Hökumət ”sehirli çubuq modeli”nin axtarışındadır

Source:

Başqalarının uğurlarından və uğursuzluqlarından dərs çıxarmaq lazımdır.

Neft Fondunun rəhbəri Şahmar müəllim deyir ki, Azərbaycan yeni iqtisadi model axtarışındadı.

Azərbaycan üçün yeni iqtisadi model yox, yeni siyasi idarəetmə modeli lazımdır.

Azərbaycanda yaxşı iqtisadçıların daha çox, yaxşı siyasətçilərin, peşəkar məmurların və polittexnoloqoların defisiti var.

Artıq xeyli müddətdi müstəqli iqtisadçılar hökumətə təklif edib. Bu modelin adı “tarazlı bölgə” inkişafına, azad sahibkarlığa söykənən modeldi.

Amma “tarazlı bölgə inkişafı” hökumətin təsəvvüründə olan “olimpiya mərkəzləri tik, magistral yollar çək, diaqnostika mərkəzləri qur” tipli tədbirlərlə regional inkişaf təbliğatı qurmaqdan ibarət deyil. Tarazlı bölgə inkişafı rəqabətqabiliyyətli regionların yaradılımasını hədəfləyən inkişafdır. Bir ölkədə ki, milli gəlirin 80, ixracın ən azı 95, büdcənin 96%-i ölkə coğrafiyasının cəmi 5%-ni təşkil edən kiçik bir paytaxt şəhərində yaranırsa, deməli, ölkəni iqtisadi börandan çıxaracaq artım nöqtəsi, yeni iqtisadi model üçün çıxış nöqtəsi artıq bəllidir – sadəcə onu görmək üçün peşəkar idarəetməyə ehtiyac var.

Tarazlı bölgə inkişafı yerlərdə insanlara iqtisadi təşəbbüs, siyasi seçim azadlığının, yerli idarəetmədə fəal iştirakçılıq hüququnun, yerli ehtiyacların icra başçılarının ofislərində deyil, icma debat mərkəzlərində müəyyən edilməsi haqqının verilməsidir.

Bu gün bölgədə yaşayan insanların yerli büdcələr vasitəsilə ölkənin icmal büdcəsinin cəmi 0.02%-nə sərəncam vermək, öz dərdlərinə xərcləmək hüququ var. Hələ bu, 0.02 faiz üzərində olan hüquq özü də formal hüquqdur – icra başçılarının razılığı olmasa, bələdiyyələr nəinki öz kiçik büdcələri üzərində sərəncam vermək, hətta sərbəst hava udmaq haqqına belə malik deyillər.

Azərbaycan hökuməti dünya təcrübəsində sınaqdan çıxmış, uğur qazanmış bir çox modelə baxıb nəticə çıxara bilər. Bunun üçün heç həddən artıq çoxlu sayda peşəkar iqtisadçıya ehtiyac da yoxdu. “Sinqapur iqtisadi möcüzəsi”nin müəllifi Li Kuan xatirələrində yazır ki, iqtisadi islahatları az sayda yüksək savada malik iqtisadçılarla başladım. Amma elə məqam olurdu ki, enerjinin tükəndiyini, hədəfə çatmaq üçün biliklərimizin qıtlığını hiss edirdim. Təyyarəyə əyləşib Harvard Universitetinə uçurdum, bir müddət yüksək səviyyəli tədqiqatçılardan dərs alıb qaldığım yerdən islahatlara davam edirdim.

“Skype” erasında bunun üçün heç min km-lərlə uzağa uçmağa belə ehtiyac yoxdu. Sadəcə Li Kuan kimi istəmək, insanları dinləmək lazımdır, başqalarının uğurlarından və uğursuzluqlarından dərs çıxarmaq lazımdır.

Bizim hökumət gerçəkdə “yeni iqtisadi inkişaf modeli”nin yox, “sehrli çubuq modeli”nin axtarışındadı.

“Sehrli çubuq modeli”nin mahiyyəti budur ki, təklif olunan iqtisadi islahatlar siyasi sistemdə, idarəetmədə hər hansı dəyişikliklərə səbəb olmamalı, oliqarxiyanın iqtisadi imkanlarının məhdudlaşdırılmasına gətirib çıxarmamalı, hökumətin cəmiyyət qarşısında hesabatlığının artırılmasını nəzərdə tutmamalıdır.

Etiraf edim ki, gerçəkdən də Azərbaycanda “sehrli çubuq modeli”ni hazırlayacaq yüksək səviyyəli iqtisadçıların defisit var…

Ana səhifəAnalitikaHökumət ”sehirli çubuq modeli”nin axtarışındadır