İkinci qrup əlilliyi olan Elmir Mirzəyevin banka nə az, nə çox 25 min manat borcu var. O deyir ki, səhhəti ilə bağlı 2014-cü ildə bank “VTB”dən kredit götürüb. Birinci devalvasiyadan sonra ödəniş edə bilməyib.
Elmir Mirzəyev deyir ki, bank onu ikinci devalvasiyadan sonra məhkəməyə verib. Tərtər Rayon Məhkəməsinin qərarına əsasən, o, hər ay borcundan 30 manat ödəməli idi. 2017-ci ilin yanvarından onu da ödəyə bilmir.
Mərkəzi Bankın məlumatına görə, 1 milyard 597 milyon problemli kredit var. İqtisadçı Qubad İbadoğlu deyir ki, ötən illə müqayisədə bu il problemli kreditlərin sayı 17% artıb. O, 300 mindən çox məhkəmə çəkişməsinin olduğunu da deyir. Qubad İbadoğlu bildirir ki, problemin həllinə dövlət əl qoymalıdır.
İqtisadçı hesab edir ki, hadisələrin gedişinə hökumətdən heç bir müdaxilə olmasa, bank sistemi, sahibkarlıq çökə bilər.