Hikmət Hacızadə: Ola bilər ki, Ermənistanın indiki rəhbərliyi heç kimi dinləmək istəmir

İlham İsmayıl: “Azərbaycan əsir götürülmüş adama oxşayır”

Source: XİN mətbuat xidməti

İlham İsmayıl: ''Azərbaycan əsir götürülmüş adama oxşayır''

Azərbaycanın xarici işlər naziri

Elmar Məmmədyarov

martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə Bakıda görüşündə, ondan Ermənistan rəsmilərindən tərəflərin xalqları sülhə və ya hansı varianta hazırlamalı olduqlarını soruşmağı xahiş edib.

Görüşdən sonra keçirilən mətbuat konfransında E.Məmmədyarov deyib ki, gələn həftə M.Layçak Yerevana səfər edəcək və bu sualı orada Ermənistan rəsmilərinə verə biləcək.

E.Məmmədyarovun sualı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın işğal olunmuş Dağlıq Qarabağa səfəri zamanı Araz çayının sahili boyu ərazilərin məskunlaşdırılması ilə bağlı bəyanatından sonra verib.

Ermənistan mətbuatının məlumatına görə,

A.Vanesyan

bildirib ki, bu ərazilərin məskunlaşdırılması təhlükəsizlik zəmanətlərindən biridir. Onun sözlərinə görə, burada Araksavan adlı yaşayış məntəqəsinin tikintisi planlaşdırılır.

17068191.jpg
Artur Vanesyan

“Ayrı-ayrı şəxslərin Ermənistanın yeni rəhbərliyinin torpaqları təslim edəcəyi ilə bağlı bəyanatları bizim bu proqram vasitəsilə təkzib edilir. Biz erməni xalqına siqnal veririk ki, bir qarış da olsa torpaq verilməyəcək”, A.Vanesyan deyib.

E.Məmmədyarov bununla bağlı ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popovla da telefon vasitəsilə müzakirə apardığını bildirib.

“Ermənistan rəhbərliyinin son bəyanatları sülhə yönəlməyib”, E.Məmmədyarov deyib.

Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə bu barədə Meydan TV-ə danışarkən bildirib ki, nazir Məmmədyarov Ermənistan sülh istəməsə, müharibə variantına əl atacaqlar, demək istəyib.

Hikmət Hacızadə bildirib ki, indiki vəziyyətdə iki ehtimal ola bilər:

150961CA-4F21-4AC3-A020-911EBA319245_w1023_r1_s.jpg
Hikmət Hacızadə

“Birinci ehtimal odur ki, Ermənistan ictimaiyyəti və siyasi elitası elə bir vəziyyətə çatıb ki, heç kimi hətta Moskvanı da dinləmir. Paşinyan hökuməti də mövcud ictimai rəyi görüb sülh məsələsində geri çəkilir. İkinci ehtimal odur ki, Azərbaycan və Ermənistan Rusiyanın sülh variantına razı deyil. Konkret olaraq, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsini istəmirlər. Nəticədə Moskva İrəvana təzyiq etmədiyindən indiki mənzərə yaranıb”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, indiki vəziyyətdə Azərbaycan tərəfi heç nə deyə bilmir və ya demir.

O xatırladıb ki, ötən həftə Baş nazir Paşinyan, parlamentin sədri Mirzoyan Rusiya Dövlət Dumasındakı çıxışında, müdafiə naziri Tonoyan erməni jurnalistlərinə bildiriblər ki, onlar heç bir güzəştə gedib əraziləri qaytarmayacaqlar və nə üçün qaytarmalıdırlar da, Araz çayı sahilində şəhər salacaqlar. Təəssüf ki, Ermənistanın dörd rəsmisinin məlum bəyanatlarına Azərbaycandan eyni ranqlı rəsmilərin heç biri reaksiya vermədi:

“Təsəvvür edin ki, sözlə də cavab verə bilmirik, nəinki əməllə. Əslində, hərbi baxımdan Tonoyanın cavabı tamam başqa cür olmalıydı. Ən azı nazir Zakir Həsənov əməllə də cavab verə bilərdi. Yaxud Ermənistan milli təhlükəsizlik xidmətinin rəhbəri Vanesyana bizim təhlükəsizlik xidmətinin rəhbəri cavab verməliydi. Hətta Azərbaycanın hədə tonu daha çox olmalıdır, nəinki Ermənistanın”.

İlham İsmayıl
İlham İsmayıl

İ.İsmayılın sözlərinə görə, onlar yeni rəhbərlik olduqlarından yerlərini möhkəmlətmək üçün güman ki, belə bəyanatlar verirlər.

“Amma bu bəyanatları sadəcə populiscəsinə vermirlər, nəyəsə əsaslanırlar. Bunlardan biri Azərbaycanın hərəkətsizliyidir. Rəsmi Bakı hərəkətli olsaydı, qarşı tərəf çəkinərdi. Mən Azərbaycanı təxribata çəkdiklərini demirəm, heç olmasa sözlə cavab verilsin. Çünki sözlə cavab vermək Azərbaycan vətəndaşını ruhlandırmaq deməkdir. Susmaq isə Azərbaycan əsgərini ruhdan salmaqdır. Problem ondadır ki, Azərbaycan rəhbərliyi bu məsələdə heç nəyə qadir deyil. Günahı özümüzdə axtarmalıyıq”.

Onun fikrincə, indiki vəziyyətdə Azərbaycan əsir götürülmüş adama oxşayır.

“Elmar Məmmədyarova elə gələ bilər ki, diplomatik çıxış edir, amma diplomatiyanın bir tərəfi də kəskin ifadələrdir. Əgər nə qədər yumşaq davranacaqsansa, üstünə bir qədər gələcəklər. Hələ indiyə qədər Məmmədyarovdan Qarabağla bağlı normal təklif, yaxud çıxış görməmişik”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəXəbərlərHikmət Hacızadə: Ola bilər ki, Ermənistanın indiki rəhbərliyi heç kimi dinləmək istəmir