O, oktyabrın 24-də övladının toyunda iştirak edəcək
Oktyabrın 22-də Milli Məclisdə İşçi Qrupunun ilk iclası keçirilib. İclasda qəbul edilən qərara əsasən, “Tolışi sədo” qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədova qızının toyunda iştirak etməyə icazə veriləcək. Artıq oktyabrın 23-də H.Məmmədov üç günlük azadlığa buraxılıb və ayın 24-də övladının toyunda iştirak edəcək.
Məlumatı musavat.com-a İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı verib. O, bu qərarı qrupun fəaliyyətinin ilk qaranquşu hesab edir.
“Prezidentin, Prezident Administrasiyasının, Ədliyyə Nazirliyinin səyləri nəticəsində Hilal Məmmədovun övladının toyuna buraxılması baş verdi. İndi evinə gedəcək və övladının xeyir işində iştirak edəcək. Biz bunu müsbət hal kimi qiymətləndiririk. Hesab edirik ki, qarşımıza qoyduğumuz işin ilk qaranquşudur və gələcəkdə də siyasi məhbusların problemləri ilə bağlı müsbət nəticələr əldə olunacağına ümid edirik”,- deyə Qocamanlı bildirib.
Hilal Məmmədov 2012-ci ilin iyun ayında tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib. O, Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.