”Hökumət büdcəni 2016-cı ilin səviyyəsində saxlamaq istəyir”

Rövşən Ağayev: Belə görünür ki, sosial xərclərdə artım olsa da, cüzi olacaq və inflyasiyanın ailə büdcələrində yaratdığı itkiləri kompensasiya etməyəcək

Source:


Rövşən Ağayev: Belə görünür ki, sosial xərclərdə artım olsa da, cüzi olacaq və inflyasiyanın ailə büdcələrində yaratdığı itkiləri kompensasiya etməyəcək

“Gələn il Azərbaycanın dövlət büdcəsi 18-19 milyard manat olacaq”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

“Sosial xərclərin azaldılması nəzərdə tutulmayıb. İnvestisiya xərclərinin bir qədər azaldılması gözlənilir, çünki azalmış gəlirlərin yerinin doldurulması lazımdır. Neftin büdcə qiyməti hər barel üçün 40 dollar olacaq”, – deyə Z.Səmədzadə qeyd edib.

Z.Səmədzadənin açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, əgər hökumət gələn ilin büdcəsinin 18-19 milyard manat arasında olacağını deyirsə, deməli, büdcəni 2016-cı ilin səviyyəsində saxlamaq istəyir:

“Baxmayaraq ki, son il yarımda əmtəə və xidmətlər səbətinin qiyməti 20 faizdən çox dəyərdən düşüb, yəni inflyasiya nəticəsində insanların xərcləri artıb, hökumət gələn il bu il olduğu kimi büdcədə çalışanların maaşlarını, pensiya alan insanların gəlirlərini qiymət artımına uyğun indeksasiya etmək fikrində deyil. Belə görünür ki, sosial xərclərdə artım olsa da, cüzi olacaq və inflyasiyanın ailə büdcələrində yaratdığı itkiləri kompensasiya etməyəcək.

Faktiki olaraq devalvasiyadan sonra – nə 2015, nə də 2016-cı illərdə büdcədən məvacib alanların maaşlarında, sosial müavinət və pensiyalarda real inflyasiyaya uyğun indeksasiya aparılmadı. 2017-ci ildə isə bu artımın çox cüzi olacağını nəzərə alsaq, büdcənin sosial baxımdan ictimai maraqlara cavab vermədiyini söyləmək olar. Yaxın illərdə də neftin qiymətinin kəskin artımıyla gözləntilər olmadığına görə hökumətin devalvasiya nəticəsində cəmiyyətə dəyən ziyanı nə vaxt kompensasiya edəcəyi də açıq qalır. Hələ ki, 2017-ci il büdcəsindən ilkin görünən qənaət bundan ibarətdir”.

Ana səhifəXəbərlər”Hökumət büdcəni 2016-cı ilin səviyyəsində saxlamaq istəyir”