaq. Problem ondadır ki, yerli icra orqanları fermerlərin işinə əngəl törədirlər. Hər halda dövlət apardığı siyasəti hərtərəfli hesablamalıdır”.

Mütəxəssisin fikrincə, dövlət problem yaratmaq istəyir:

“Baxın, pambıqçılğa kifayət qədər maliyyə ayrıldı, nə əldə olundu? Heç nə! Hökumət pambıqdan gələn gəliri hesablayır, vurulacaq zərəri görmür. Artıq yem bazası yaradılmayıb, örüş sahələri əkinçilik üçün sıradan çıxarılır, mal-qarada ciddi xəstəliklər özünü büruzə verir, bu isə istaehsala ciddi təsirlə bərabər mal-qaranın sayını da azaldacaq. Örüş yeri, yem yoxdursa, fermerlər nə etməlidir? Ola bilər bir müddət indiki qiymət saxlanıldı, yaxud endirildi, ancaq hökumət siyasətində ciddi dəyişiklik etməsə, problemlər qabaracaq”.

Ana səhifəAnalitika”Hökumət siyasətində ciddi dəyişiklik etməsə, problemlər qabaracaq”