“Nazirliyin əməkdaşları yanğını əl əməyindən istifadə edərək söndürməyə çalışırlar”
Hirkan Milli Parkında yanğın başlayıb. Məlumatı “Report” yayıb. Bildirilir ki, hadisə parkın Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazidə yerləşən hissəsində olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova faktı təsdiqləyib. Deyib ki, yanğın avqustun 7-də saat 13:00 radələrində Hirkan Milli Parkında başlayıb:
“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Yanğın baş verən yer yüksək dağlıq ərazidə yerləşdiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əl əməyindən istifadə edərək yanğını söndürməyə çalışırlar”.