Hikmət Hacıyev: Paşinyan danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil

“O, bu açıqlaması ilə etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın ərazilərini işğal altında saxlamaqdır”

Foto: Azertac


"O, bu açıqlaması ilə etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın ərazilərini işğal altında saxlamaqdır"

"Ermənistan Baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir"

Bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır. Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur", – Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir: "Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır".

"Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir", – Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, Prezident İlham Əliyev tərəfindən beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan edib: "Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir".

"Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir", – o bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolunun olmadığını deyib.

O, hazırda Dağlıq Qarabağ probleminin diplomatik həll yolunun olmadığını bəyan edib və xalqı ələ silah götürməyə səsləyib.

Bunun üçün o, dövlət və yerli özünüidarə orqanlarının rəhbərlərinə könüllü hərbi birliklər yaratmaq barədə göstəriş verib.

Məlumatı 21 oktyabr tarixində "Sputnik Armeniya" yayıb.

"Erməni xalqının haqqı üçün ilk növbədə ələ silah götürmək lazımdır, – Paşinyan "Facebook"dakı canlı çıxışı zamanı deyib: Bizim öhdəliyimiz hamılıqla xalqımızın haqqı üçün sonacan mübarizə aparmaqdır", – Paşinyan bildirib.

Ana səhifəXəbərlərHikmət Hacıyev: Paşinyan danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil