Mətanət Tağıyeva Bakı Dövlət Universitetinin himnini bəstələyəndə düşünməzdi ki, görmə qabiliyyətini bir neçə il sonra tamamilə itirəcək. O, anadangəlmə gözünün zəif olduğunu deyir. Məktəbdə oxuyanda lövhədə yazılanları görmək üçün hər zaman gəlib onun qarşısında dayanarmış. Bir müddət sonra onu görməyən və zəif görən şagirdlər üçün orta internat məktəbinə göndərirlər. Burada fortopiano dərsləri alır və ilk bəstələrini edir.
Xanım Tağıyeva 1-ci qrup əlildir. Amma bu, onun işlərinə mane olmur. O, hekayələr, nağıllar yazır, bədii tərcümələr edir. 5 dil bildiyini deyən qadın rus dilini orta məktəbdən, alman dilini universitetdən, ingilis dilini BBC kanalının köməyi ilə öyrənib, fars dilini İran radiosundan mənimsəyib, italyan dilinə isə son zamanlar maraq göstərir. Mətanət xanım anası ilə birlikdə İtalyan-Azərbaycan lüğətini işləyir.
Mətanət xanım, ölkədə əlillər arasında ilk elmlər namizədi olduğunu iddia edir. O, 2005-ci ildə dissertasiyasını müdafiə edib.
Onun işlərinə ən böyük köməyi Brayl Displeyi edir. Bu display gözdən əngəlli insanlar üçündür. Mətanət xanım deyir ki, Facebookda bir dostu 3000 manat ödəyərək bu display-i Rusiyadan ona hədiyyə göndərib. Qadın “bu olmasaydı mənim üçün səsli proqramla işləmək çətin olardı” – deyir
.
Xanım Tağıyeva gözdən əngəlli olmaqla yanaşı, həm də eşitmə qabiliyyətini get-gedə itirir. O, görmək və normal eşitmək istəyir. Deyir ki, gözlərim açılsa və yenə normal eşitsəm, əlilləri cəmiyyətə inteqrasiya edəcəm.
Mətanət Tağıyeva Facebook sosial şəbəkəsində fəaldır. Deyir ki, ona yazışmaq daha rahatdır, nəinki canlı ünsiyyət saxlamaq. Bunu sağlamlığı ilə bağlayır. Onun Facebookda iki səhifəsi var. Bir səhifəsində onun kimliyini hamı bilir. Digərində isə o, adını dəyişib və daha şən, dərdsiz görünür. Dediyinə görə, bu, ona psixoloji cəhətdən çox kömək edir.